Ağalar Vəliyev: Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin memarı və dövlətçiliyinin banisidir

Siyasət

XX əsr dünya tarixinin ən parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu gerçəkliyə çevirərək milyonların qəlbində özünə əzəmətli abidə ucaldan Heydər Əliyev müstəqil Azərbaycanın memarı, çağdaş dövlətçiliyimizin qurucusu və ölkəmizin dayanıqlı inkişaf strategiyasının banisi kimi hər zaman dərin hörmət və böyük ehtiramla anılır. Ümummilli Liderin əbədiyyətə qovuşmasından ötən zaman kəsiyi bizə bu tarixin əzəmətini və möhtəşəmliyini tam mənası ilə anlamaq, Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini dərindən dərk etmək imkanı verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin əsas mərhələlərinə toxunan deputat qeyd edib ki, onun həm sovetlər dönəmində, həm də müstəqillik dövründə Azərbaycanın hərtərəfli inkişafının təmin edilməsində müstəsna xidmətləri olub. Belə ki, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında dönüş yaranıb. Sovet dövründə Ulu Öndər Heydər Əliyev mərkəzi hökumətin sərt ideoloji çərçivələrinə baxmayaraq, Azərbaycanın inkişafını prioritetlər siyahısına daxil edib və bütün sahələrdə uğurlu islahatlar həyata keçirib. Təbiidir ki, Sovet İttifaqı dönəmində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar diqqətdən yayınmayıb. Keçmiş SSRİ kimi nəhəng fövqəldövlətin tarixində ilk müsəlman kadrı kimi ölkə rəhbərliyinə dəvət olunan Ulu Öndərin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işlədiyi 1982-1987-ci illər onun dünya siyasətində önəmli yer tutmasını şərtləndirib. SSRİ-nin dağılmasından sonra Ümummilli Lider siyasi fəaliyyətini müstəqillik şəraitində davam etdirib. Ulu Öndər 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini qorumaq və gücləndirmək istiqamətində mühüm addımlar atıb. Onun rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərpa olunub, hüquqi və iqtisadi islahatlar aparılıb, neft strategiyası formalaşdırılıb.

Ulu Öndərin Azərbaycan dövlətçiliyinin qorunmasındakı rolundan bəhs edən deputat bildirib ki, dahi Liderin xalqımız qarşısında ən mühüm xidmətlərindən biri Azərbaycanın dövlət müstəqilliyinin qorunması və onun beynəlxalq arenada mövqeyinin gücləndirilməsi olub. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya enerji bazarında mühüm aktora çevrilməsinə şərait yaradıb. Bu strateji addım təkcə iqtisadiyyatın inkişafını deyil, həm də siyasi müstəqilliyin möhkəmlənməsini təmin edib.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası müstəqilliyi, milli birliyi, xalqın mədəni və tarixi dəyərlərini qorumaq və inkişaf etdirmək məqsədi daşıyıb. Ümummilli Lider xalqının bu günü və sabahı ilə yaşayıb. Xalqa və Vətənə həsr olunmuş bu mənalı ömrün son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib.

Ağalar Vəliyev vurğulayıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır, çünki Azərbaycan onun arzuladığı səviyyəyə yüksəlib, işğal altındakı torpaqlarımız – Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində azadlığa qovuşub. Dövlətimizin başçısının qətiyyəti, əzmkarlığı sayəsində bu zəfərlər davamlı xarakter alır, ölkəmiz regional və qlobal aktor kimi beynəlxalq proseslərdə mühüm rol oynayır.

“Ümummilli Lider Heydər Əliyevin irsi Azərbaycan xalqının gələcək nəsillərə ötürüləcək milli sərvəti və dəyəridir. Bu irsi qorumaq və onu təbliğ etmək olduqca vacibdir. Çünki Ulu Öndərin dövlətçiliyin qorunmasında göstərdiyi prinsipiallıq və xalqa xidmət missiyası hər bir azərbaycanlı üçün örnəkdir. Son illərdə dövlətimizin başçısının müəllifi olduğu yüksək nailiyyətlər Ümummilli Liderin arzularının və amallarının həyata vəsiqə alması deməkdir. Heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha möhtəşəm uğurlar qazanacaq və daha uca zirvələr fəth edəcək”, – deyə deputat bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir