Azərbaycan tarixində 27 Sentyabr xüsusi rəmzə çevrilmiş gündür. Bu gün biz təkcə itkilərimizi yad etmirik, həm də bir millət olaraq göstərdiyimiz qəhrəmanlıq, həmrəylik və mübarizənin böyüklüyünü dərk edirik.2020-ci ildə başlanan Vətən müharibəsi xalqımızın gücünü, iradəsini və birliyini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu uzun illər boyu işğal altında qalmış torpaqlarımızı azad etdi. Bu tarixi zəfər təkcə hərbi qələbə deyildi – o, həm də milli qürurumuzun, dövlətimizin qüdrətinin və xalqımızın yenilməzliyinin təntənəsi idi.44 günün hər anı xalqımızın yaddaşında əbədi qaldı. Cəbhədən gələn hər qələbə xəbəri hər bir azərbaycanlının qəlbində ümid çırağını yandırdı, vətənpərvərlik ruhunu daha da alovlandırdı. Şuşaya sancılan üçrəngli bayraq isə həm tarixi ədalətin bərpası, həm də əcdadlarımızın ruhuna ehtiram idi. Bu gün həmin bayraq Xankəndidə, Xocalıda, Ağdərədə, Laçında dalğalanaraq xalqımızın qüdrətini bütün dünyaya göstərir.Lakin bu möhtəşəm Qələbənin arxasında böyük bir fədakarlıq dayanır. Minlərlə qəhrəman övladımız canını Vətən uğrunda fəda edərək şəhidlik zirvəsinə ucaldı. Onların hər biri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda əbədi qəhrəmanlıq dastanının parlaq səhifələrini yazdı. Qazilərimiz isə göstərdikləri şücaət və igidliklə xalqımızın fəxarət mənbəyinə çevrildilər.Tarixi Zəfərimizdən bəhs edərkən Qələbənin əsas qəhrəmanının Azərbaycan əsgəri, Azərbaycan zabiti olduğunu dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə xüsusi qeyd edir. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid oldu, mindən çox əsgər yaralandı, 6 nəfər itkin düşdü. Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında daim bu çağırışı edir ki, biz şəhidlərin qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. Şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən daim yüksək qiymətləndirilir. Şəhid ailələri və qazilərimiz dövlətin diqqətindədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunub. Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması da bu diqqətin tərkib hissəsidir. Qələbənin əbədiləşdirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində sağlamlığını itirmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması məqsədilə yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 18 mindən yuxarı hərbçi himayəyə götürülmüşdür, 93 milyona yaxın vəsait müvafiq istiqamətlər üzrə xərclənmişdir. Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Zəfər parkı yaradılmışdır.Bu gün Azərbaycan yeni bir dövr yaşayır – azad edilmiş torpaqlarda quruculuq və bərpa işləri sürətlə gedir. Hər tikilən ev, məktəb, hər açılan yol şəhidlərimizin ruhuna ehtiramın ən gözəl təcəssümüdür. Onların qanı ilə alınan Qələbə bu torpaqlarda gələcək nəsillərə firavan həyat bəxş edir.Bir sözlə, 27 Sentyabr – Anım Günü yalnız matəm və hüzn günü deyil. Bu gün Azərbaycan xalqının birliyini, qəhrəmanlığını, ədalət uğrunda mübarizəsini və tarixi zəfərini simvolizə edən gündür. Bu gün, şəhidlərimizin ruhuna dua etməklə yanaşı, biz bir daha öz milli kimliyimizi, torpağa, dövlətə və ədalətə olan bağlılığımızı təzələyirik. Onların müqəddəs qanı ilə azad edilən torpaqlarımızda yenidən həyat, ədalət və sülh bərqərar olur.
Cavid Ağayev, Salyan rayon Peyk kənd tam orta məktəbin direktor müavini, YAP fəalı
