Kubra Məhərrəmova yazır…
Bizim xalqın ürəyinə və beyninə gedən yol daş-divardan keçir.
Başqa nə qədər söz desən, izah eləsən, xeyri yoxdur.
Ya gərək həmin adamın başını divara çırpıb, daşla əzəsən, ya da divara yazasan ki, “buraya zibil atanın var-yoxuna lənət”. Düzdür, bəzən daha yaradıcı müraciət formaları da olur. Məsələn, “Ana müqəddəsdir, buraya zibil atma”. Yəni, gözəl insan, zibili apar tulla zibil yeşiyinə ki, ananı söyməyək.
Amma bütün bu ciddi “motivasiya” formalarına baxmayaraq, anasını, atasını “çox istəyənlər” yenə də zibili haraya gəldi atırlar.
Bu gün səhər sosial şəbəkədə eyni anda bir neçə dostumun bu problemlə bağlı paylaşımını oxudum.
Vüsal Qarayev video paylaşıb yazır ki, Xətai rayonu, 1 saylı çörək zavodunun yanı, “Şuşa” marketin arxası. Zibil qutuları boşdur. Çünki, çünkisini görürsünüz də…
Həqiqətən də, divar boyunca düzülən zibil yeşikləri bomboşdur, məişət tullantıları isə yerdə, göydə – hər yerdədir.
Digər dostum Rövşən Əsədov sosial şəbəkədə eyniməzmunlu foto paylaşıb.
Binadan on metr kənarda zibil yeşikləri qoyulub. Bina sakinləri isə binanın həyətini rəngbərəng zibil torbaları ilə bəzəyiblər. Biri divarın dibinə qoyub, biri müasir incəsənət nümunəsi kimi düz həyətin ortasına atıb, digəri iki addım uzağa gedib – evinin zir-zibilini bütün bina camaatına sərgiləyib.

Rövşən Əsədov qeyd edib ki, dəfələrlə bu məsələ ilə bağlı liftə, binaların girişinə elan yazıblar, MTK-ya müraciət ediblər, yenə də xeyri olmayıb. Hətta polisə belə, müraciət ediblər. Gör indi bizim camaat necə yüksək səviyyəli “intellektual” insanlarla doludur ki, zibili haraya tullamaq lazım olduğunu gərək polis gəlib bunlara təlim keçsin. İzah eləsin ki, “a bala, zibili zibil yeşiyinə atmasan, polis əmi səni aparacaq 10 sutkalıq hoppalara”.
Məncə, gözəl təklifdir. Hətta deyərdim ki, həmin adamlara Bakının küçələrini 10 sutka təmizlətdirsinlər. İctimai ayaqyoluları yudurtsunlar, özləri kimi “gözəl” insanların yerə, küçəyə atdıqları siqaret kötüklərini onlara bir-bir, əlcəksiz yığışdırtsınlar.
Sərt karantin vaxtı polis qaydaları pozan adamların üzlərində maska üzr videolarını çəkdiyi kimi, indi də biz həmin adamları tökdükləri zibilləri yığışdırdıqları vaxt video çəkib sosial şəbəkələrdə paylaşaq.
İndi haraya gəldi zibil atanları dindirsən, hamısı olacaq Allah adamı, Vətənini sevən, şəhərin gözəl sakini və s. Amma heç biri anlamır ki, ay insan, sənin zibilin üçün yeşik qoyulub, evinin zir-zibilini, uşağının işlənmiş bezini, özünə kişi deyən adamın arvadının cırıq tumanını mən küçədə, yerdə görməli deyiləm. Apar onu at yeşiyə.
İndi deyəcəksiniz ki, bəs şəhərin təmizliyinə cavabdeh olan idarələr necə, hamısı guya yaxşı işləyir? Onlar da üzümü ağ eləməyiblər, çünki elə yerə zibil tullayan adamların qohum-əqrəbalarıdır. Yəni nə xalq, nə də məmur tayfası Fransadan gətirilmə, “importnı mal”dır. Aşağı-yuxarı hamısı eyni bezin qırağıdır.
