Laçın rayonu işğaldan azad olunmasından sonra Azərbaycanın sürətli bərpa və quruculuq strategiyasının nümunəsi kimi diqqət mərkəzindədir. Rayonun azad olunması ilə birlikdə burada genişmiqyaslı infrastruktur layihələrinə başlanılıb, yollar, enerji xətləri və sosial obyektlər yenidən qurulub. Bu gün Laçınımız əsl laçın çağlarını yaşayır. Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. Prezident İlham Əliyevin Laçına səfərləri bu prosesin nə qədər strateji əhəmiyyət kəsb etdiyini bir daha göstərib. Səfərləri zamanı Prezident bir sıra mühüm layihələrin açılışında iştirak edib, həmçinin regionun enerji və su təminatı sistemlərinin, sənaye və kənd təsərrüfatı obyektlərinin işgüzar vəziyyəti ilə tanış olub. Prezident İlham Əliyevin son beş ildə Laçına çoxsaylı səfərləri, sakinlərlə görüşləri, Laçın Şəhəri Günü ilə bağlı keçirilən tədbirdə çıxışı, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirakı az bir müddətində görülmüş möcüzəvi işləri nəinki Laçınlıların, eyni zamanda, bütün dünyanın diqqətinə təqdim etdi, Azərbaycan xalqının əzmini nümayiş etdirdi. Dövlət başçısının qeyd etdiyi kimi, “Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik”. Çıxışı zamanı Prezident İlham Əliyev bir daha Azərbaycan xalqına, eləcə də bütün dünyaya səslənərək bildirdi ki, xalqımız artıq bu əraziləri bütün mənfur qüvvələrdən təmizləyib və bu torpaqlarda əbədi olaraq yaşayacaqdır”. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi də təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Bu il 28 May – Müstəqillik günündə işğaldan azad edilmiş ərazilərdə inşa olunan üçüncü beynəlxalq hava limanı olan Laçın Beynəlxalq Hava Limanının açılışı böyük siyasi, iqtisadi və strateji əhəmiyyət kəsb etdi.Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır. Laçın rayon 2 nömrəli tam orta məktəbinin 510 şagird yeri var, məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. 2023-cü ildə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb.2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr döğma yurdlarına qayıdıblar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib. Bu gün Laçında görülən işlər heyrətamizdir. Laçın çox yaxın gələcəkdə təkcə Azərbaycanın deyil, bölgəmizin ən füsunkar, ən gözəl məkanlarından birincisi olacaq.Bəli, bu gün Laçınımız abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli sakinlərin bu torpaqda rahat, firavan yaşamasına istiqamətlənib.
Ramil Hüseynov,YAP Salyan rayon təşkilatının ƏPT sədri, YAP fəalı
