
Azərbaycanda tanınmış rəssam Ədalət Məmmədov vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb:
“Azərbaycan Rəssamlıq Akademiyası kədər hissi ilə bildirir ki, “Bədii keramika, şüşə və metal” kafedrasının müəllimi olmuş, tanınmış rəssam Ədalət Məmmədov vəfat edib.
Ədalət Məmmədov Bakı İncəsənət kollecində, daha sonra Kiyev və Lvov Akademiyalarında təhsil almış, yağlı boya, keramika və heykəltaraşlıq sahələrində fəaliyyəti ilə seçilmişdir. O, Pikasso və Matissin studiyalarında çalışma imkanı qazanmış, İ.F. Monastrskidən dərs almışdır.
1988-ci ildən başlayaraq müxtəlif ölkələrdə fərdi və kollektiv sərgilərdə iştirak etmiş, 1995-ci ildə Stokholmda keçirilən “Dünyanın ən görkəmli 200 rəssamının sərgisi”ndə əsərləri yer almışdır.
UNESCO Beynəlxalq Rəssamlar İttifaqının üzvü olan sənətkarın əsərləri dünyanın bir çox ölkəsinin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.
Akademiyanın rəhbərliyi və kollektivi Ədalət Məmmədovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!”
