
Bakı.Trend:
Qanunvericiliyin tələbləri pozulduğuna görə, cari ilin
əvvəlindən bugünədək 43527 reklam yayımının qarşısı alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət
Reklam Agentliyindən məlumat verilib.
Bildirilir ki, açıq məkanda reklam yayımı icazə əsasında həyata
keçirilərkən, Agentlik tərəfindən icazə verilməzdən əvvəl reklamın
qanunvericiliyin, o cümlədən dövlət dilinin tələblərinə uyğunluğu
yoxlanılır, zəruri hallarda düzəlişlər edilir:
<!—->
<!––>
“Azərbaycan Respublikasının “Reklam haqqında” Qanununun 4.7-ci
və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun 7-ci
maddələrinə əsasən reklamda dövlət dilinin tələblərinə riayət
edilməlidir. Reklamvericinin tələbinə əsasən reklam qurğularında
yerləşdirilən reklamın mətnində dövlət dili ilə yanaşı digər
dillərdən də istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn
dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində
olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətndə digər
dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
qeydə alındığı formada göstərilməlidir”.
Agentlikdən qeyd edilib ki, Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Reklam
Agentliyinin Nizamnanəsi”nin 1.1-ci bəndinə əsasən Agentlik “Reklam
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən
edilmiş açıq məkanda (Şuşa şəhərinin, “İçərişəhər” Dövlət
Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının,
Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisi istisna
olmaqla) reklam daşıyıcılarının yerləşdirilməsi, reklam
daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması)
və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata
keçirir.
