Azərbaycan iqtisadiyyatının qlobal neqativ proseslərə dayanıqlılıq göstərməsi və əldə olunan uğurlar Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Həm 44 günlük Vətən müharibsi zamanı, həm də bu gün Azərbaycanın yürütdüyü müstəqil siyasətin təməlində dayanan amillərdən biri məhz iqtisadi müstəqillikdir. İqtisadi sahədə aparılan islahatlar imkan verir ki, bu gün Azərbaycan öz müstəqil daxili və xarici siyasətini aparır, öz diqtəsini edə bilir. İqtisadi sahədə altı ayda görülmüş işlər də aparılan islahatların nəticəsidir. Dünyada iqtisadi vəziyyətin pisləşdiyi bir dövrdə Azərbaycanın iqtisadi artım göstəriciləri, ciddi nailiyyətlərin əldə olunması böyük uğurdur. 2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açıqlanan göstəricilər ölkəmizin dinamik inkişaf yolunda olduğunu bir daha göstərdi.
Bu gün Azərbaycanın inkişaf istiqamətləri hərtərəflidir. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal işlər görülür. Son 5 ayda Azərbaycandan daşınan tranzit yüklərin həcmi təxminən 30 faiz artıb ki, bu olduqca böyük göstəricidir. Xəzər üzərindən yükdaşımaların həcmi də sürətlə artmaqdadır. Bu səbəbdən də Prezident İlham Əliyev tərəfindən hökumətə tapşırıqlar verilib. Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasına başlanılacaq. Bu gün artıq Azərbaycan çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevrilir. Enegtika sahəsində görülən işlərə də toxunsaq onu deyə bilərik ki, bu sahə Azərbaycan üçün həmişə önəmli olub. Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır və buna maraq böyükdür. Görülən işlər nəticəsində Azərbaycanda bərpaolunan enerji növləri üzrə ciddi inkişaf var. Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının hazırda tikilməsi də səmərəli fəaliyyətin göstəricisidir. Xüsusilə, vurğulamaq lazımdır ki, bu üç stansiya məhz xarici investorların vəsaiti hesabına tikilir. Azərbaycanın bərpaolunan enerji sahəsi üzrə planları daha böyükdür. Dövlət başçısının açıqladığı kimi hələ əlavə olaraq 4 min meqavat gücündə Günəş və külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. Bütün bunlar imkan verəcək ki, Azərbaycan elektrik enerjisini daha böyük həcmlə ixrac edək. Təbii ki, Azərbaycanın elektrik enerjisini ixrac etmək imkanlarının artması təkcə qonşu dövlətləri deyil, Avropa ölkələrini də maraqlandırır. Məhz bunun nəticəsidir ki, Avropa tərəfindən Azərbaycana yeni Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişini nəzərdə tutan yeni layihə təqdim edilib. Həmçinin ənənəvi enerji mənbələrindən olan təbii qaz istehsalı sahəsində də Azərbaycan böyük potensiala malikdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün ölkənin əsas ixrac resurs bazası “Şahdəniz” yatağıdır. Lakin yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından da qaz hasilatı gözlənilir. Nəticədə perspektivli yataqlardan çıxarılacaq qaz həm daxili tələbatı ödəmək üçün, həm də ixrac üçün nəzərdə tutulub. Azad olunmuş ərazilərdə də ciddi təhlillər aparılır. Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Artıq bir il yarım ərzində 9 su elektrik stansiyası inşa olunub. Bu da olduqca uğurlu gösətricidir. Azərbaycanın enerji siyasətinin əsas tərkib hissələrindən biri olan “yaşıl enerji” üzrə uzunmüddətli hədəflər müəyyənləşdirilib və bu istiqamətdə uğurlu layihələr həyata keçirilir. 2030-cu ilədək Azərbaycan “yaşıl artım” ölkəsinə çevrilməyi və ətraf mühitin təmizliyinə nail olmağı planlaşdırır. Görülən işlər və mövcud potensiallar onu deməyə əsas verir ki, Azərbaycan “yaşıl enerji” ölkəsinə çevrilməkdə inamla irəliləyir. Bütün bunlar əlbəttə ki, ilk növbədə ölkəmizin iqtisadi gücünün artmasına, vətəndaşların rifah yüksəlişinin daha da sürətlənməsinə və Azərbaycanın daha qüdrətli və daha nüfuzlu bir dövlət olaraq dünya birliyində öz layiqli yerini tutmasına xidmət edir. Bu gün Azərbaycan özünün Zəfər yoluna inamla davam edir və artıq heç bir kənar qüvvə bizi bu yoldan döndərə biməz.
