Bakı Neft Emalı Zavodunda hidrogen istehsalı təşkil olunacaq

İqtisadiyyat

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) hidrogen istehsalı təşkil olunacaq.

Bunu Trend-ə SOCAR-ın “Downstream Management” şirkətinin Baş direktorunun müavini Emil Alxaslı deyib.

Onun sözlərinə görə, NEZ-in modernləşdirilməsi və rekonstruksiyası layihəsi çərçivəsində hidrogen istehsalı avadanlığının quraşdırılması nəzərdə tutulub.

“Həmin avadanlıq 2022-ci ilin yarısında artıq istismara verilə bilər. Həmçinin, AVRO-5 standartlı dizel yanacağının istehsalı üçün qurğular istifadəyə veriləcək”, – deyə o bildirib.

Qeyd edək ki, Bakı NEZ-də istehsal gücünün artırılması, respublikanın AVRO-5 standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma endirilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir.
Layihə çərçivəsində NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlığı proqramı həyata keçirilir. Proqram çərçivəsində NEZ-in 2022-ci il üzrə əsaslı təmirlə bağlı iş həcmi müəyyənləşdirilib və kompleks tədbirlər planı hazırlanıb.

Nəticədə 4 aprel 2022-ci il tarixdən etibarən NEZ əsaslı planlı təmirə dayandırılıb. 2022-ci ilin əsaslı təmiri NEZ-də uzun müddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən kəskin fərqlənir. Təmirə dayanma zamanı SOCAR və kənar təşkilatlardan 2000-dən çox işçi qüvvəsi cəlb ediləcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir