“Zəngəzurdan Dünyaya: Tramp Yolu Sazişinin Strateji Əhəmiyyəti”

Siyasət

Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan dövlət başçılarını Ağ Evdə qəbul etməsi Cənubi Qafqaz üçün mühüm tarixi mərhələ kimi dəyərləndirilir. Bu görüş, İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqların beynəlxalq miqyasda təsdiqi və sülh təşəbbüslərinə ən yüksək səviyyədə dəstək baxımından xüsusi əhəmiyyət kəsb edir. Xüsusən də, tədbir çərçivəsində imzalanan və ictimaiyyət arasında “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” və ya sadəcə “Tramp yolu” kimi tanınan sənəd, regionun gələcək inkişafına yönəlmiş yeni bir mərhələnin başlanğıcı sayılır.
“Tramp yolu” əslində Zəngəzur dəhlizinin diplomatik adıdır. Sənədin bu adla tanınması simvolik xarakter daşısa da, mahiyyət etibarilə dəhlizin beynəlxalq səviyyədə tanınması və hüquqi təsdiqi deməkdir. Sözügedən dəhliz Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirərək maneəsiz keçid prinsipini hüquqi müstəviyə gətirir. Açıq kommunikasiya xətləri isə region dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə zəmin yaradır. Bu layihə təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də Rusiya, Türkiyə, İran və Gürcüstan kimi qonşu ölkələr üçün əlavə əməkdaşlıq imkanları formalaşdıraraq Cənubi Qafqazı Avrasiya nəqliyyat sisteminin mühüm hissəsinə çevirir.
Bu saziş nəticəsində Azərbaycan həm iqtisadi, həm də logistik üstünlüklər əldə edir, eyni zamanda Bakının siyasi çəkisi möhkəmlənir. Bu, Azərbaycanın regional lider mövqeyini beynəlxalq səviyyədə təsdiqləyən mühüm addımdır. “Tramp yolu” enerji sahəsində də ölkəmizin strateji əhəmiyyətini artırır, Avropanın enerji təhlükəsizliyinə əlavə töhfə verir və regional enerji layihələrinin inkişafına yeni dinamika gətirir. Layihə yalnız nəqliyyat deyil, həm də enerji diplomatiyasının yeni səhifəsini açır.
Dəhliz Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birbaşa birləşdirməklə yanaşı, Türkiyə və Yaxın Şərq istiqamətində enerji daşımaları üçün də yeni marşrut yaradır. Artıq SOCAR-ın Suriyanın enerji infrastrukturunun bərpasında iştirak etməsi, gələcəkdə isə marşrutun Misirə qədər uzana biləcəyi ehtimalları gündəmdədir.
Vaşinqton sazişi Ermənistan üçün də həm çağırış, həm də fürsət yaradır. Çünki sənəd İrəvana regional iqtisadi inteqrasiya imkanları təqdim edir və daxili siyasi həmrəyliyə dəstək verir. Bu proses sayəsində Ermənistan real sülh addımları ataraq uzunmüddətli blokadadan çıxış və iqtisadi inkişaf yoluna qədəm qoya bilər. Zəngəzur dəhlizi Ermənistanın regional ticarət şəbəkəsinə qoşulmasına şərait yaradacaq.
Beynəlxalq hüquq baxımından “Tramp yolu” bir neçə vacib elementi özündə birləşdirir. Əvvəla, dəhliz boyunca maneəsiz keçid hüququ təsdiqlənir ki, bu da Azərbaycanın illərdir tələb etdiyi prinsipin hüquqi çərçivəyə salınması deməkdir. Bundan əlavə, Ermənistan və Azərbaycan arasında tranzit və təhlükəsizlik sahəsində konkret öhdəliklər müəyyən olunur. Əgər bu öhdəliklər pozularsa, beynəlxalq arbitraj mexanizmləri işə düşə bilər. Ən diqqətçəkən məqamlardan biri isə ABŞ-ın rəsmi zəmanət verməsidir. Vaşinqtonun imzası layihənin yalnız regional deyil, qlobal hüquqi müstəvidə tanınmasına imkan yaradır və icrasına beynəlxalq təminat verir. Bu baxımdan “Tramp yolu” sadəcə nəqliyyat infrastrukturu deyil – həm hüquqi legitimlik, həm iqtisadi dəyişiklik, həm də geosiyasi sabitlik gətirən strateji sənəddir. Azərbaycan üçün bu, uzunmüddətli strateji vizionun reallaşması, Ermənistan üçün isə tarixi seçim məqamıdır.
Beləliklə, Zəngəzur dəhlizi artıq sadəcə regional kommunikasiya xətləri layihəsi deyil, beynəlxalq iqtisadi və siyasi təşəbbüs statusu qazanmışdır. ABŞ zəmanəti onun davamlı fəaliyyətini təmin etməklə yanaşı, Cənubi Qafqazı dünya ticarət xəritəsində daha önəmli mövqeyə çıxarır. Azərbaycanın isə bu prosesin mərkəzində dayanaraq həm iqtisadi dividendlər, həm də geosiyasi nüfuz baxımından ciddi qazanc əldə edəcəyi birmənalıdır.

Könül Qəfərova,
Salyan Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir