8 Noyabr Azərbaycan xalqının tarixində qürur və zəfər günü kimi əbədi yer alıb. Bu gün – Zəfər Günü – millətimizin azadlıq, ədalət və milli birliyinin təntənəsidir. 30 ilə yaxın davam edən həsrətə son qoyulan bu tarix xalqımızın iradəsini, dövlətimizin gücünü və ordumuzun qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı. Azərbaycan Ordusu işğal altındakı torpaqları azad etdi, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərqərar etdi. Bu Qələbə təsadüfi deyildi – o, illərin zəhmətinin, məqsədyönlü siyasətin və xalqın birliyinin bəhrəsi idi. Prezident İlham Əliyevin sözləri ilə desək: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.” Bu sözlərdə illərlə düşünülmüş bir strateji yol xəritəsi öz əksini tapır. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və hərbi islahatlar, ordu quruculuğu, beynəlxalq siyasətdə tutulan qəti və prinsipial mövqe Azərbaycanın müstəqil, qüdrətli dövlətə çevrilməsini təmin etdi. Bütün bu addımların məntiqi nəticəsi isə Vətən müharibəsində qazanılan tarixi Qələbə oldu.
Azərbaycan xalqı bu illər ərzində torpaqlarının azad olunacağı günə inanır, səbrlə, inamla çalışırdı. Prezident İlham Əliyevin illər öncə səsləndirdiyi bu fikirlər xalqın ruhunu ifadə edirdi: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.” Bu çağırış hər bir vətəndaşın həyat devizinə çevrildi. Kimsə elmi ilə, kimsə əməyilə, kimsə səngərdəki əsgərinə duaları ilə bu müqəddəs günün yaxınlaşmasına töhfə verdi. Beləcə, bir xalq, bir dövlət, bir məqsəd ətrafında birləşərək qələbəyə doğru irəlilədi.
2020-ci ilin payızında bu birliyin və inamın nəticəsi olaraq Azərbaycan öz haqq savaşına qalxdı. 44 gün davam edən Vətən müharibəsi ərzində Azərbaycan Ordusu hər gün irəliləyirdi, hər gün yeni bir kəndi, yeni bir şəhəri düşməndən azad edirdi. Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi.” Bu irəliləyiş təkcə cəbhədə deyil, həm də xalqın ruhunda, inamında baş verirdi. Hər qələbə xəbəri milyonlarla azərbaycanlının qəlbində qürur doğurur, şəhidlərin xatirəsi qarşısında minnətdarlıq hissini daha da gücləndirirdi. Azərbaycan əsgəri bu savaşda yalnız torpağı deyil, həm də millətin ləyaqətini, ədalətini və mənəvi qürurunu azad etdi.
Zəfərin zirvəsi isə 8 Noyabr – Şuşanın azad olunduğu gün oldu. Həmin gün Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı olan Şuşada dalğalanan üçrəngli bayraq xalqımızın illərlə çəkdiyi ağrıların sonu, yüz illərlə yadda qalacaq qürur anı idi. O gün Prezident İlham Əliyevin xalqımıza verdiyi Zəfər xəbəri bütün Azərbaycanı bir ailə kimi birləşdirdi. Bu Qələbənin müəllifləri xalq, ordu və liderin sarsılmaz birliyidir. Dövlət başçısının qətiyyəti, əsgərin mərdliyi, xalqın inamı bu tarixi zəfərin əsas dayaqlarına çevrildi. Hər bir azərbaycanlı bu qələbənin bir parçasıdır – döyüş meydanında, arxa cəbhədə, elmi, mədəni, ictimai həyatda göstərdiyi fədakarlıqla.
Bu gün azad edilmiş torpaqlarımızda yeni bir həyat başlanır. Qələbədən doğan quruculuq və dirçəliş ruhu Qarabağ və Şərqi Zəngəzuru müasir inkişafın simvoluna çevirir. Şəhərlər, kəndlər, yollar, məktəblər, mədəniyyət ocaqları bərpa olunur. Bu, artıq müharibə sonrası bir qələbə mərhələsidir – yaradan, inşa edən, yaşadan Azərbaycanın Qələbəsi.
8 Noyabr həm də şəhidlərimizin xatirəsinə ehtiram günüdür. Onların canı, qanı bahasına əldə olunan bu qələbə xalqımızın yaddaşında əbədi yaşayacaq. Hər bir şəhidin xatirəsi qarşısında baş əyir, qazilərimizin fədakarlığı ilə fəxr edirik.
Bu gün biz fəxrlə deyirik: Azərbaycan qalib dövlətdir! Bu Qələbə xalqımıza gələcəyə inam, birliyə güvən, dövlətinə və liderinə sonsuz sevgi bəxş edib. Qoy bu Zəfər Günümüz hər il eyni qürurla, eyni sevinc və minnətdarlıqla qeyd olunsun.
Yalçın Abdullazadə,
YAP Salyan rayon təşkilatının məsləhətçisi,
“Vətən Müharibəsi” iştirakçısı
