22-24 aprel tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycanı kimlərin təmsil edəcəyi müəyyənləşib.
Oxu.Az-ın xəbərinə görə, Milli Gimnastika Arenasında keçiriləcək yarışda səkkiz idmançımız yarışacaq.
Fərdi çıxışlarda Arzu Cəlilova və Zöhrə Ağamirova Azərbaycanı təmsil edəcək. Qrup hərəkətlərində isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Darya Sorokina, Yelizaveta Luzan medallar uğrunda yarışacaq.
Qeyd edək ki, Dünya Kubokunda 33 ölkədən 44-ü fərdi və 96-sı qrup komandasının (15 qrup) üzvü olmaqla 140 gimnastın iştirakı gözlənilir. Üç gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq 9-cu Dünya Kuboku olacaq.
Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya Kubokuna ev sahibliyi edib.
www.102info.az
