Sabit İnkişafı Təmin Edən Hüquqi Baza

Baş səhifə


Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafı prosesində hüquqi əsasların yaradılması mühüm strateji mərhələ təşkil etmişdir. Tarix göstərir ki, ölkənin sabit inkişafı, cəmiyyətin rifahı və dövlətin dayanıqlılığı yalnız möhkəm hüquqi baza üzərində mümkündür.
Bu baxımdan, Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçiliyindəki fəaliyyəti, hüquq və qanunçuluğun inkişafı istiqamətində atdığı addımlar xüsusi önəm daşıyır. Hələ onun birinci hakimiyyəti dövründə – 1970-ci illərdə Heydər Əliyev Azərbaycan SSR Konstitusiyasına mühüm dəyişikliklərin edilməsinə nail olmuş, Azərbaycan dilinin dövlət dili kimi tanınmasını və bu prinsipin Konstitusiyada təsbit olunmasını təmin etmişdi.
O dövrün siyasi şəraitini və mərkəzdən idarə olunan sovet sisteminin sərt ideoloji çərçivələrini nəzərə aldıqda, bu addım təkcə hüquqi dəyişiklik deyil, milli şüurun, azərbaycançılıq ideyasının və dövlətçilik təfəkkürünün yüksəlişi baxımından cəsarətli və tarixi qərar idi. Ulu Öndərin həmin təşəbbüsü xalqın milli kimliyini, dilini, mədəni dəyərlərini qorumağın və gələcək müstəqil dövlətçiliyin hüquqi-siyasi bünövrəsini qoydu.
Bu siyasət müstəqillik illərində öz məntiqi davamını tapdı. 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi, memarı və ideoloji rəhbəri xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.
Yeni Konstitusiya Azərbaycanın dövlət müstəqilliyini hüquqi cəhətdən təsbit etmiş, xalq hakimiyyətinin, insan və vətəndaş hüquq və azadlıqlarının, dövlətin məsuliyyət və vətəndaş qarşılıqlı münasibətlərinin prinsiplərini müəyyənləşdirmişdir. Demokratik idarəçiliyin, siyasi sabitliyin və sosial ədalətin hüquqi əsaslarını formalaşdırmaqla, gələcək inkişaf üçün sabit və etibarlı təməl yaratmışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.”
Müstəqilliyimizin sonrakı mərhələlərində, Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyada zərurətdən doğan mühüm dəyişikliklər həyata keçirilmişdir. 2002, 2009 və 2016-cı illərdə ümumxalq referendumları yolu ilə qəbul edilən bu dəyişikliklər ölkəmizin siyasi və iqtisadi inkişafının tələblərinə cavab verən, dövlət idarəçiliyində çevikliyi və səmərəliliyi artıran yeniliklər olmuşdur. 2002-ci il referendumunda ölkə idarəçiliyində daha çevik və demokratik mexanizmlərin tətbiqi məqsədilə Prezident və Milli Məclis münasibətlərinin təkmilləşdirilməsi, seçki və məhkəmə sisteminin yenilənməsi kimi mühüm dəyişikliklər həyata keçirildi. 2009-cu ildə isə insan hüquq və azadlıqlarının müdafiəsini gücləndirən, söz və mətbuat azadlığının hüquqi təminatını genişləndirən, vətəndaşların dövlət orqanları qarşısında məsuliyyət və hüquqlarını daha da dəqiqləşdirən müddəalar əlavə olundu. 2016-cı ildə keçirilən referendum nəticəsində dövlət idarəçiliyinin strukturunda müasir çağırışlara uyğun islahatlar reallaşdı, vitse-prezidentlik institutu təsis olundu, insan hüquqları, sosial təminat, gənclərin müdafiəsi, sahibkarlığın inkişafı kimi sahələrə dair yeni konstitusion prinsiplər müəyyənləşdirildi. Bu dəyişikliklər Konstitusiyanın dövrlə ayaqlaşan, canlı bir hüquqi sənəd olduğunu və ölkənin sosial-siyasi həyatının dinamik inkişafına uyğun şəkildə yeniləndiyini göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar, dövlət idarəçiliyinin modernləşdirilməsi, şəffaf idarəetmə və sosial ədalət prinsiplərinin gücləndirilməsi məhz həmin hüquqi baza üzərində reallaşır. Konstitusiyada təsbit olunmuş dəyərlər – insan hüquqlarının qorunması, qanunun aliliyi, dövlətin sosial yönümlülüyü və xalq hakimiyyəti – bu gün müasir Azərbaycanın sabit inkişafının əsas dayaqlarına çevrilmişdir.
Sabit inkişafı təmin edən bu hüquqi baza – Konstitusiyamız – həm tarixi irsin, həm də müasir dövlət quruculuğunun ayrılmaz tərkib hissəsidir. Onun banisi Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji yol bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycanın gələcəyinə yönəlmiş güclü siyasi-hüquqi təməl kimi möhkəmlənir.

Ramil Bayramov,
Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir