
Bakı. Trend:
Noyabrın sonunda Daşkənd bir daha Avrrasiya siyasətinin nəzər
nöqtəsində olacaq – 26 noyabr 2025-ci il tarixində Özbəkistan 3-cü
Avropa İttifaqı Mərkəzi Asiya İqtisadi Forumuna ev sahibliyi
edəcək. Bu mühüm platformada Avropa İttifaqı ilə region ölkələri
arasında əməkdaşlığın gələcək parametrləri müzakirə olunur.
Mərkəzi Asiyaya diqqət bu gün misilsizdir – son bir ildə
Daşkənd, Astana və regionun digər paytaxtları Aİ–Mərkəzi Asiya,
Çin–Mərkəzi Asiya kimi formatlardan tutmuş, ABŞ–Mərkəzi Asiya
çərçivəsinin artıq Vaşinqton səviyyəsinə yüksəldiyi böyük
sammitlərin mütəmadi ev sahiblərinə çevriliblər.
Lakin bütün bu diplomatik fəallığın fonunda bir detallı qeyd
etmək lazımdır: Azərbaycan olmadan Avrasiyada heç bir tranzit,
logistika və ya enerji layihəsi tam şəkildə həyata keçirilə bilməz.
Bakı artıq sadəcə əlaqələndirici arxitekturanın bir hissəsi deyil –
o, bu arxitekturanın əsas daşıyıcı elementinə çevrilib. Əgər
Avropa, ABŞ və ya Çin təşəbbüsləri nəqliyyat dəhlizlərinin real
möhkəmləndirilməsinə yönəlibsə, Azərbaycanın bu layihələrdəki
rolunu “əlavə” kimi xarakterizə etmək olmaz – onun oynadığı rol
təməl xarakter daşıyır.
Bu gün Bakı həm Mərkəzi Asiyanın Avropaya açılan “pəncərəsi”,
həm də Avropanın Şərqi Asiya bazarlarına çıxışı üçün əsas qapıdır.
Məhz buna görə qarşıdakı Aİ–Mərkəzi Asiya Forumu açıq və səmimi
şəkildə danışmaq üçün münasib imkandır: Azərbaycan olmadan, region
layihələri, tədarük zəncirləri və ya yeni marşrutlar haqqında heç
bir müzakirə məna kəsb etmir.
Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə formatının
tamhüquqlu iştirakçısı kimi tanınması da bu yaxınlarda baş verən
mühüm hadisələrdən biri oldu. Region çoxdan beş dövlətlə
məhdudlaşmır və Bakının prosesə daxil edilməsi təsdiqləyir ki, bu
gün Avrasiyada heç bir tranzit, logistika və enerji layihəsi
Azərbaycanın iştirakı olmadan reallaşdırıla bilməz. Qazaxıstan
Prezidenti Kasım-Jomart Tokayevin qeyd etdiyi kimi, Azərbaycan
bölgələrarası əməkdaşlığın güclənməsinə mühüm töhfə verəcək;
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə vurğulayıb ki, Bakının
iştirakı ilə regionun səsi beynəlxalq arenada daha da əhəmiyyətli
olacaq.
Daşkənddə keçiriləcək Üçüncü Avropa İttifaqı–Mərkəzi Asiya
İqtisadi Forumu Aİ nümayəndələrini, region ölkələrinin
hökumətlərini, özəl sektoru, beynəlxalq maliyyə institutları və
təşkilatlarını bir araya gətirəcək. Əsas mövzular – biznes
mühitinin yaxşılaşdırılması, ticarətin inkişafı, regional
inteqrasiyanın təşviqi, dəyər yaradan zəncirlərinin
formalaşdırılması və bacarıqların gücləndirilməsidir.
Növbəti gün isə Transxəzər marşrutu üzrə İnvestorlar Forumu
keçiriləcək – bu isə Aİ-nin Orta Dəhlizə üstünlük verməsinin daha
bir göstəricisidir. Artıq Avropa İttifaqı “Global Gateway”
çərçivəsində Mərkəzi Asiyaya 12 milyard avroluq investisiya paketi
ayırıb, bunun 10 milyardı Transxəzər nəqliyyat dəhlizinin
inkişafına yönəlib.
Bu arada Çin regiondakı iştirakını fəal şəkildə dərinləşdirir.
Çin–Mərkəzi Asiya iyun sammitində Çin Xalq Respublikasının Sədri Si
Cinpin təqribən 210 milyon dollar həcmində maliyyə yardımı ayırmaq
niyyətini təsdiqləyib və bu vəsaitin bir qismi “Bir kəmər, bir yol”
təşəbbüsü çərçivəsində infrastruktur layihələrinə yönəldiləcək.
Azərbaycan bu layihənin ən böyük iştirakçılarından biridir və
Çindən sonra investisiya həcminə görə ikinci yeri tutur.
6 noyabrda Vaşinqtonda keçirilən ABŞ-Mərkəzi Asiya Sammiti də
əsasən ticarət və nəqliyyat əlaqələri məsələlərinə fokuslanıb. Məhz
həmin tədbirdə ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsi (The
Trump Route for International Peace and Prosperity) haqqında
danışarkən Azərbaycanın əhəmiyyətini xüsusi vurğulayıb: “Bu,
dünyanın ən mühüm məntəqələrindən keçən yeni bir yoldur. O, Xəzərin
o tayında kommersiya aktivliyini artıracaq və Mərkəzi Asiya
ölkələrinin inkişafına güclü təkan verəcək”.
<!—->
<!––>
Zəngəzur dəhlizi və ya TRIPP artıq Orta Dəhlizin yeni
infrastruktur arteriyası kimi nəzərdən keçirilir. Son iki ildə
marşrut üzrə yük axınları təxminən 90 faiz artıb. Bu isə
Azərbaycanın nəqliyyat sisteminin gücü hesabına mümkün olub:
Xəzərdə ən böyük donanma, beynəlxalq hava limanları şəbəkəsi,
Bakı–Tbilisi–Qars dəmir yolu – bütün bunlar ölkəni Avrasiya
logistikası üçün əvəzolunmaz edir. Aİ-nin həmin marşrutun
inkişafına artıq 10 milyard avro sərmayə yatırdığını nəzərə alsaq,
bir şey çox aydın görünür: TRIPP təkcə ABŞ-nin marağı deyil, həm də
Avropa üçün strateji zərurətdir.
Paralel olaraq bərpaolunan enerji təşəbbüsləri də inkişaf edir.
2024-cü ilin noyabrında Bakıda COP29 çərçivəsində Azərbaycan,
Qazaxıstan və Özbəkistan “yaşıl” enerjinin istehsalı və ötürülməsi
üzrə strateji tərəfdaşlıq haqqında saziş imzaladılar. “Mərkəzi
Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi AİB və AİİB
tərəfindən dəstəklənir.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov son çıxışında
bildirib ki, 2032-ci ilə qədər Azərbaycanda istehsal ediləcək 6
giqavat bərpaolunan enerjinin 4 giqavatının Xəzər–Qara dəniz–Avropa
dəhlizi vasitəsilə təmin olunması üzrə intensiv işlər aparılır. O
vurğulayıb ki, “Azərbaycan–Türkiyə–Avropa” və
“Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan” layihələri Mərkəzi Asiya
ilə Avropa arasında “körpü”yə çevrilə bilər və Asiyadan Aİ-yə
uzanan vahid “yaşıl” enerji platforması yarada bilər.
Bu marşrutlara fiber-optik sistemlərinin inteqrasiyası təsiri
daha da gücləndirir: söhbət artıq yalnız energetikadan deyil, həm
də rəqəmsal və nəqliyyat əlaqəliliyindən gedir ki, bu da
Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.
Bu gün, ən böyük dövlətlərin Mərkəzi Asiya ilə paralel sammitlər
keçirdiyi əsnada, ümumi mənzərə getdikcə daha aydın olur: Xəzər ilə
Tyan-Şan arasındakı məkan qlobal əlaqəlilik üçün əsas düyün
nöqtələrindən birinə çevrilir. Lakin nə Brüssel, nə Pekin, nə də
Vaşinqton bütün bu marşrutların qovuşduğu nöqtəni nəzərdən kənar
tuta bilər. Həmin nöqtə – məhz Azərbaycandır.
Prezident İlham Əliyevin ardıcıl strategiyası Bakını Avrasiya
arxitekturasının mərkəzi qovşağına çevirib – istər nəqliyyat, istər
energetika, istərsə də kommunikasiya sahəsində. Bu siyasətin həyata
keçirilməsi nəticəsində Azərbaycan təkcə Mərkəzi Asiya ölkələrinin
etibarlı tərəfdaşı deyil, həm də regionun Avropaya çıxışını təmin
edən marşrutların əsas operatoruna çevrilib.
Üçüncü Aİ–Mərkəzi Asiya İqtisadi Forumu ərəfəsində məhz Brüssel
üçün öz maraqlarının coğrafiyasına dürüst baxmağın vaxtı çatıb:
Mərkəzi Asiyanı Azərbaycandan ayrılıqda müstəqil element kimi
nəzərdən keçirmək mümkün deyil. Regionda heç bir marşrut, heç bir
enerji dəhlizi, heç bir “yaşıl” layihə Bakıdan keçmədən dayanıqlı
ola bilməz.
Əgər Avropa İttifaqı doğrudan da Mərkəzi Asiya ilə tərəfdaşlığı
gücləndirmək niyyətindədirsə, Azərbaycanı bütün regional
layihələrin açar ölkəsi kimi nəzərə almalıdır. Əks halda mənzərə
natamam, strategiya isə işlək olmayacaq. Avrasiyada bu gün artıq
heç kim tərəddüd etmir: regional təşəbbüslərdə Azərbaycan
sistemqurucu rol oynayır. Artıq bunun Avropada da eyni dərəcədə
aydın görünməsinin vaxtı çatıb.
