Cənubi Qafqaz regionu onilliklər ərzində qarşıdurmalar, münaqişələr və geosiyasi gərginliklərlə yadda qalıb. Xüsusən də Azərbaycan və Ermənistan arasında uzun illər davam edən müharibə və işğal, yalnız iki xalqın deyil, bütün regionun inkişaf imkanlarını məhdudlaşdırıb. Lakin son illərdə baş verən hadisələr və aparılan diplomatik təşəbbüslər, bu reallığın dəyişməsi üçün real zəmin yaradıb. Azərbaycanın siyasi iradəsi, beynəlxalq tərəfdaşlarla qurulan səmərəli əməkdaşlıq və sülh istiqamətində atılan konkret addımlar, yeni bir tarixi mərhələnin başlanğıcını müjdələyir.
Məhz belə bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a rəsmi səfəri, Ağ Evdə keçirilən görüşlər və mətbuata bəyanatla çıxışı, həm ikitərəfli münasibətlər, həm də Cənubi Qafqazın gələcək inkişaf perspektivləri baxımından xüsusi əhəmiyyət kəsb etdi. Prezidentin sözləri, təkcə bugünkü siyasi gündəliyi deyil, həm də regionun gələcək onilliklərini müəyyən edə biləcək strateji istiqamətləri əks etdirdi.
Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, bu gün həqiqətən də tarixi bir gündür: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz ‘Tramp rifah və sülh marşrutu’ rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır.”
Prezidentin sözlərinə görə, Azərbaycan və Ermənistan müstəqilliklərini eyni dövrdə – Sovet İttifaqının süqutundan sonra əldə etsələr də, həmin vaxt Azərbaycan artıq müharibənin içində idi. Bu səbəbdən ölkəmiz uzun illərini itirdi, işğal, qaçqın və məcburi köçkün problemləri, iqtisadi çətinliklər və qan tökülməsi ilə üz-üzə qaldı. Bu gün isə vəziyyət dəyişib – regionda sülhün bərqərar olması üçün real imkan yaranıb.
Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, bu gün imzalanan sənəd Azərbaycanın sülh iradəsini və gələcəyə baxışını açıq şəkildə göstərir: “Biz sülh istəyirik, amma, eyni zamanda, əlaqə istəyirik. Ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçid yaratmaq istəyirik ki, bu da daha geniş region, hətta Ermənistan üçün çoxlu imkanlar açacaq. Ermənistanın Baş naziri ilə görüşlərdən birində ona dedim ki, Ermənistan tranzit ölkəyə çevrilə bilər. Bildirdim ki, siz tranzit ölkə olmağın nə demək olduğunu bilmirsiniz, çünki heç vaxt olmamısınız. Yalnız Azərbaycan vasitəsilə tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil. Siz isə tranzit ölkə olmağın faydalarını görəcəksiniz.”
O əlavə etdi ki, Azərbaycan özü də daha güclü tranzit ölkəyə çevrilmək niyyətindədir. Ərazimizdən keçən nəqliyyat dəhlizlərinin yükdaşımada daha çox iştirak etməsi ölkəyə həm iqtisadi gəlir, həm də siyasi təsir gücü qazandıracaq. Ermənistan isə uzun illər ərzində bu imkanlardan könüllü şəkildə imtina edib və özünü regional iqtisadi layihələrdən təcrid edib.
Prezidentin təqdim etdiyi yeni təşəbbüslərdən biri də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanır. Bu nəqliyyat marşrutu, regionda yeni kommunikasiya xətləri və ticarət yolları açmaqla yanaşı, həm də siyasi sabitliyə töhfə verəcək. Prezident İlham Əliyev bu barədə deyib: “Amma dediyim kimi, vaxt itirməməliyik. Ən qısa zamanda işə başlamalıyıq. Bu obyektə ABŞ rəhbərlik edəcək və ümidvaram ki, bütün region ölkələrinin xeyrinə olacaq bu əlaqə xətlərinin qurulması kimi mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq.”
Bu bəyanat, yalnız Azərbaycan diplomatiyasının qətiyyətini deyil, həm də yeni beynəlxalq əməkdaşlıq modelinin əsas konturlarını ortaya qoyur. Məsələ təkcə iki ölkə arasında münasibətlərin normallaşması ilə bitmir – bu proses regionun iqtisadi xəritəsini dəyişdirəcək, yeni enerji, ticarət və nəqliyyat marşrutları yaradacaq, xalqlar arasında etimad mühitini möhkəmləndirəcək.
Prezident İlham Əliyevin Ağ Evdəki çıxışı, əslində, təkcə səfərin diplomatik nəticələrinin təqdimatı deyildi. Bu bəyanat Azərbaycanın regional sülhün bərqərar olunması, iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi və beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində qətiyyətini nümayiş etdirdi. Səsləndirilən strateji təşəbbüslər bir daha göstərdi ki, Azərbaycan bu gün Cənubi Qafqazın gələcəyini müəyyən edən aparıcı dövlətlərdən biridir. Ölkəmiz regional sabitliyin qorunmasında, nəqliyyat-kommunikasiya xətlərinin inkişafında və beynəlxalq iqtisadi layihələrin reallaşdırılmasında etibarlı tərəfdaş kimi tanınır. Ağ Evdə səslənən bu mesajlar həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə açıq şəkildə göstərdi ki, Azərbaycan sülhə nail olmaq və onu qorumaqla yanaşı, bölgənin rifahını təmin edəcək uzunmüddətli əməkdaşlıq modelini qurmaq əzmindədir. Bu çıxış, eyni zamanda, yeni bir mərhələnin başlanğıcı kimi tarixə düşdü.
İlkin Əzizov,
Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi, YAP fəalı
