Kubra Məhərrəmova yazır…
Rusiyanın müharibə maşını çətinliyə düşən kimi qabağa enli sinəli, yorğun simalı təbliğat maşınını verir. Enli, amma heç də cavan olmayan qoca sinəli təbliğat arabası isə başlayır onu-bunu təhqir etməyə. Çünki illər boyu bəxşiş olunan milyonların əvəzini vermək lazımdır.
Onun-bunun yatağına girib, oradan canlı efirə çıxan bu cavan olmayan sinə deyir ki, Maksim Qalkin geydir. Qalkinin gey olub-olmamasının sinəyə, yaxud Kremlə nə dəxli var? Rusiyanın təbliğat maşını o qədər korşalıb ki, Rusiyanı tərk edən hər kəsə gey, ya da trans damğası vurur? Düşünə bilən insanların Rusiyanı birdəfəlik tərk etməsi Kreml üçün görünür əsl sürpriz olub. Çünki illərdir Kremlin bu gün gey-trans dediyi insanlar bütün rəsmi tədbir və konsertlərin baş tacı idi. İndimi araşdırmaçı “jurnalist” Marqarita Simonyan bunu müəyyən etdi? Və maraqlıdır hansı yolla? Qeyd edim ki, Maksim Qalkin və həyat yoldaşı əfsanəvi sənətçi Alla Puqaçova Rusiyanın Ukraynaya qarşı etdiyi müharibə ilə əlaqədar Rusiyanı tərk ediblər. Qalkin isə vaxtaşırı video-müraciətlərlə baş verənlərə münasibətini bildirib.
Marqarita Simonyan uzun illərdir ki, Kremlin ən sevimli simasıdır. Onun fantastik karyera inkişafı da təəccüb yaratmır. Belə ki, 2005-ci ildən ingilis dilində fəaliyyət göstərən, 24 saat yayımlanan “Russia Today” kanalının baş redaktoru, bir sıra ölkələrdə, həmçinin Azərbaycanda fəaliyyət göstərən “Sputnik” informasiya agentliyinin baş redaktorudur. Yeri gəlmişkən, “Sputnik”in Azərbaycanda fəaliyyətinə son qoyulmaması isə daha çox suallar doğurur.
Bu “peyk” niyə hələ də Azərbaycanın informasiya fəzasında fırlanır?
Niyə Qarabağı Rusiya torpağı kimi görmək istəyən adamın rəhbərlik etdiyi psevdoinformasiya agentliyi hələ də Azərbaycan ərazisində fəaliyyət göstərir?
Niyə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan Marqarita Simonyanın rəhbərlik etdiyi, separatçı, erməni maraqlarını qoruyan və bütün gücünü buna sərf edən media orqanının qapısına qıfıl vurulmur?
Niyə bu qurum Bakıda, mərkəzdə ofis icarə edib rəsmi Bakının əleyhinə iş görür?
Niyə “Sputnik”ə xəbərdarlıq olunmur? Madam ki, Marqarita jurnalistdir, onun peşə borcu bitərəf olmaqdır. Onun işi məlumat ötürməkdir. Siyasi bəyanatlar, ya da ekstremist çağırışlar olmalı deyil.
Niyə “Sputnik”in Bakı ofisinə separatçı adam rəhbər təyin olunub?
Vitali Denisov daha əvvəl qondarma Cənubi Osetiya respublikasında “Sputnik”in yerli bürosuna başçılıq edib, çalışdığı müddətdə separatçı informasiyalar yayıb.
Niyə Marqarita Simonyanın yaxın kadrlarından biri olan Denisov məhz indi Bakıya təyinat alıb? Bu Rusiyanın təbliğat, yoxsa kəşfiyyat maşınının ideyasıdır?
Bütün hallarda Rusiya tərəfindən atılan bütün addımlar iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb olur.
Qeyd edim ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan, müharibə həqiqətlərini olduğu kimi çatdıran bir sıra Azərbaycan saytları və informasiya agentlikləri Rusiyada “Roskomnadzor” tərəfindən bloklanıb. Dünən siyahıya daha bir Azərbaycan saytı – “Caliber” (Caliber.az) də əlavə olundu. Buna qədər Haqqın.az, Baku.ws, Minval.az, Oxu.Az Rusiya ərazisində bloklanmışdı.
Qayıdıram əvvəlki suala. Niyə eyni addımı biz ata bilmirik? Niyə erməniləşmiş Kremlin təbliğat maşını olan “Sputnik” hələ də Azərbaycanda fəaliyyət göstərir?