Prezident İlham Əliyev iqtisadi sahədə aparılan islahatlar nəticəsində 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldığını vurğulayaraq bildirib ki, bu nəticə şəffaflığın, dürüstlüyün, hesabatlılığın hesabına əldə olunub: “Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıbdır və biz bundan istifadə edirik. İlin sonuna hələ təxminən 6 ay var. Budur, bizim maliyyə-iqtisadi imkanlarımızın əsas faktoru. O ki qaldı iqtisadi artıma, əlbəttə, biz bunu hər dəfə iki yerə bölürük – iqtisadi artım və qeyri-neft iqtisadiyyatının artımı. Hər iki istiqamət üzrə yaxşı nəticələr var. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Çox yaxşı nəticələrdir və bu nəticələri biz real həyatda da görürük. Çünki bu, imkan verir ki, biz maaşları artıraq, pensiyaları artıraq. Əhalinin gəlirləri təxminən 20 faiz artıb. Düzdür, inflyasiya bu artımın bir hissəsini, necə deyərlər, yeyir. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır. Hətta inflyasiya bəlkə 0-0,5, 1 faiz olan ölkələrdə indi inflyasiya ikirəqəmli inflyasiyaya yaxınlaşır. Yəni, bu, ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq”. Onu da deməliyəm, indi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq. Azərbaycanda iqtisadi inkişaf, sosial məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası, nəhəng infrastruktur layihələri, nəqliyyat, energetika layihələri, sabitlik, əmin-amanlıq – bunu hər kəs, necə deyərlər, real bir fakt kimi qəbul edir və bu, çox yaxşıdır. Mən çox şadam ki, bunu hər kəs belə görür və belə də qəbul etməlidir. Amma bunu təmin etmək üçün nə etmək lazımdır? Bunu bəziləri görmür və yaxud da görmək istəmir. Biz öz hesabımıza yaşayırıq. Heç kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz həyatımızı özümüz qururuq. Heç kimin işinə qarışmırıq, amma, eyni zamanda, qoymuruq kimsə gəlsin bizim işimizə qarışsın. İqtisadi müstəqillik, yenə də deyirəm, siyasi müstəqilliyin təməl daşıdır.
Dövlətimizin başçısı müşavirədə, həmçinin qeyd edib ki, Azərbaycan öz sözünə sadiq qalan ölkədir və bunun sübutu olaraq beynəlxalq arenada Azərbaycanın oynadığı rolu, göstərdiyi həmrəyliyi və ehtiyac içərisində olan ölkələrə verdiyi həm humanitar, həm də maliyyə dəstəyini misal çəkmək olar. Və bu da birmənalı olaraq demək lazımdır ki, bu gün ölkəmizin beynəlxalq nüfuzunun durmadan artması Prezident İlham Əliyevin xarici siyasətinin məntiqi nəticəsidir. Belə ki, bu istiqamətdə atılan önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Azərbaycanın paytaxtında keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, Qoşulmama Hərəkatının çox böyük potensialı var və bu təşkilat həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün çox önəmli platformadır və Azərbaycan da Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfələr verib. “Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına böyük töhfə vermişik”,-deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində hesab edirəm ki, yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb: «Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək istərdim. Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Bu, bizim təşəbbüsümüz idi və bu təşəbbüs artıq özünü real həyatda göstərir. Eyni zamanda, Gənclər Platforması da yaradılır. Gənclər forumu keçiriləcək və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaqdır. Bizim sədrliyimiz bir daha göstərdi ki, Azərbaycan öz sözünə sadiqdir. Beynəlxalq arenadakı oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək – humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu, əlbəttə ki, böyük dərəcədə artırmışdır». Azərbaycan Prezidentinin daxili siyasətində sosial ədalət, əhalinin rifahı prioritet istiqamət təşkil edir
Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri
