Xocalı və Buça faciələri: Ermənistan barədə danışan yoxdur – ŞƏRH

Siyasət

BMT Baş Assambleyasının Ukrayna üzrə xüsusi sessiyası çərçivəsində Rusiyanın İnsan Hüquqları Şurasında üzvlüyünün dayandırılması barədə qətnamə qəbul edilib.

Qərar Rusiyanın Ukraynanın Buça şəhərində törətdiyi qırğınlarla əlaqəlidir, bununla da Moskva humanitar çağırışlar qarşısında növbəti dəfə cəzalanıb.

Buçadakı dəhşətli mənzərə Azərbaycanda Ermənistanın törətdiyi Xocalı soyqırımını xatırladır. Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı törətdiyi etnik təmizləmə siyasətinin pik nöqtəsi idi.

Ermənistan həmişə mülki azərbaycanlıları hədəfə alıb, bu təxribatlarını 44 günlük Vətən müharibəsi dövründə də davam etdirib.

Ermənistan 44 günlük müharibədə cəbhə xəttindən uzaqda yerləşən Gəncəyə, Bərdəyə raketlərlə zərbələr endirib.

Bu gün Xocalı faciəsinin bənzəri olan hadisələrin yaşanmasının səbəbləri sırasında vaxtı ilə nümayiş etdirilən beynəlxalq sükut böyük rol oynayır.

Yəni Buça kimi faciələrin yaşanmasının səbəbi həm də 1992-ci ildə Xocalı faciəsini törədənlərin cəzalandırılmaması, sanksiyalarla üzləşməməsi, beynəlxalq təşkilatlarda başda əyləşdirilməsidir.

Axı Ermənistan da BMT İnsan Hüquqları Şurasının üzvüdür, o, buraya 2020-2022-ci illər üçün seçilib. Ümumiyyətlə, insan hüquqları və Ermənistanın adının bir arada çəkilməsi insanda ikrah yaradır.

Ermənistan Vətən müharibəsində mülki əhaliyə qarşı terror aktı törədərkən də BMT İnsan Hüquqları Şurasının üzvü idi, amma onun əməllərinə göz yumuldu.

Ancaq Ermənistan tarixdə törətdiklərinin cəzasını özü alır, dalanda çabalayır, ümid yeri axtarır, bu ədaləti isə beynəlxalq birlik yox, Azərbaycan bərpa edib.

Aqil Vəlili

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir