Füzuli adı bu gün təkcə bir rayonun, bir şəhərin adı deyil, eyni zamanda qəhrəmanlıq, rəşadət və vətən sevgisinin rəmzidir. Vətən müharibəsinin ən gərgin və həlledici döyüşlərinin cərəyan etdiyi bu torpaq, Azərbaycan əsgərinin şücaəti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə tarixə qızıl hərflərlə yazıldı. Uzun illər işğal altında qalan, viran edilmiş Füzuli şəhəri 2020-ci ilin oktyabrında qəhrəman ordumuzun döyüş meydanındakı qətiyyəti və iradəsi nəticəsində azad olundu. Bu tarixi hadisə Azərbaycan xalqının milli qürurunun, dövlətimizin gücünün və ədalətin bərpasının simvoluna çevrildi.
İşğal dövründə Füzuli rayonu demək olar ki, yerlə-yeksan edilmişdi. Düşmən təkcə evləri, məktəbləri, yolları deyil, həm də insanların ruhunu, tarixini daşıyan abidələri, məscidləri, qəbiristanlıqları məhv etmişdi. Lakin Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində azad olunmuş Füzuli bu gün tamamilə yeni həyat qazanır.
Füzuli uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır, eyni zamanda ən strateji mərhələlərindən biri idi. Şəhərin azad olunması ordumuza Cəbrayıl, Zəngilan və Qubadlının istiqamətində irəliləmək, Şuşaya doğru yol açmaq imkanı verdi. Məhz bu səbəbdən Füzulinin azad edilməsi əməliyyatın gedişatında mühüm döyüş nöqtəsi kimi tarixə düşdü. Prezident İlham Əliyev bu barədə çıxışlarında dəfələrlə vurğulamışdır ki, “Füzulinin azad olunması düşmənin müdafiə xəttinin yarılması demək idi. O xətt yarıldı və zəfər yürüşümüz başladı.”
Füzuli döyüşlərində Azərbaycan əsgəri hər qarış torpaq uğrunda döyüşdü, canından keçdi, şəhid oldu, lakin geri çəkilmədi. Bu mərdlik, bu iradə xalqın yaddaşında əbədi yaşayacaq. Ordumuzun igidləri Füzulinin azadlığı uğrunda göstərdikləri qəhrəmanlıqları ilə Azərbaycan hərb tarixinin yeni səhifəsini yazdılar.
Füzulinin azad olunması uğrunda aparılan döyüşlərdə Azərbaycan Ordusunun igidləri misilsiz qəhrəmanlıq göstərdilər. Hər biri Vətən sevgisini döyüş meydanında əməli ilə sübut etdi. Füzuli uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, onların göstərdikləri rəşadət gənc nəsillər üçün vətənpərvərlik məktəbi olacaq.
Bu qəhrəmanlıq salnaməsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 26 dekabr tarixli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı təsis edilmişdir. Bu medal Vətən müharibəsində Füzuli şəhəri və rayonunun azad olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, yüksək peşəkarlıq və igidlik nümayiş etdirmiş hərbi qulluqçulara təqdim olunur.
Minlərlə Azərbaycan əsgəri və zabiti bu medalla təltif edilmişdir. Onların sırasında döyüş meydanında canından keçmiş şəhidlərimiz, qəhrəman qazilərimiz və Füzuli uğrunda misilsiz rəşadət göstərmiş igid döyüşçülər yer alır. Bu təltif həm onların şəxsi şücaətinə verilən qiymətdir, həm də Füzuli uğrunda savaşan hər bir Azərbaycan oğlunun fədakarlığının dövlət səviyyəsində tanınmasıdır.
Bu medal təkcə bir orden və ya mükafat deyil, həm də Vətən müharibəsində qazanılmış Zəfərin rəmzi, Azərbaycan əsgərinin igidliyinin nişanəsidir. Füzuli uğrunda döyüşlərdə qazanılan bu şanlı zəfər Azərbaycan Ordusunun yenilməzliyini, xalqın birliyini və Ali Baş Komandanın qətiyyətli iradəsini bir daha nümayiş etdirdi.
Bu gün azad edilmiş Füzuli torpaqları dirçəlir, həyat qayıdır, insanlar doğma yurdlarına dönür. Lakin bu torpağın hər qarışı şəhid qanı ilə yoğrulmuş, qəhrəmanlıq dastanı ilə bəzənmiş müqəddəs məkan olaraq xalqımızın yaddaşında əbədi yaşayacaq.
Füzuli adı bu gün zəfərin, qürurun və milli birliyin simvolu kimi Azərbaycan tarixində öz əbədi yerini tutmuşdur. 17 oktyabr – Füzuli şəhəri günü isə bu qəhrəmanlığın, bu rəşadətin və bu qürurun təntənəsi kimi qeyd olunur.
Türkan Həsənova,
Salyan Rayon Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı
