20 oktyabr Azərbaycan tarixində qürur və zəfər səhifəsi kimi qeyd olunur. Bu gün Zəngilan şəhərinin işğaldan azad edildiyi, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlıq göstərdiyi gündür. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində qazanılan bu böyük qələbə xalqımızın birliyini, ordumuzun gücünü və dövlətimizin əzmini bütün dünyaya nümayiş etdirdi.
Zəngilanın azad olunması Vətən müharibəsinin gedişində mühüm mərhələ oldu. 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusu strateji əhəmiyyətə malik olan Zəngilan şəhərini və ətraf kəndləri işğaldan azad etdi. Bu hadisə həm coğrafi, həm də hərbi baxımdan böyük əhəmiyyət daşıyırdı, çünki Zəngilanın azadlığı ilə Azərbaycan Ermənistanla sərhədin mühüm hissəsinə tam nəzarəti bərpa etdi və bununla da Zəngəzur dəhlizi istiqamətində strateji üstünlük qazandı. Bu döyüşlərdə Azərbaycan əsgəri yüksək vətənpərvərlik, fədakarlıq və rəşadət nümayiş etdirdi, şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi olaraq qaldı.
Bu tarixi hadisənin əsas səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, ordunun gücləndirilməsi, xalqla ordu arasında yaranan sarsılmaz birliyin nəticəsi idi. Dövlət başçısının rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar və diplomatik fəaliyyətlər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etdi və ölkəmizi regionun aparıcı gücünə çevirdi. Məhz bu qətiyyətli siyasətin nəticəsidir ki, işğaldan azad olunan Zəngilan bu gün yeni həyatını yaşayır.
Zəngilanın azad olunmasından sonra Prezident İlham Əliyevin göstərişi ilə Böyük Qayıdış proqramı çərçivəsində geniş bərpa və quruculuq işlərinə start verildi. Qısa zamanda Zəngilan müasir, ekoloji baxımdan təmiz və ağıllı şəhər konsepsiyasına uyğun şəkildə yenidən qurulmağa başladı. Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə fəaliyyəti nəticəsində bölgə bu gün sürətlə dirçəlir.
Zəngilanın azad olunmasının əhəmiyyətini əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyev tərəfindən 20 oktyabrın Zəngilan şəhəri günü kimi təsis edilməsi xüsusi rəmzi məna daşıyır. Bu qərar həm qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılması, həm də dövlətin azad olunmuş torpaqlara verdiyi önəmin ifadəsidir. Hər il bu tarixdə ölkə üzrə müxtəlif tədbirlər, yürüşlər, anım mərasimləri keçirilir və xalqımız qələbə ruhunu bir daha yaşadır.
Azərbaycan Ordusunun igidliyinin dövlət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisi kimi Zəngilanın azad olunmasına görə medalı təsis edilib və bu medalla döyüşlərdə fərqlənmiş hərbçilər təltif olunublar. Bu medal Vətən uğrunda can qoyan igidlərimizə minnətdarlığın, dövlət və xalq sevgisinin təzahürüdür və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsidir.
Zəngilanın azad olunması Azərbaycanın strateji, iqtisadi və siyasi baxımdan bir sıra üstünlüklər qazanmasına səbəb olub. Ermənistanla sərhədin nəzarətə götürülməsi, Zəngəzur dəhlizi layihəsinin reallaşması, bölgənin təbii sərvətlərinin və iqtisadi potensialının bərpası ölkəmizin gücünü daha da artırıb. Bununla yanaşı, Zəngilan regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır.
Bu gün Zəngilan yenidən doğulur. Ağıllı kənd layihəsi Ağalı artıq reallığa çevrilib və ilk köçkünlər doğma torpaqlarına qayıdıblar. Bu, postmünaqişə dövründə dünyada ilk belə layihə kimi nümunə göstərilir. Rayon ərazisində yeni məktəblər, xəstəxanalar, yollar, körpülər, sosial obyektlər tikilir. Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib, alternativ enerji mənbələri tətbiq olunur, yaşıl enerji zonası formalaşdırılır və bu bölgə yaxın gələcəkdə Azərbaycanın ən müasir iqtisadi mərkəzlərindən birinə çevriləcək.
20 oktyabr Zəngilan şəhəri günü təkcə bir rayonun azad edilməsi deyil, həm də Azərbaycanın dövlətçiliyinin, milli iradəsinin, xalq və ordu birliyinin təntənəsidir. Zəngilanın bərpası və inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramının uğurla davam etdiyini göstərir. Bu gün Zəngilan həm qələbəmizin, həm də yenidən dirçəlişimizin rəmzidir. Xalqımız bu torpaqlarda tarixini, həyatını və gələcəyini yenidən qurur.
Rəfiqə Ağabəyova,
Salyan Tarix Diyarşünaslıq Muzeyinin direktoru, YAP fəalı