Bu azmış kimi, aprelin 30-u Bakıdakı Rus Evinin dəstəyi ilə Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən Bakıda “Georgi lenti” beynəlxalq aksiyası keçiriləcək. Niyə də, qardaşım? Pulsuz paylanacaq lenti nə edirik biz? Nədir bu lentin indi, bu gərgin zamanda paylaşılmasının məqsədi? Bu aksiyanın arxasında hansı güclər durur? Rusiyanın Azərbaycandakı səfirliyimi?
Niyə əsrlərdir Azərbaycanda xoş, firavan yaşayan, bizim vətəndaşlarımız olan Rusiya əsilli insanları cəmiyyətlə üz-üzə qoyurlar?
Nədir rahat yaşayan, bacı-qardaş kimi mehriban dolanan, Pasxasını, Novruzunu bir yerdə qeyd edən insanlar arasında gərginlik yaratmaq məqsədi?
Hansı məkrli məqsədlər dayanır bu “lent”in arxasında?
Ukraynada öldürülən, Rusiya hərbçiləri tərəfindən əsir saxlanılan azərbaycanlı tələbələrə görə kifayət qədər əsəb yaşayan azərbaycanlılara qarşı növbəti təxribatıdırmı?
Balasının Ukraynadan gətirilən meyitini dəfn edən anaya, ataya qarşı nə deməkdir bu?
Məncə bu suallar üstündə rus icması bir az düşünsə, xeyli yaxşı olar. Biz heç bir halda aramızda nifaq yarada biləcək heç bir addımı atmalı deyilik. Min dəfə düşünməliyik bu barədə. Biz Qarabağ müharibəsində də, II Dünya müharibəsində də birgə vuruşmuşuq. Və bu “lent” heç də II Dünya müharibəsi və faşizm üzərində əldə olunan qələbə ilə bağlı deyil. Biz II Dünya müharibəsində həyatını itirən hər bir kəsin xatirəsini hörmətlə anırıq. Elə geri qayıtmayan 300 min azərbaycanlının xatirəsini də.
Qeyd edim ki, 1941–1945-ci illərdə Azərbaycandan 600 mindən çox adam cəbhəyə aparılıb, onlardan 300 mini geri qayıtmayıb. Bundan əlavə Bakı can verməklə yanaşı, gecə-gündüz, dayanmadan cəbhəyə neft çıxarıb göndərib. Bakı neftinin faşizm üzərində qələbə əldə etməyi barədə kifayət qədər çox danışılıb.
Bakı öz çəkisini və gücünü tarix boyu yaxşı bilib. Ucuz təxribatla Bakının səbrini oynatmağa ehtiyac yoxdur.
Erməniləşmiş Kremlin ruporları isə artıq Azərbaycanla kifayətlənməyib digər türkdilli ölkələrə də əl uzatmağa başlayıb.
Ukraynadakı vəziyyətlə bağlı Qazaxıstanın mövqeyinə isə bu dəfə Marqaritanın əri Tiqran Keosayan münasibət bildirdi.
Dünən Tiqran video müraciətində qazaxları bildiyi kimi, ermənilərə xas olan surətdə təhqir edib, alçaltdı. Cavab isə özünü çox gözlətmədi. Qazaxıstan Prezidenti yanında Milli Etimad Şurasının keçmiş üzvü, ictimai fəal Arman Şuraev bildirdi ki, “bəli, biz 9 may Qələbə gününü qeyd etmirik, çünki Ukraynanın Rusiya üzərində əldə edəcəyi qələbəni gözləyirik” deyə cavab verdi.
Qazaxıstan hakimiyyəti isə Marqarita Simonyanın əri Tiqran Keosayanı bu ölkədə arzuolunmaz şəxslərin siyahısına daxil edə biləcəyi barədə məlumat verdi.
Qeyd edim ki, Marqarita Simonyan və Tiqran Keosayan AB və ABŞ sanksiyalarına məruz qalıb.
İllərdir Kremlin əziz-xələf övladlarının yaxın altı aydan sonra nə edəcəklərini təsəvvür belə edə bilmirəm. Hadisələrin gedişatından asılı olaraq əminəm ki, Marqaritanın da, ərinin də “ehtiyat çıxışı” var. Hər iki halda çıxışı.
Baş-gözlərinə döyə-döyə kameraya ağlayacaqlar ki, “bəs biz məsum adamlar, təbliğatın qurbanı olmuşuq. Slava Ukraine! Qeroyam Slava! Rədd olsun Georgi lenti”.
www.102info.az
