Qəbələ rayonu Həmzəlli kəndində yerləşən Şıx Baba pirinin tarixi

Baş səhifə

Şıx Baba piri — Qəbələnin Həmzəli kəndi ərazisində yerləşəir.

El dilində İşıq baba kimi tanınan ən ağır ocaq Həmzəlli kəndindədir. Şıx Baba piri XVI əsrin abidəsidir. Pirdəki şeyxə məxsus məqbərə, içəridəki məzar və üzərindəki kitabələr hazırda mühafizə olunur. Bu abidələr kompleksinin yaranması tarixi haqqında dəqiq məlumat yoxdur.

Məqbərədə saxlanılan Şeyxə aid sənəd oxunarkən məlum olub ki, şəhadətnamə hicri tarixi ilə 1283-cü ilin ramazan ayının əvvəllərində (7.1-6. 11. 1867 ildə) yazılıb. Şəhadətnamədə Həmzəlli kənd sakinlərindən Seyyid Hacı Əli Əfəndi və Seyyid Lütfəli qardaşlarının əsrlərdən bəri ziyarətgah kimi şöhrət tapmış məqbərədə dəfn olunmuş alimin nəslindən olmaları və pirdə mücövürlük haqqına malik olmaları göstərilib. Şəhadətnamə Nuxa qəzasının Qəbələ mahalına daxil olan Qəbələ, Vəndam, Bum, Mıxlıqovaqlı, Tikanlı kəndlərindən olan 33–dən çox yüzbaşı, kəndxuda, ruhani və bəylərin möhür və imzası ilə təsdiq edilmişdir.

Sənəddə şeyxin adı “ariflərin qütbü, mövlana, Seyyid Şeyx Məhəmməd” – deyə qeyd edilib. Beləliklə, Şeyx Məhəmmədin sağlığında daşıdığı “ariflərin qütbü, “mövlana”, “şeyx” ləqəb-lərinə, məqbərəsinin müqəddəs məkan kimi ziyarətgaha çevril-məsi və digər amillərə görə, onun ruhani-alim, ictimai-siyasi xadim kimi xalq kütlələri arasında böyük nüfuza malik olduğunu göstərir.

Bu bir daha şeyxin məqbərəsi ətrafında böyük bir qəbiristanın meydana gəlməsi ilə izah edilə bilər. Ətrafda Şirvan-Abşeron bədii daşyonma sənəti və xəttatlıq məktəbi ustalarına məxsus XV-XVI əsrə aid sənduqə formalı xatirə abidələri mövcuddur. Məqbərənin şərq divarı önündə alim Mövlana Sədrəddin dəfn olunub. Onun qəbri üzərində mərmər başdaşı və sinə daşı qoyulub. Abidə çox nəfis işlənmiş nəbati naxışlarla və kitabə motivləri ilə bəzədilmişdir.

Sinə daşının haşiyəsində Qurandan 2-ci surənin 39-cu ayəsi, 29-cu surənin 56-cı ayəsi yazılıb. Haşiyədən içəri xalça ornamentləri həkk olunub. Düzbucaqlı kitabə motivində ərəbcə mərhumun adı və vəfatı tarixi yazılıb. “Bu qəbir alim, fazil Mövlana Sədrəddinindir. 1012 il” (1603/1604). Başdaşında ( 0,95X0,41X0,5 m) Qurandan 97, 1-5; 29, 56 ayələr yazılıb. Alimlərin qənaətinə görə yüksək dərəcəli alimlərə məxsus ləqəblərlə qeyd edilmiş Şeyx Sədrəddin Mövlana Şeyx Məhəmmədin davamçılarındandır. Ətrafdakı abidələrə əsasən qeyd edilir ki, məqbərə sosial-siyasi və iqtisadi əhəmiyyəti olan bir mərkəz kimi XIV əsrin əvvəllərindən fəaliyyət göstərib (Müasir dövrdə bu ocağa göz xəstəliklərinə düçar olan insanlar daha çox niyyət olunurlar).

Əsədova Esmira- Qəbələ şəhər 1 saylı tam orta məktəbin tarix müəlliməsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir