Böyük Zəfərimizin mənbəyində Ulu Öndər Heydər Əliyev siyasəti dayanır

Siyasət

Müstəqil Azərbaycanın qurucusu, xalqın xilaskarı Ulu Öndər Heydər Əliyev dövlətimizin hərtərəfli, gələcək inkişafa hesablanmış bünövrəsini yaratmışdır. Bütün istiqamətlərdə müstəqil Azərbaycanın gələcək tərəqqisinə, müstəqilliyin əbədi və dönməz olmasına hesablanmış addımlar dərin düşüncənin, xalqa bağlılığın, vətənə məhəbbətin təzahürü idi.
Ulu Öndər Heydər Əliyev istər Azərbaycana birinci rəhbərliyi, istərsə də ikinci rəhbərliyi dövrü diqqətdə saxladığı məsələlərdən biri də hərbi sahənin inkişafı və ordu quruculuğu məsələsidir. Ulu Öndər Heydər Əliyevin hələ sovet dönənimdə 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Ordusunun formalaşdırılması, orduda əhval-ruhiyyənin, döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində atdığı mühüm addımlar gecikmədən öz bəhrəsini verdi. 1994-cü ilin yanvar ayında Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi ilə reallaşan “Horadiz əməliyyatı” Azərbaycan Milli Ordusunun ilk mühüm uğuru oldu. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 yaşayış məntəqəsi düşməndən azad edildi. Uğurlu “Horadiz əməliyyatı” ərazilərimizin düşməndən azad edilməsini təmin etməklə yanaşı, əhalinin itmiş inamını, ümidlərini geri qaytardı.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan, formalaşdırılan Azərbaycan Ordusu 2016-cı ildə Aprel Zəfərini qazanmaqla düşmənin illərlə qurub yaratdığı məğlubedilməzlik mifini darmadağın etdi. Aprel Zəfəri ilə mühüm strateji əhəmiyyətli yüksəklikləri azad edən ordumuz erməni işğalçılarına öz qəti mesajını vermiş oldu.
44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı düşməndən azad edən şanlı ordumuz böyük Zəfər salnaməsi yazdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu öz misiyasını ləyaqətlə yerinə yetirdi, torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüzü təmin etdi. Ulu Öndər Heydər Əliyevin yolunun və siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev öz xalqını və ordusunu birləşdirərək, dəmir yumruğa çevirməyi məharətlə bacardı. Ölkəmizdə yaranmış xalq-ordu-rəhbər birliyi nəticəsində tarixi ədalət bərqərar oldu.
Təməlində Ulu Öndər Heydər Əliyev siyasətinin dayandığı böyük Zəfərimiz bütün soydaşlarımız kimi biz füzulilərin də sevinc, qürur mənbəyimiz oldu. Bu Zəfər bizlərə doğma Füzuli şəhərini və 61 kəndimizi bəxş etdi. İllərlə həsrətində olduğumuz, görmək üçün kənardan boylandığımız yurd-yuvalarımızı görmək nəsibimiz oldu. O torpaqları canları bahasına xilas edən şəhidlərimizə Allahdan rəhmət, sağlamlıqlarını qurban vermiş qazilərimizə şəfa diləyirik.
Bizə Zəfər yaşadan, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk. Qarabağ Azərbaycandır!.

Nəbiyev Vüqar
Vətən müharibəsi qazisi.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir