Qarabağın Tacı Yenidən Parlayır

Baş səhifə

Şuşanın işğaldan azad edilməsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi xalqımızın yaddaşında əbədi həkk olundu. 8 noyabr 2020-ci ildə əldə olunan möhtəşəm qələbə milli iradənin, ordumuzun qəhrəmanlığının və Prezident İlham Əliyevin siyasi iradəsinin təntənəsi idi. Bu qələbə ilə Azərbaycan nəinki torpaqlarını azad etdi, həm də 30 illik ədalətsizliyə son qoyaraq tarixi ədaləti bərpa etdi. Qələbədən sonra ölkənin qarşısında yeni mərhələ açıldı—işğaldan azad olunmuş torpaqların dirçəldilməsi, Qarabağın yenidən qurulması və xüsusilə Şuşanın əvvəlki şöhrətinə qaytarılması.
Şuşa həm tarixi, həm mənəvi, həm də siyasi baxımdan Qarabağın tacı, Azərbaycanın mədəniyyət mərkəzidir. Bu səbəbdən Şuşanın dirçəldilməsi bərpa prosesinin mərkəzində dayanırdı. Prezident İlham Əliyevin işğaldan sonra az müddət ərzində Şuşaya etdiyi ardıcıl səfərlər dövlətin bu şəhərə verdiyi yüksək əhəmiyyətin göstəricisi idi. Hər səfər yeni layihələrin başlanğıcı, yeni infrastrukturun təməlinin qoyulması və yeni strateji qərarların qəbul edilməsi ilə yadda qalırdı.
2021-ci ilin noyabrında Prezident İlham Əliyevin Şuşaya tarixi səfəri şəhərin bərpasının real mərhələyə keçdiyini nümayiş etdirdi. Bu səfər çərçivəsində “Zəfər yolu”nun açılışı həyata keçirildi. Bu yol sadəcə strategji avtomobil yolu deyil, ordumuzun şərəfli döyüş yolunun simvolu idi. Şuşaya gedən bu yol Zəfərin izi ilə çəkilmiş tarixi xətt kimi artıq xalqımızın yaddaşında yaşayır. Həmin gün Şuşada Daşaltı məscidinin, Radio-Televiziya Yayım Stansiyasının, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməli qoyuldu ki, bu da şəhərin həm dini-mənəvi, həm informasiya-kommunikasiya, həm də sosial infrastrukturunun yenidən qurulmasına xidmət edirdi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidi və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanışlığı Şuşanın tarixi irsinin qorunmasına verilən böyük diqqəti əks etdirirdi. Bu abidələrin hər biri təkcə Şuşanın deyil, bütün Azərbaycanın mədəniyyət tarixində əvəzsiz yerə malikdir. Onların bərpası şəhərin kimliyinin, ruhunun və qədimliyinin qaytarılması demək idi.
2021-ci ilin sonlarında və 2022-ci ilin əvvəlində Şuşada Prezidentin iştirakı ilə keçirilən tədbirlər şəhərin mənəvi dirçəlişini daha da gücləndirdi. Prezidentin Cıdır düzündə etdiyi çıxış, Yuxarı Gövhər Ağa məscidinə ziyarət milli qürurun və Şuşanın Azərbaycan xalqının qəlbindəki yerinin rəmzi idi. Bu səfərlər həm Şuşanın keçmişini yad etmək, həm də onun gələcəyini qurmaq baxımından xüsusi əhəmiyyət daşıyırdı.
2022-ci ilin aprelində dövlət başçısı Şuşaya aparan geniş infrastruktur layihələri ilə tanış oldu. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun, bu yol üzərində inşa edilən tunellərin, həmçinin Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işlərinin Prezidentə təqdim edilməsi Şuşanın gələcək inkişafını təmin edən əsas layihələrin mühüm mərhələsi idi. Bu infrastruktur təkcə Şuşanın deyil, bütövlükdə Qarabağın sosial-iqtisadi həyatının canlandırılması üçün böyük əhəmiyyət daşıyırdı.
2022-ci ilin mayında isə Şuşa öz tarixi rolu olan mədəniyyət paytaxtı statusunu daha aydın şəkildə nümayiş etdirdi. V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı Şuşanın milli-mədəni ruhunun yenidən doğuluşu kimi səsləndi. Cıdır düzündə dünya musiqiçilərinin, folklor qruplarının çıxış etməsi Şuşanın nə qədər unikal bir mədəniyyət məkanı olduğunu bütün dünyaya göstərdi. Festival bir daha təsdiq etdi ki, Şuşa Azərbaycan mədəniyyətinin qəlbidir.
