İlham Əliyev: “Azərbaycan döyüş meydanında öz haqqını bərpa edib,  düşməni məğlubiyyətə uğradıb və bundan sonra müzəffər xalq kimi,  qalib ölkə kimi əbədi yaşayacaq”

Baş səhifə

 

Prezident İlham Əliyevin Vətən müharibəsində qələbəmizin ildönümü münasibətilə tədbirləri işğaldan azad olunmuş bölgələrdə keçirməsi artıq ənənəyə çevrilib.

Dövlət başçısının hətta Novruz bayramını da Şuşada qeyd etməsi böyük məna daşıyan, cəmiyyətin düşüncəsinə, duyğusuna çox müsbət təsir edən addımlardır. Prezidentin Anım günü ilə bağlı işğaldan azad olunmuş əraziyə səfəri onun bu torpaqlara necə böyük önəm verdiyini göstərdi.

“Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”. Bu fikirləri Vətən müharibəsinin başlanmasının ikinci ildönümündə Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrında ilk şəhid verdiyimiz yerdə – şəhidlərimizin şərəfinə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında ucaldılan abidəni ziyarət edərək söylədi. Müzəffər Ali Baş Komandan işğaldan ilk azad olunan ərazilərdən səslənərək bir daha qeyd etdi ki, Azərbaycan döyüş meydanında öz haqqını bərpa edib, düşməni məğlubiyyətə uğradıb və bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacaq.

Bildiyimiz kimi, Füzuli rayonu 44 günlük Vətən müharibəsində Zəfərin əldə olunmasında xüsusi töhfəsi olan rayonlardandır, çünki əks-hücum əməliyyatı da məhz burada başlayıb, bu baxımdan ilk şəhidlərimizi də Füzuli uğrunda gedən döyüşlərdə vermişik. Füzulinin Qaraxanbəyli kəndində ucaldılan abidə də məhz Azərbaycan dövlətinin, xalqının şəhidlərin ruhuna olan hörmətini bir daha nümayiş etdirir. Anım günündə cənab Prezidentin abidəni ziyarət etməsi, onun önündə çıxış etməsi şəhidlərimizin ruhuna ehtiramın göstəricisidir.

Möhtərəm Prezidentimiz İlham Əliyev çıxışı zamanı çox incə məsələlərə toxunaraq Azərbaycan oğlunun, şəhidinin, qazisinin keçdiyi qəhrəmanlıq yolunu, 44 günlük vətən savaşında canından keçən və şəhidlik zirvəsinə ucalan ilk şəhidlərimiz haqqında, onların hər gün düşmən üzərinə qorxmadan irəliləmələri barədə geniş məzmunlu tarixi faktlar söylədi və şəhidlərimizin qanlarının yerdə qalmadığını bir daha vurğuluyaraq prioritet hədəflərə çatmağın yollarını televiziya vasitəsilə qalib Azərbaycan xalqına bəyan etdi.

Bəli, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə möhkəm təməl üzərində son 18 ildə görülən işlərin nəticəsi oldu. Azərbaycan bu illər ərzində ərazi bütövlüyümüzün bərpasına hazırlıq işlərini gördü. Bu ədalət savaşının nəticəsində xalqımızın mədəniyyət beşiyi hesab edilən Şuşanın azad olunması isə Müzəffər Ali Baş komandanımızın və son 18 ildə yetişən mərd, igid, qorxmaz, vətəni, milləti, dövləti və bayrağı üçün canından keçən oğulların Zəfər zirvəsi oldu. Bu igidlər adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdı. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur.

İşğaldan azad edilmiş ərazilərimiz bu gün quruculuq meydanını xatırladır, bərpa və quruculuq işləri geniş vüsət alıb. Ölkəmiz yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Üç hava limanının inşası, 100 kilometrlərlə dəmir yolunun, tunellərin, avtomobil yolunun çəkilməsi və bütün bölgədə elektrik enerjisi ilə, içməli su ilə, məktəb və xəstəxana tikintisi ilə bağlı işlər, bir milyona yaxın insanın dogma yurdlarına qayıtması, habelə digər irihəcmli işlər Böyük Qayıdış çərçivəsində reallaşır.

Cənab Prezidentimizin məlum fərmanı ilə iqtisadi rayonlar yaradılıb, “Azərbaycan-2030” sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Proqramı təsdiqlənib, bütün bunlar qarşıdakı illərin aydın mənzərəsini verməklə Qarabağlı və Şərqi-Qərbi Zəngəzurlu Azərbaycanın möhtəşəm inkişafının təzahürləridir.

Hər bir vədini əməli fəaliyyəti ilə təsdiqləyən Prezidentə xalqın sevgisi şəksizdir. “Biz gəldik və burada əbədi olcağıq” söylədi Cənab Prezidentimiz. Bu, qalib Lider kimi işğaldan azad edilmiş ərazilərimizə səfərlərin əbədi gəlişinin təsdiqidir.

Xalqımız əmindir ki, Azərbaycanımız daha yüksək zirvələri fəth edəcəkdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman bəyan etdiyi kimi, bu gün Azərbaycanın cəsarətli, xalqın iradəsinə əsaslanmış, milli maraqlar üzərində qurulmuş siyasəti bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə bağlı sözümüzü böyük nikbinliklə deyək. Bu nikbinliyə əsas verən 1993-cü ildən başlanan yolun Azərbaycana qazandırdığı böyük uğurlardır.

Səlimağa Səlimli, Əməkdar Müəllim

Salyan rayon Şəkərli kəndi, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir