
Bakı. Trend:
“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri
Hökuməti arasında hərbi əməkdaşlıq haqqında” Sazişə əsasən,
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət nümayəndələri ölkəmizə
səfər edib.
Trend xəbər verir ki, bu
barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində
keçirilən işçi görüşdə ölkələrimiz arasında bütün sahələrdə olduğu
kimi, hərbi əlaqələrin də inkişaf etdiyi qeyd olunub, təcrübə
mübadiləsi baxımından qarşılıqlı səfərlərin və birgə təlimlərin
əhəmiyyəti diqqətə çatdırılıb.
Qonaqlara 44 günlük Vətən müharibəsi, regiondakı vəziyyət və
digər mövzularla bağlı brifinq təqdim olunub, maraq doğuran suallar
cavablandırılıb.
Sonda hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf
perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi
aparılıb, qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli
çəkdirilib.