Həmin səfər çərçivəsində Prezident İlham Əliyev Şuşada aparılan geniş tikinti və bərpa işləri ilə yaxından tanış oldu: Şirin su hamamında, Şuşa Realnı Məktəbində, Sadıqcanın evində, Mehmandarovların malikanəsində görülən işlər Şuşanın tarixi simasının müasir standartlarla bərpa olunduğunu göstərirdi. Bu layihələrin hər biri Şuşanın gələcək turizm, təhsil və mədəniyyət mərkəzi kimi inkişafını təmin edəcək vacib amillər idi. Bundan əlavə, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı şəhərin müasir idarəetmə modelinə keçdiyini təsdiqlədi.
2022-ci ildə və 2023-cü ilin əvvəlində Şuşa artıq beynəlxalq tədbirlərin mərkəzinə çevrilməyə başlamışdı. Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşada keçirilməsi tarixi hadisə idi. Bu qurultay xaricdə yaşayan milyonlarla soydaşımızı doğma Şuşa ilə birləşdirərək yeni həmrəylik mesajı verdi. Bunun ardınca müxtəlif beynəlxalq forum və konfranslar Şuşada təşkil olundu.
Xüsusilə 2023-cü ilin mayında keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması” mövzusunda beynəlxalq konfrans Şuşanın qlobal səviyyəli siyasi müzakirələrin aparıldığı məkana çevrildiyini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələrin işğaldan azad edilmiş bu şəhərdə müzakirələr aparması Şuşanın beynəlxalq arenada mövqeyinin nə qədər gücləndiyini göstərirdi.
2023-cü il Şuşanın beynəlxalq münasibətlər sistemində daha bir mühüm hadisə ilə yadda qaldı. 23 avqustda Azərbaycan və Özbəkistan prezidentləri və birinci xanımların Şuşaya səfəri qardaş ölkələr arasındakı münasibətlərin ən yüksək səviyyəsinin simvolu idi. Bu səfər türk dünyasının Qarabağa göstərdiyi həmrəyliyin bariz nümunəsi kimi tarixə düşdü. Prezidentlər Şuşada aparılan geniş bərpa işləri ilə tanış oldular, şəhərin gələcək inkişafı üçün yeni layihələr haqqında məlumat aldılar.
2022–2023-cü illərdə Şuşada tikinti və bərpa işləri daha da sürətləndi. Şəhərin görünüşü tamamilə dəyişməyə başladı. Yeni yaşayış kompleksləri, məktəblər, peşə məktəbi və kollecin binası, Mamayı məscidi, İsa bulağı, Qızlar gimnaziyası, Qala divarları, “Yasəmən” hotelinin açılışı kimi layihələr Şuşanın modern, funksional və eyni zamanda tarixi irsə sadiq şəkildə bərpa olunduğunu göstərirdi. Bu işlərin miqyası Şuşanın yenidən qurulmasının nə qədər əhatəli və məqsədyönlü şəkildə aparıldığını sübut edirdi.
Bu gün Şuşa həm Zəfərin, həm dirçəlişin, həm də Azərbaycanın gələcək vizionunun rəmzidir. Burada aparılan bərpa-quruculuq işləri təkcə dağıntıların aradan qaldırılması deyil, Şuşanın müasir şəhər kimi gələcəyə hazırlanması deməkdir. Prezident İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilən bu layihələr Şuşanı regionun ən gözəl, ən müasir və ən mədəni şəhərlərindən birinə çevirməkdədir.
Şuşanın azad edilməsindən başlayan bu yol bu gün Qarabağın inkişaf salnaməsinə çevrilib. Hər yeni layihə, hər yeni tikinti, hər yeni səfər Şuşanın dirçəlişinin daha bir səhifəsini yazır. Şuşa həm tariximizin şah əsəri, həm də gələcəyimizin gur işığı olaraq yenidən doğulur.

Sitarə Təhməzova
Salyan rayonu Aşağı Kürkənd kənd tam orta məktəbin direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir