KƏLBƏCƏR ŞƏRQİ ZƏNGƏZUR BÖLGƏSİNİN ƏSAS İQTİSADİ İSTİNADINA, GÜCÜNƏ ÇEVRİLƏCƏK

Baş səhifə

Tezliklə doğma yurd-yuvalarına qayıdacaq Kəlbəcərlilər də cənab Azər Qocayevin başçılığı altında rayonun tərəqqisi işinə əməli töhfələr verəcəklər

“Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz Kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi… Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq…” – Bu sözləri 2020-ci il noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində demişdir.
Bəli, Birinci Qarabağ savaşında 488 nəfər, Vətən müharibəsində isə 35 nəfər şəhid verən Kəlbəcərin bir güllə atılmadan azad olunması cənab İlham Əliyevin əzəmətli diplomatiyasının bariz nümunəsi, uğurlu nəticəsidir. Azərbaycanın Ermənistanla sərhədboyu ən uzun məsafəyə – 136 kilometrlik bu sərhəd xəttinə malik Kəlbəcərdə üçrəngli müqəddəs bayrağımızın dalğalanmasının həm də böyük rəmzi mənası, mühüm strateji əhəmiyyəti var.
25 noyabr 2020-ci ildən, Kəlbəcərin azadlığından ötən dövr ərzində cənab Prezident Kəlbəcərdə müstəsna əhəmiyyətə malik olan o qədər böyük layihələr həyata keçirib ki, əminliklə deyə bilərik ki, çox qısa zamanda kəlbəcərlilər doğma yurdlarında yeni və uğurlu həyata başlayacaqlar. Möhtərəm İlham Əliyev keçmiş məcburi köçkünlərlə görüşlərində daim vurğulayır ki, dövlətin əsas vəzifələrindən biri də bu insanların öz doğma yurdlarına ləyaqətlə qayıtmalarına nail olmaqdır. Kəlbəcər camaatı tam əmindir ki, böyük Liderimiz bu missiyasını da tam miqyasında uğurla həyata keçirəcək.
Azərbaycan Prezidentinin şəxsi qətiyyəti və əzmi sayəsində işğaldan azad edilən bütün torpaqlarda, o cümlədən də Kəlbəcərdə çox qısa müddətdə quruculuq və bərpa işləri üçün siyasi qərarlar verilib, bütün güclər, texniki imkanlar səfərbər olunub, maliyyə vəsaiti təmin edilib, müxtəlif sahələr üzrə kadr potensialı formalaşdırılıb, bir sözlə, hərtərəfli işlər sürətlə aparılır. Kəlbəcərin inkişafına xidmət etməklə vəzifələndirilmiş kadr ordusunun önündə isə əlbəttə ki, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı cənab Azər Qocayev gedir.
Qocayev Azər Bəhlul oğlu – 07.09.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirmişdir. 2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. Əmək fəaliyyətinə 2009-cu ildə “Sumqayıtelektrikşəbəkə” ASC-də nəzarətçi kimi başlayıb. 2010-2017-ci illər ərzində “Azərenerji” ASC-nin “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb. 2017-2018-ci illər ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin Enerji təchizatı və enerji təşkil etmə bölməsinin, 2018-2019-cu illər ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin rəis müavini vəzifələrində çalışıb. 2019-2020-ci illər ərzində isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Aparatında Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. 2 övladı var.
Azər Qocayev rayon rəhbəri kimi işə başlayanda bütün dünyada olduğu kimi xalqımız da “gözəgörünməz düşmənlə” – koronavirus pandemiyası ilə mübarizəyə başlamışdı. Azər Qocayev ilk öncə dünya şöhrətli siyasətçi, müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin abidəsini və Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər Şəhidlərinin Abidəsi Kompleksini ziyarət etdi. Ertəsi gün Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına uyğun olaraq vətəndaşların video konfrans vasitəsi ilə qəbulunu keçirdi. Rayon sakinlərinin müraciətlərini dinləyən rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onların problemlərinin, təkliflərinin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün ilk göstərişlərini verdi. Sonrakı gün isə cənab başçı İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri ilə birgə Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına qoşularaq qanvermə aksiyasına qoşuldu.
Beləliklə, yeni vəzifəsinin icrasına qolunu çırmalayaraq qanı, canı, bütün varlığı ilə başlayan Azər Qocayev elə ilk addımlarından kəlbəcərlilərdə özünə qarşı rəğbət hissi oyatdı. Tərəqqipərvər Kəlbəcər vətəndaşları onun necə alicənab, humanist, işinin bilicisi olduğunun fərqində olduqları üçün hərtərəfli dəstək verdilər.
İndi Azər Qocayev rayonun ölkənin bütün bölgələrində kəlbəcərlilərin kompakt yaşadıqları yerləri bir-bir qarış qarış gəzir, vətəndaşların müraciətlərinə baxılması məsələlərini xüsusi diqqətdə saxlayır, qəbullarda hər hansı bir vaxt məhdudiyyət qoymur, hər bir şəxsin ərizə, təklif və şikayətlərinə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılaraq cavablandırılmasını təmin edir.
Azər Qocayev rayon üzrə büdcədən maliyyələşən təşkilatlarda maliyyə intizamının gücləndirilməsi və xərclərin səmərəli istifadəsi ilə əlaqədar təşkilat rəhbərlərinə, aidiyyəti məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi, mövcud maliyyə resurslarından qənaətlə istifadə edilməsinə diqqəti artırdı. Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların və müavinətlərin vaxtında və şəffaf şəkildə vətəndaşlara ödənilməsini nəzarətdə saxladı.
Şəhid ailələrinin, I və II Qarabağ müharibəsi, Çernobıl və Əfqanıstan əlillərinin, digər imtiyazlı vətəndaşların, xəstə və imkansızların, bir sözlə, ehtiyac və qayğıları ilə bağlı müraciət edən hər bir şəxsin probleminin həllinə diqqətlə yanaşılaraq maddi yardımlar, pul və ərzaq köməkliyi, evlərinin bərpa və təmiri ilə bağlı tikinti materialları verilməsi ilə əlaqədar köməkliklər, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün ən zəruri yardımlar edilmiş, güzəştli ailələrin mənzil növbəsi uçotu yenidən dəqiqləşdirilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur. Bundan əlavə, aztəminatlı təbəqələrdən olan insanların sosial müdafiəsi ilə bağlı rayon İcra Hakimiyyəti başçısının yerli xərclərdən ayrılan təyinatı hesabından maddi kömək formasında pul yardımları olunmuşdur.
Rayon İcra Hakimiyyətinin gündəlik diqqət ayırdığı sahələrdən biri əhalinin elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması, mövcud olan problemlərin müəyyən edilərək aradan qaldırılması, bu sahələrdə neqativ halların baş verməməsi, istehlak olunan elektrik enerjisi, qaz və suyun dəyərinin bütünlüklə toplanılmasına nəzarətin artırılması olmuşdur. Bu sahələrdə olan vəziyyət müntəzəm olaraq təhlil edilmiş, ilk növbədə maddi-texniki təchizatın yaxşılaşdırılması, əhalinin elektrik enerjisi, qaz və içməli su ilə daha keyfiyyətli və dayanıqlı təmin edilməsi üçün işin daha şəffaf şəkildə qurulması istiqamətində tədbirlər həyata keçirilmişdir.
Rayon üzrə sosial sahələrdən olan təhsil, səhiyyə, mədəniyyət, idman-sağlamlıq, habelə digər mühüm sahələr, o cümlədən hərbi çağırış, əhalinin təhlükəsizliyi və ictimai qaydanın qorunması, qanunçuluğun möhkəmləndirilməsi və s. kimi məsələlər öndə tutulmuşdur.
İdeoloji işin təşkili məqsədilə həyata keçirilən tədbirlər sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin təbliği ilə bağlı ictimai- siyasi və mədəni-kütləvi tədbirlər ardıcıl olaraq təşkil olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müvafiq tapşırığı və təsdiq olunmuş tədbirlər planı rəhbər tutularaq 20 Yanvar faciəsi, Xocalı faciəsi, Ağdaban faciəsi, 31 Mart – Azərbaycanlıların soyqırımı günü, 27 Sentyabr – Şəhidlər günü ilə bağlı anım tədbirləri, Vətən müharibəsinin Kəlbəcərli şəhidlərinin doğum və şəhadət günləri Kəlbəcərlilərin məskunlaşdıqları yerlərdə rayon ictimaiyyətinin bütün təbəqələrindən olan nümayəndələrin, əmək kollektivlərinin, şagird və tələbələrin iştirakı ilə böyük qeyd olunmuşdur. Bundan əlavə, hər il Ulu Öndərin doğum günü ərəfəsində, may ayının birinci ongünlüyündə silsilə tədbirlər keçirilmiş, müxtəlif idman yarışları, intellektual oyunlar, əmək kollektivlərində dəyirmi masalar, konfranslar təşkil olunmuşdur. Novruz bayramı əsil xalq şənliyi kimi qeyd olunmuş, digər dövlət bayramları, tarixi günlər, peşə bayramları ilə əlaqədar tədbirlər keçirilmişdir.
Rayon üzrə aparılan ideoloji işlər müstəqil dövlətçilik, azərbaycançılıq, vətəndaşların söz, mətbuat və vicdan azadlığı prinsiplərinə əməl olunması istiqamətində qurulmuş, İnformasiya azadlığı haqqında, İctimai birliklər haqqında, Dini etiqad azadlığı haqqında, İctimai iştirakçılıq haqqında qanunlardan irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görülmüşdür.
Rayon İcra Hakimiyyətinin ötən müddətdə xüsusi diqqət ayırdığı sahələrdən biri də mövcud kriminogen durumun təhlili, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının həyata keçirilməsində vətəndaşlara öz Konstitusiya hüquqlarından istifadə etmələrinə hərtərəfli şəraitin yaradılması olmuşdur.
Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən dövlət qulluqçularının xidməti davranışlarının etik davranış qaydalarına uyğunluğuna nəzarət təmin olunmuş, açıq hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətində ardıcıl tədbirlər yerinə yetirilmişdir. Eyni zamanda, yerlərdə görüşlər keçirilməklə dövlət orqanlarına ictimai etimadın möhkəmləndirilməsi məqsədilə izahat işləri aparılmış, şəffaflığın artırılması və korrupsiya hallarının meydana gəlməməsi üçün əhali məlumatlandırılmışdır.
Prezident İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsü haqqında imzaladığı fərmana əsasən, Kəlbəcər Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibinə daxildir və coğrafi baxımdan düzgün olan bu bölgü həm də ona imkan verəcək ki, rayonun iqtisadi potensialı daha dəqiq qiymətləndirilsin və sərmayələr buna uyğun yatırılsın. Şübhə yoxdur ki, kənd təsərrüfatının, turizmin, dağ-mədən sənayesinin, şəfa ocaqlarının böyük potensiala malik, torpağının altı da, üstü də xəzinə olan Kəlbəcər Şərqi Zəngəzur bölgəsinin əsas iqtisadi istinadına, gücünə çevriləcək. Tezliklə doğma yurd-yuvalarına qayıdacaq Kəlbəcərlilər də cənab Azər Qocayevin başçılığı altında rayonun tərəqqisi işinə əməli töhfələr verəcəklər.

Tural Kəlbəcərli “Qızıl qələm”mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir