Ölkəmiz BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olmasına baxmayaraq, fəaliyyətinin ilk günlərindən başlayaraq həmrəylik, qarşılıqlı əməkdaşlıq, eyni zamanda, Bandunq prinsiplərinin təşviqinə töhfəsini verməyə çalışıb. Qeyd etmək lazımdır ki, ədalətlin, sülh və təhlükəsizliyin təmin olunması hər zaman aktual olub. Əfsuslar olsun ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə kimi mühüm prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılmır. Buna görə bu gün dünyada müharibələr, münaqişələr baş verir. Bütün bu ədalətsizliyin, ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində Azərbaycan davamlı olaraq təşəbbüslər göstərir. Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunan və iştirak edən Azərbaycanın bu təşkilata sədrlik etməsinin əsas səbəblərindən biri də elə bu idi. Artıq 5 il sonra, yəni 2016–cı ildə 120 ölkə yekdil dəstəyini göstərdi. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısı keçirildi və ölkəmiz 2019-2022-ci ilə qədər sədrliyi üzərinə götürdü. Qoşulmama Hərəkatına sədrliyimizin üzv ölkələrin qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması ölkəmizə göstərilən böyük hörmət və fəaliyyətimizə verilən yüksək qiymətdir.
Prezident İlham Əliyev Bakı konfransında qeyd etdiyi kimi, “Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik”. Əlbəttə ki, ölkəmizin sərgilədiyi ədalətli və obyektiv mövqe Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən hər zaman dəstəklənib və həmrəy olub. Belə həmrəylik nümunəsi Ermənistan tərəfindən 30 ilə yaxın işğalda saxlanılan torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Azərbaycan öz torpağında ədaləti, eyni zamanda, beynəlxalq hüququ bərpa edirdi. Ancaq həmin vaxt bəzi ölkələr Azərbaycana qarşı qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar. Onlardan bəziləri bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dövlətlər anti-Azərbaycan mahiyyətli bəyanatın qəbul olunmasının qarşısını alaraq ermənipərəst qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Bu, həm də dövlətlərin həqiqətən də, sülhü, təhlükəsizliyi, ərazi bütövlüyünü müdafiə etdiklərini göstərdi.
Azərbaycanın “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda konfransa ev sahibliyi etməsi də rəmzi məna daşıyır. Çünki, bu gün Azərbaycan dünyaya sülhyaratma prosesi istiqamətində mühüm bir təcrübə sərgiləyir. Digər tərəfdən isə dayanıqlı inkişafa öz töhfəsini verir. Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirak etməsi, həmçinin nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədrinin yer alması konfransın mötəbərliyinin və əhəmiyyətinin göstəricisidir. Bu sahədə qlobal səviyyədə parlamentlərarası əməkdaşlığın inkişafına, əlaqələrin genişlənməsinə əhəmiyyətli zəmin yaradacaq, həmrəyliyi gücləndirəcək platformaya ehtiyac var. Konfrans çox məhsuldar keçdi, belə ki, tədbir zamanı, “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olundu, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq edildi, qurumun sədri və sədr müavinləri seçildi. Eyni zamanda, tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə ikitərəfli görüşləri keçirildi.
Cavid Mustafayev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.