Məsələn, bu yaxınlarda Abşeron rayonu, “İpək yolu” adlanan ərazinin yaxınlığında (Nübar qəsəbəsi) yaşayan sakinlər Oxu.Az-a şikayət göndəriblər.
Deməli, ərazidə Vətən müharibəsi şəhidi, baş leytenant Şirəliyev Sahib Yusif oğlunun şəkli vurulan lövhənin yaxınlığında natəmizlik baş alıb gedirmiş. Məsələ işıqlandırıldıqdan sonra şəhidin şəkli vurulan lövhənin ətrafındakı məişət tullantıları təmizlənib. Ərazidə olan zibil konteynerlərinin yeri dəyişdirilib. Lakin sakinlər deyirlər ki, o konteynerlər elə bir yerə qoyulub ki, yanına yaxınlaşmaq mümkün deyil. Səbəb isə yolun əksər vaxtlarda palçıq və keçilməz olmasıdır.
Oxu.Az məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsa da qurumun saytlarında qeyd edilən telefon nömrələrinə cavab verən olmayıb.
Nə gözəl, indi camaat nə etsin? Sərt karantin vaxtı əlinə zibil alıb şəhəri gəzənlər kimi zibilini əlinə alıb gəlsin Abşeron Rayon İcra Hakimiyyətinin qarşısına? Yoxsa məişət tullantılarından ibarət “Novruz tonqalı” qalasın?
Bəlkə, sakinlər bu dəfə Abşeron Rayon İcra Hakimiyyətinin binasının divarına söyüş dolu elan yazsınlar?
Bizim söyüş söyməkdən abrımız-həyamız getdi, amma nə millətin, nə də məmurların işi-əməli düzəldi. Mərkəzi küçələrə asfalt çəkib, yanına gül-çiçək əkməklə düzəlmir bu iş. Madam hər il təmizlik işləri üçün büdcədən milyonlarla manat vəsait ayrılır, zəhmət olmasa, buyurun, həll edin məsələni, çox hörmətli məmurlar!
Yerə zibil atmaq məsələsinin həlli yolunu bir dəfə digər yazımda təklif etmişdim. Bizim bir parlaq həqiqətimiz var – bu millətin canını al, pulunu alma.
Haradasa 40 il əvvəl Sinqapur küçələri çirkab içində batırmış. Amma tətbiq edilən sərt cəzalar sayəsində bu gün hər yerdə təmizlik hökm sürür. Narkotiklərin alveri getmir, cinayətkarlıq, demək olar ki, mövcud deyil. Ölkə qanunlarına görə, ictimai yerdə zibili atmağa görə 600 ABŞ dolları məbləğində cərimə müəyyən olunub.
Bizdə də heç o qədər yox, 100 manat cərimə tətbiq olunsa (vaxtı ilə maska taxmamağa görə tətbiq olunurdu), görün şəhərin küçələri necə par-par yanar təmizlikdən?!
Allaha şükür, hər tində kameralar quraşdırılıb. Büdcə üçün də əla təklifdir. Yerə zibil atanı tutdun, yüklə cərimələrlə. Bir aylıq maaşını cərimələri ödəməyə xərcləsin.
Sinqapurda pul cəriməsindən başqa, vandalizmə görə həm də şallaqlanma cəzası tətbiq edilir. Həbs cəzası da öz yerində.
Eyni zamanda Sinqapurda saqqız çeynəmək, onu saxlamaq, yerə atmaq üçün də cərimələr müəyyən olunub. Yerə tüpürməyə görə cərimənin məbləği isə haradasa 400 ABŞ dollarıdır.
Görün Bakıda nə qədər yerə tüpürən var? Hərəsini 100 manatdan yaz, min bərəkət.
Amma bir məsələ də var də, hər yerə tüpürənə yerə tüpürdüyünü sübut edənə qədər arvadının yerə atdığı tumanı keçirdəcək öz başına. Yenə də məsələ qalacaq “yalan deyənin” and yerinə.
www.demir-yumruq.az
