Avstraliya rəhbərliyi bütün dünyanı lərzəyə salan vətəndaşını ABŞ-dən geri almaq istəyir – FOTO/VİDEO

Dünya

Avstraliyanın Baş naziri Entoni Albaneze Avstraliya vətəndaşı, “WikiLeaks”in yaradıcısı Culian Assanjın vətəninə qayıtması üçün mümkün olan bütün diplomatik səyləri göstərmək niyyətindədir.

Bu barədə hökumət başçısının özü bəyan edib.

Albeneze Culian Assanjın həbsdə saxlanmasının hansı konstruktiv məqsədə xidmət etdiyini anlamadığını deyib:

“Onun başına gələnlər kifayətdir. Bu (onun Avstraliyaya qayıtması – red.) məsələ həll olunmalıdır və mən bütün diplomatik vasitələrdən istifadə etməyə davam edəcəyəm”, – deyə baş nazir bildirib və ABŞ administrasiyasının nümayəndələri ilə söhbətlərində Assanjın gələcəyi mövzusunu dəfələrlə qaldırdığını vurğulayıb.

O, mövcud vəziyyətin asan həlli olmadığını, bununla belə, bir çox avstraliyalıların bu məsələdən narahat olduqlarını qeyd edib.

“ABŞ-dəki dostlarımıza fikrimizi diplomatik və konstruktiv şəkildə çatdırmağa davam etmək lazımdır. Assanj saqası (dastanı – red.) uzun müddətdir ki, davam edir, ona son qoymağın vaxtı çatıb”, – deyə hökumət başçısı vurğulayıb.

Qeyd edək ki, Assanja qarşı məhkəmə işi “WikiLeaks” saytında ABŞ-nin İraq və Əfqanıstandakı müharibələr zamanı fəaliyyətlərinə dair sənədləri dərc etdikdən sonra başlanıb.

Bundan başqa, Assanj İsveçdə zorlamada ittiham olunurdu (2010-cu ildə).

2012-ci ildə ekstradisiya olunacağından qorxan Assanj Ekvadorun Böyük Britaniyadakı səfirliyində gizləndi.

Ancaq 2019-cu ildə siyasi sığınacaqdan məhrum edildi. Həmin vaxtdan o, Londondakı Belmarş həbsxanasında saxlanılır.

May ayında Londonun Vestminister Magistrat Məhkəməsi Assanjın ABŞ-yə ekstradisiyasına dair order verib. İyulun 17-də Britaniya Daxili İşlər Nazirliyinin ozamankı rəhbəri Priti Patel bir sıra Britaniya məhkəmələrində onun işinə baxıldıqdan sonra Assanjın işinin ABŞ Prokurorluğuna həvalə edilməsi barədə qərar qəbul edib. Qərarda deyilirdi ki, hakimlərin fikrincə, Assanjın ekstradisiyası “repressiv, ədalətsiz tədbir olmayacaq”.

ABŞ-də Amerika tarixində ən böyük məxfi məlumatların açıqlanması ilə bağlı cinayətlərdə ittiham olunan Assanjı 175 il həbs cəzası gözləyir.

“WikiLeaks” 51 yaşlı avstraliyalının siyasi səbəblərə görə təqib edildiyini bildirir. Vəkilləri Patelin qərarından apellyasiya şikayəti veriblər. Son üç ildir ki, Assanj Londonun yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü Belmarş həbsxanasında saxlanılır.

Mənbə: TASS