Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya ölkəmiz üçün mühüm və tarixi əhəmiyyət kəsb edən sənəddir. Region xalqları əsrlər boyu Xəzər dənizindən və onun resurslarından yararlansalar da, bu dənizin hüquqi statusunu tənzimləyəcək sənəd ötən tarixlərədək mövcud olmamışdı. Rusiya ilə İran arasında 1921-ci il tarixli və SSRİ ilə İran arasında 1940-cı il tarixli sazişlər yalnız dənizdə gəmiçilik və balıqçılıq məsələlərini tənzimləməklə məhdudlaşırdı. Məhz bu səbəbdən 2018-ci il avqustun 12-də Aktauda V zirvə toplantısında dövlət başçıları tərəfindən imzalanmış Konvensiya ilk dəfə Xəzər dənizinin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbit etdi.
Azərbaycan hər zaman Xəzər dənizini dostluq, sabitlik, əməkdaşlıq və inkişaf platforması olaraq görüb. Xəzər dənizi ilə bağlı Azərbaycanın mövqeyi həmişə konstruktiv olub. Eyni zamanda, rəsmi Bakı Xəzər dənizinin istənilən probleminin birgə həllinə tərəfdar çıxıb. İyunun 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı da bu mənada istisna təşkil etməyib. Uzun müddət ərzində aparılmış işlərin nəticəsi olaraq imzalanmış Aktau Konvensiyası Xəzərin hüquqi statusunu müəyyən edib. Bununla yanaşı, təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb, qüvvəyə minib. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlərin bağlanması, Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin mövcud olması, həmçinin onların BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrində olması Xəzər dənizində sabitliyin və təhlükəsizliyin əsasını təşkil edən mühüm faktorlardır, eləcə də Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillərdir.
Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşdiyindən mühüm əhəmiyyət daşımaqla bərabər, həmin nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaqdır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın mühüm töhfəsi olub. İldən ilə bu limana gələn tranzit yüklərin həcmi artır. Zəngəzur dəhlizinin reallığa çevrilməsi də bu sahədə əməkdaşlığı və inkişafı təmin edəcəkdir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlərin həyata keçirilməsi gələcəkdə çox mühüm əhəmiyyət kəsb edəcək, Xəzər hövzəsi ölkələrinin logistika imkanlarını genişləndirəcəkdir.
Azərbaycanın ümumi inkişafa töhfə verməyə yönələn səyləri və təşəbbüsləri qonşu dövlətlər tərəfindən də yüksək qiymətləndirilir və dəstəklənir. Son illərdə məhz Azərbaycanın təşəbbüsləri və fəal iştirakı ilə Xəzər hövzəsi regionunda bir sıra ikitərəfli və çoxtərəfli siyasi, iqtisadi əməkdaşlıq platformaları yaranıb. Xəzərdə olan ekoloji problemlər bütün sahilyanı dövlətləri, o cümlədən Azərbaycanı ciddi şəkildə narahat edir. Bu toplantıda qəbul olunan qərarlar, imzalanmış sazişlər həm qeyd edilən problemlərin həlli, həm də Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üçün imkanlar yaradacaqdır.
Salman Xəlilov,
Salyan rayon Piratman Gəncəli kənd tam orta məktəbin direktor əvəzi
