Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri də Litva Respublikası olmuş və Azərbaycan-Litva ikitərəfli münasibətlərinin qurulmasında maraqlı olmuşdur. 1991-ci il 20 dekabrda müstəqilliyimizi tanıyan Litva Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci ilin dekabr ayında qurulmuş və 2007-ci ilin aprelin 3-də Litvanın Azərbaycanda, sentyabrın 6-da isə Azərbaycanın Litvada səfirliyi açılmışdır.
Hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub və hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər.Belə ki, Litva Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu dəfələrlə bildirmişdir. Azərbaycan da Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna və müxtəlif iqtisadi və humanitar sahədə birgə layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.
Azərbaycanla Litva arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq da mövcuddur. Həmçinin Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu münasibətlər ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir.
Bu əlaqələrin inkişafında da təbii ki, ölkə başçılarının rəsmi və işgüzar səfərləri və bu səfərlər çərçivəsində müəyyən olunan hüquq-müqavilə bazası mühüm rola malikdir.
Litva Prezidenti Gitanas Nauseda mayın 18-də Azərbaycana səfər etməsi, o cümlədən dövlət başçısı İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunda iştirak etməsi Azərbaycan Litva əlaqlərinin yüksək səviyyədə olmasının göstəricisidir.Forumun əsas məqsəd Azərbaycan və Litva arasında ticarət sahəsində tərəfdaşlığın gücləndirilməsi, potensial tərəfdaşların axtarışı, Azərbaycan şirkətləri ilə yeni işgüzar əlaqələrin qurulmasıdır.
Forumun əsas mövzuları qida sənayesi, enerji və bərpa olunan enerji mənbələri, dairəvi iqtisadiyyat, informasiya texnologiyaları, logistika, nəqliyyat və s. olub.
Azərbaycan-Litva münasibətlərinin indiki vəziyyəti, iqtisadi, enerji, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə münasibətlər nəzərdən keçirilmiş, bir çox sahələrdə əməkdaşlığ üçün sənədlər imzalanmışdır.
Beləliklə, bu görüşlər vahid mövqedən çıxış edən Litva və Azərbaycan Respublikaları arasında inkişafa impuls yaradır və qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsində mühüm rol oynayır.
Forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 18 may tarixli bəyanatından:
“Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar”. Dövlət başçısı bildirmişdir ki, “Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir”.
Litvalı həmkarı ilə bir çox məsələləri müzakirə etdiklərini bildirən dövlətimizin başçısı deyib: “Əlbəttə ki, biz məmnuniyyətlə ölkələrimiz arasındakı güclü siyasi əlaqələri, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoqu vurğuladıq. İki il öncə cənab Prezident ilə videokonfrans vasitəsilə danışmaq imkanımız olub, çox konstruktiv və məhsuldar müzakirələr aparılıb. İndi də canlı olaraq ikitərəfli gündəliyə dair çoxlu vacib məsələlər haqqında danışmaq imkanımız oldu”.
Forumda çıxışı zamanı Ermənistan- Azər- baycan münasibətlərinə toxunan Prezident İlham Əliyev: “Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik. Çünki təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. Azərbaycan hər zaman öhdəliklərə sadiq olub, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik.Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur”.Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı aprelin sonuna qədər hər iki tərəfin işçi qrup yaratması barədə razılıq əldə olunduğunu xatırladan dövlətimizin başçısı deyib: “Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün – aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur”.
Avropa İttifaqı və qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Ölkə başçısı Cənab İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. V Qlobal Bakı Forumunun keçirilməsi bir daha sübut etdi ki, bu gün Azərbaycan ilə Avrasiya bölgəsinin mühüm birliklərindən biri olan Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir.
Forumda yeni saziş üzrə danışıqların yekunlaşdırılması perspektivlərini, enerji, nəqliyyat təhlükəsizliyi məsələlərini, ticarət münasibətləri müzakirə edilib. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, bu il ölkəmizin Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcmi artmaqdadır.
İndiyə kimi Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanın ixrac potensialı artır. Bu il ixrac 85 faiz, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Bu da öz növbəsində ölkəmizin dayanıqlı inkişafını göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu gücləndirən mexanizm qismində çıxış etməkdədir.
Malik Mustafayev
Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru, Yeni Azərbaycan Partiyasının üzvü
