Ali Məhkəmə vətəndaşa vurulan ekoloji zərərlə bağlı şikayəti təmin etdi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası
sağlam ətraf mühitdə yaşamaq hüququ və bu hüququn pozulması
nəticəsində vurulan zərərin ödənilməsi ilə bağlı məhkəmə
təcrübəsini təmin edən qərar qəbul edib.

Trend bu barədə
Ali Məhkəməyə istinadən xəbər verir.

Vətəndaş neft emalı zavoduna qarşı iddia qaldıraraq bildirib ki,
sağlamlığına dəyən zərər həmin zavodun fəaliyyəti ilə bağlıdır. O,
zavodun mülki məsuliyyətə cəlb edilməsini və dəymiş zərərin
ödənilməsini tələb edib.

İşə baxılarkən iddiaçıya məxsus fərdi yaşayış evi yaxınlığında
aparılan monitorinqlər nəticəsində havada və suda zərərli
maddələrin miqdarının normadan artıq olması məlum olub. Belə ki,
aparılan yoxlamalarda atmosferə atılan çirkləndirici maddələrin,
xüsusən də etil-benzolun qatılığının sanitar norma həddini bir neçə
dəfə keçdiyi müəyyən edilib. Hava və su nümunələrinin analizləri
zamanı digər bəzi göstəricilərdə də normadan kənar nəticələr
aşkarlanıb.


<!—->
<!––>

Apellyasiya instansiyası məhkəməsi qeyd edilənləri nəzərə alaraq
mənəvi zərər üçün əhəmiyyətli məbləğdə pul vəsaitinin cavabdehdən
tutularaq iddiaçıya ödənilməsi barədə qərar verib. Cavabdeh zavod
mənəvi təzminatla razılaşmayaraq Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmənin Mülki kollegiyası qeyd edib ki, sağlam ətraf
mühitdə yaşamaq hüququ şəxsiyyət hüququnun tərkib hissəsi olmaqla
hər kəsin ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf
mühitdə yaşamasına təminat verir. Bu hüquq Konstitusiyanın 39-cu
maddəsi, Azərbaycan Respublikasının tərəfdaş olduğu digər
beynəlxalq hüquqi sənədlər, “Ətraf mühitin mühafizəsi haqqında”,
“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının
qanunları və digər aidiyyəti normativ hüquqi aktlarla qorunur.

Ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühit
dedikdə, iqlim və ekosistem (ağacların qırılması, torpağın
şoranlaşması və eroziyası, su hövzələrinin qurudulması, bioloji
müxtəlifliyin azalması və s.), fiziki (səs-küy, toz, radiasiya,
istilik, vibrasiya və s.), kimyəvi (qaz, neft məhsulları,
pestisidlər, ağır metallar və s.), bioloji (bakteriyalar, virus,
göbələk və s.) və mexaniki (plastik tullantılar, tikinti qalıqları
və s.) cəhətdən çirklənməmiş mühit (hava, torpaq, su, yerin təki,
flora və fauna) başa düşülür. Ekoloji hüquqpozmaların törədilməsi
şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququnu pozduğu halda isə bu,
ona mənəvi zərərin əvəzinin ödənilməsini istisna etmir.

Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyi hesab edilən
zavodlar tərəfindən ekoloji hüquqpozmaların törədilməsi şəxsin
sağlam ətraf mühitdə yaşamaq hüququ, habelə onun sağlamlığının
qorunması və digər şəxsiyyət hüquqlarının pozulmasına və ona mənəvi
zərərin vurulmasına səbəb ola bilər.
Bu baxımdan istehsal müəssisələri və digər təşkilatlar öz
fəaliyyətlərini həyata keçirən zaman bu hüquqların pozulmasından
çəkinməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir