Aqil Məmmədov
millət vəkili
Xalqımız ötən əsrin 90-cı illərinin əvvəlində ulu öndərin qətiyyəti və dərin zəkası ilə siyasi böhrandan necə xilas olmuşdusa, bu gün məhz onun siyası davamçısının səyi və möhkəm iradəsi ilə koronavirus bəlasından da elə xilas oldu, üstəlik, 30 il düşmən tapdağı altında inləyən Qarabağı işğaldan azad etdi. Tarix dəyişsə və zaman fərqli olsa da, əlbəttə, dövlətçilik missiyası və xalqın taleyi hər zaman etibarlı əllərdədir və dəyişməzdir. Ona görə də hesab edirəm ki, Heydər Əliyevin dövlətçilik məktəbi, siyasəti hər zaman olduğu kimi bu gün də aktuallığını qoruyub saxlayır və daha dərindən öyrənilməlidir.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək “Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq”, – söyləmiş və İlham Əliyevi siyasi varis elan etmişdi. Bu hadisə 2003-cü ilin payızında olmuşdu… Düz 17 il sonra isə yenə payızda Prezident İlham Əliyev böyük strateq Heydər Əliyevin uzaqgörən dühasının sübuta ehtiyacı olmadığını təsdiq etdi və Ali Baş Komandan, strateq sərkərdə olaraq işğalçı Ermənistanın yenidən atəşkəsi pozaraq torpaqlarımıza olan təcavüzünə qarşı Azərbaycan Ordusuna əks-hücuma keçmə əmrini verdi. Vaxtilə ulu öndər Heydər Əliyev Qarabağ münaqişəsini əlində xətkeş, önündə Azərbaycanın xəritəsi dünyaya Azərbaycanı-Qarabağı tanıdırdı, hazırda Ali Baş Komandan İlham Əliyev dünyanın məşhur televiziya və KİV-lərinə “Qarabağ Azərbaycandır” bəyan edir.
Bu gün tarix Heydər Əliyevin dövlətçilik strategiyasının nə qədər effektiv və uzaqgörən olmasını bir daha sübut edir. Əminliklə deyə bilərəm ki, biz hələ uzun bir tarixi dövr ərzində Heydər Əliyev kursunun dəyərini, davamlılığını, onun xalqımızın və milli dövlətçiliyimizin taleyində oynayacağı əvəzsiz rolun şahidi olacağıq.
www.102info.az
