XX əsrin 80-cı illərinin sonu və 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda və Azərbaycanımızın tərkib hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi yaddaşlara həkk olunmuşdur. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin vətənimizin, dövlətimizin maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə baş verən gərginliklər Muxtar Respublikanın infrastrukturuna öz mənfi təsirini göstərmişdi.
Bu illərdə Azərbaycanın bütün bölgələrində və onun ayrılmaz hissəsi olan Naxçıvanda xalqın azadlıq uğrunda apardığı azadlıq mübarizəsini qələbə ilə başa çatdırmaq üçün böyük siyasi təcrübəyə, fenomenal diplomatik qabiliyyətə malik dahi sərkərdə, zamanı qabaqlamaq qabiliyyətinə malik olan bir rəhbər lazım idi. Belə bir rəhbər Azərbaycanın və bütün Türk Dünyasının Ümummilli Lideri Heydər Əliyev oldu.
Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev 1990-cı ilin iyulun 20-də Moskvadan Bakıya, 1990-cı ilin iyulun 22-də isə Naxçıvana gəlmişdir. 21 avqust 1990-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Rəyasət Heyyəti Ulu Öndərin Naxçıvan MSSR-ın vətəndaşlığı barədə qərar qəbul etmişdir.
Fenomen şəxsiyyət Heydər Əliyev 30 sentyabr 1990-cı ildə keçirilən Azərbaycan SSR və Naxçıvan MSSR-in xalq deputatlığına seçilmişdir. 1990-cı ilin 17 noyabrında isə 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin ilk sesiyası onun sədrliyi ilə keçirilmiş və həmin sessiyada çox mühüm qərarlar qəbul edilmişdir. O qərarlardan biri və böyük tarixi əhəmiyyət kəsb edəni odur ki, bu sessiyada Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası və bu üçrəngli dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi qərarı oldu. Həmin qərara əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qalırdı.
Naxçıvan MR Ali Məclisinin birinci sessiyasında ən mühüm məsələlərdən biridə 20 yanvar 1990-cı il faciəsinə verilən siyasi qiymət idi. Bundan başqa 1991-ci il 26 oktyabrda keçirilən Naxçıvan MR Ali Məclisinin sessiyasında 7 noyabr bayramının (oktyabr inqilabı günü) ləğv olunması haqqında da qərar qəbul olunmuşdur.
Ulu Öndərin Naxçıvandakı uğurlu fəaliyyətində Muxtar Respublikanın bütün sosial-iqtisadi və mədəni inkişafında gördüyü işləri bir yazıda oxucuya çatdırmağın təbii ki, qeyri mümkünlüyünü nəzərə alaraq bəzi cəhətləri nəzərə çatdırmaq istərdim:
1. Dünya azərbaycanlılarının həmrəylik günü və Bilik günü haqqında fərman imzalaması;
2. 29 oktyabr 1991-ci ildə Ulu Öndərin ciddi səyi nəticəsində Naxçıvan MR-in Sədərək rayonunda Azərbaycanla Türkiyə arasında Araz çayı üzərindən salınmış müvəqqəti körpünün açılışının olması;
3. 22-25 mart 1992-ci ildə Türkiyədə Türkiyə ilə Naxçıvan arasında maliyyə iqtisadi texniki yardım göstərilməsi barədə, 100 milyon dollar məbləğində kredit ayrılması və hər il 100 tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə əməkdaşlıq protokolunun imzalanması;
4. 28 may 1992 ci ildə Araz çayı üzərində Naxçıvanla Türkiyə arasında tikilmiş “Ümid” körpüsünün açılışının olması;
5. 22-26 avqust 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin İran İslam Respublikasına səfəri zamanı Naxçıvan ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlığa dair protokolların imzalanması;
6. 1992-ci ildə Türkiyə və İranla bağlanmış əməkdaşlıq müqavilələri əsasında Sədərək, Culfa və Şahtaxtı keçid məntəqələrinin yaradılması;
7. Naxçıvan şəhəri yaxınlığında İstilik Elektrik stansiyasının tikilməsi və İrandan Culfa rayonuna, Türkiyənin İqdır vilayətindən 92 kilometrlik məsafədən yüksək gərginlikli elektrik xətlərinin çəkilməsinin başa çatdırılması ilə Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə olan ehtiyacının əsasən ödənilməsi və s.
Bu gün yuxarıda sadalanan və sadalanmayan uğurlu fəaliyyətlərin hər biri zamanında böyük cəsarət, hünər və qəhrəmanlıq tələb etmişdir. Bu qəhrəmanlığın öhdəsindən gələn dahi insan, fenomen şəxsiyyət, Ulu Öndər Heydər Əliyev olmuşdur.
Bir sözlə, Ulu Öndərin 1991-1993-cü illər arasında Naxçıvandakı hakimiyyəti dövrü Naxçıvan Muxtar Respublikasının məhv olmaq təhlükəsindən xilas olunmasının və geniş tərəqqi yoluna çıxarmasının bir qürürverici tarixidir. Bu gün Naxçıvanda gedən bütün quruculuq-abadlıq işlərinin, inkişafın yaradıcısı və meyarı Ulu Öndər olmuşdur.
Nə qədər ki, qədirbilən xalqımız var, nə qədər ki müstəqil Azərbaycan var, Ulu Öndər daima qəlblərdə yaşıyacaq, xatirəsi ehtiramla anılacaqdır.
Səlimağa Səlimli,
Salyan rayonu Şəkərli kəndi, Əməkdar müəllim.
