
Bakı. Trend:
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK)
Vəkillər Kollegiyasının nümayəndələri ilə görüş keçirilib.
Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar
ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraiti
vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının
müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin
təşkili istiqamətində görülən işlərdən danışıb.
Görüşdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar,
tətbiq edilən yeniliklər, həyata keçirilən layihələr barədə də
ətraflı məlumat verilib. Qeyd edilib ki, Konfederasiyanın Əməyin
Mühafizəsi və Hüquqi Yardım Mərkəzi tərəfindən müraciətçilərə işçi
hüquqları ilə bağlı ödənişsiz dəstək göstərilir, maarifləndirmə
tədbirləri təşkil olunur.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan
qanunvericiliyində əmək hüquqlarını tənzimləyən mükəmməl
qanunvericilik bazasını vurğulayıb, əmək hüquqlarının müdafiəsi
sahəsində AHİK tərəfindən aparılan islahatları və tətbiq edilən
yenilikləri yüksək dəyərləndirib.
Tədbirdə iki qurum arasında əlaqələrin əhəmiyyətindən bəhs
edilib, əməkdaşlığın istiqamətlərinə dair fikir mübadiləsi
aparılıb.
<!—->
<!––>
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə
Vəkillər Kollegiyası arasında birgə Əməkdaşlıq haqqında Memorandum
imzalanıb.
Memorandum həmkarlar ittifaqı üzvlərinin hüquq və maraqlarının
daha etibarlı müdafiəsi, hüquqi maarifləndirmə tədbirlərinin
artırılması və bu sahədə birgə fəaliyyətin genişləndirilməsini
nəzərdə tutur.
Sənədə əsasən, tərəflər əmək hüquqları üzrə elmi-praktiki
araşdırmaların təşviqi, həmkarlar ittifaqı üzvləri və vəkillər üçün
seminar, təlim və konfransların keçirilməsi və s. sahələrdə
əməkdaşlıq edəcəklər.
Sonra Vəkillər Kollegiyasının nümayəndələri “Kurort” Turizm
İnformasiya Mərkəzində tətbiq edilən yeniliklər, eləcə də Əməyin
Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış
olublar.
