Azərbaycanın hər bir bölgəsi ölkəmizin tarixində, mədəniyyətində və inkişaf yolunda özünəməxsus yer tutur. Lakin Kəlbəcərin adı çəkiləndə həm strateji mövqeyi, həm də təbii sərvətləri, zəngin turizm potensialı və əsrarəngiz təbiəti ilə xüsusi vurğulanır. Təəssüf ki, bu qədim yurd uzun illər işğal altında qaldı, kəndləri dağıdıldı, şəhəri viran edildi. Xalqımız doğma torpaqlarından didərgin düşdü. Lakin 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər nəticəsində Kəlbəcər rayonu işğaldan azad edildi. Noyabrın 25-də Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması ilə tarixi ədalət bərpa olundu, xalqımız doğma diyarına qayıtmaq üçün ümid və inam qazandı.Kəlbəcərin azad edilməsindən sonra burada genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Çətin relyef, sərt iqlim və mürəkkəb coğrafi şəraitə baxmayaraq, dövlətimizin iradəsi və gücü sayəsində qısa müddətdə yollar salındı, elektrik və rabitə xətləri çəkildi, sosial infrastruktur layihələri reallaşdırıldı. Bu işlər yalnız Kəlbəcərin dirçəldilməsi deyil, həm də bütün dünyaya Azərbaycanın azad edilmiş torpaqlarını necə sürətlə bərpa etdiyini göstərdi.Prezident İlham Əliyevin Kəlbəcərə mütəmadi səfərləri bu prosesin əsas istiqamətlərini müəyyənləşdirir. Hər bir səfər həm simvolik, həm də praktiki məna daşıyır – dövlət başçısı şəxsən bölgəyə gələrək həm görülən işlərə nəzarət edir, həm də xalqımıza mesaj verir ki, Kəlbəcər qısa zamanda əvvəlkindən də abad olacaq.2023-cü il avqustun 25-də Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfəri bu baxımdan xüsusilə yadda qaldı. Həmin gün dövlət başçısı bir sıra mühüm layihələrin açılışında və təməlqoyma mərasimlərində iştirak etdi. İlk olaraq “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı oldu. Bu stansiya həm ekoloji baxımdan təmiz enerji istehsalı, həm də Kəlbəcərin enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Regionun zəngin su ehtiyatları alternativ enerji mənbələrinin inkişafı üçün geniş imkanlar açır və bu layihələr Azərbaycanın “yaşıl enerji” siyasətinə uyğun olaraq həyata keçirilir.Prezidentin səfəri çərçivəsində Kəlbəcərin tarixi brendi olan “İstisu”nun bərpası ilə bağlı mühüm işlər də diqqət mərkəzində oldu. Dövlət başçısı “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldu. Bu layihələr yalnız iqtisadi deyil, həm də sosial-mədəni əhəmiyyət daşıyır. Çünki “İstisu” brendi Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur və onun bərpası həm regiona turizm axınının artmasına, həm də yerli əhalinin məşğulluq imkanlarının genişlənməsinə xidmət edir.Həmin gün həmçinin “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik Stansiyalarının açılışı həyata keçirildi. Bu stansiyalar da Azərbaycanın enerji sektorunun dayanıqlı inkişafına, regionun enerji təminatının gücləndirilməsinə xidmət edən strateji layihələrdir. Prezidentin səfəri çərçivəsində Kəlbəcərin Zar kəndinin təməlqoyma mərasimi də oldu. Bu hadisə sakinlərin qayıdışını təmin edəcək mühüm addımlardan biri kimi böyük rəmzi məna daşıyır. Zar kəndinin yenidən salınması Kəlbəcərin bərpası prosesində dönüş nöqtələrindən biri oldu.2023-cü il noyabrın 7-də Prezident İlham Əliyev yenidən Kəlbəcərə səfər etdi və bu dəfə rayonun Vəngli kəndinə baxış keçirdi. Dövlət başçısının bu səfəri bir daha göstərdi ki, Kəlbəcərin hər guşəsi diqqət mərkəzindədir, hər bir kəndin dirçəldilməsi planlı şəkildə həyata keçirilir.Bir sözlə, Prezident İlham Əliyevin Kəlbəcərə səfərləri, burada həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycanın azad edilmiş torpaqlara olan münasibətinin bariz göstəricisidir. Burada sadəcə evlər, yollar, stansiyalar tikilmir – burada yeni həyat, yeni ümidlər, gələcək nəsillər üçün güclü təməl qurulur. Kəlbəcərin dirçəlişi Azərbaycanın qüdrətinin, dövlət-xalq birliyinin və Prezidentin uzaqgörən siyasətinin canlı təzahürüdür.
Validə Həsənova,YAP Salyan rayon təşkilatının GEM ərazi partiya təşkilatının sədri
