
Bakı. Trend:
Köhnə neft-qaz infrastrukturunun ömrünün uzadılması üçün müvafiq
texnoloji həllərdən istifadə prioritetdir.
Bunu Trend-ə
açıqlamasında “SOCAR Midstream Gas Operations”un (SOCAR MGO) baş
texniki inzibatçısı Nəriman Mehdiyev Bakıda keçirilən “Asset
Integrity & Corrosion and Coatings Conference” tədbiri çərçivəsində
deyib.
Onun sözlərinə görə, tədbirin əsas məqsədi neft-qaz sektorunda
fəaliyyət göstərən mütəxəssisləri bir araya toplamaq, mövcud
platformaların uzunmüddətli istismarı üçün müasir texnoloji həlləri
müzakirə etməkdir. N.Mehdiyev bildirib ki, mövcud infrastrukturun
böyük hissəsi artıq yaşlanıb və onların hamısını eyni vaxtda
dəyişmək mümkün deyil. Bu səbəbdən əsas hədəf həmin
infrastrukturların ömrünün uzadılması və əməliyyatların daha
səmərəli icrasıdır.
“Bu tədbirdə iştirak edən şirkətlərin bir qismi ilə uzun
illərdir əməkdaşlıq edirik, bəzilərini isə yeni tanıyırıq. Elə
şirkətlər var ki, onların texnologiyalarından gələcəkdə istifadə
etmək niyyətindəyik”, – deyə o qeyd edib.
<!—->
<!––>
Baş texniki inzibatçı vurğulayıb ki, Azərbaycanda hələ də Sovet
dövründən qalma bəzi neft-qaz infrastrukturları istismarda
saxlanılır: “Artıq onların bir hissəsinin yenilənməsinin vaxtı
çatıb. Bu baxımdan, infrastruktur ya modernizə edilməli, ya da
ömrünün uzadılması üçün konkret addımlar atılmalıdır.Hazırda bu
istiqamətdə müvafiq tədbirlər həyata keçirilir”.
N.Mehdiyev əlavə edib ki, Azərbaycanın yeni ixrac neft və qaz
boru kəmərlərində korroziya və digər risklərə qarşı qabaqlayıcı
həll yolları layihələndirmə mərhələsində nəzərə alınıb: “Buna görə
də həmin kəmərlərdə belə problemlərə demək olar ki, rast gəlinmir.
Əsas diqqət isə köhnə infrastrukturlara yönəldilib.
Əgər köhnə infrastrukturlarda da müasir metodlar tətbiq
olunmasa, onlar daha tez sıradan çıxma riski ilə üzləşə bilər.
Ümumilikdə, bu tip layihələrin dizayn ömrü 25–30 il olur. Lakin bu
müddət ərzində boru kəmərlərinə və digər obyektlərə mütəmadi qulluq
göstərilməlidir. Yeni texnologiyaların tətbiqi ilə infrastrukturun
istismar müddətini daha da uzatmaq mümkündür”.
SOCAR MGO rəsmisinin sözlərinə görə, lazımi texniki qulluq təmin
olunmadığı təqdirdə planlaşdırılan həcmdə qaz ötürülməsi mümkün
olmaya bilər ki, bu da həm maddi itkilərə, həm də infrastruktur
baxımından ciddi risklərə yol aça bilər
