1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Ağdam şəhəri və rayonun böyük hissəsi tamamilə dağıdılmış, yaşayış məntəqələri xarabalığa çevrilmiş, mədəniyyət və sosial həyat dayanmışdır. Məscidlər, tarixi abidələr, məktəblər və digər infrastruktur obyektləri məhv edilmiş, şəhərin siması və əhalinin həyat şəraiti tamamilə dəyişmişdir. Bu dağıntılar yalnız maddi zərbə deyil, həm də Azərbaycan xalqının tarixi və mədəni yaddaşına vurulmuş ağır zərbə idi. 2020-ci ilin noyabrında, 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ağdam və digər işğaldan azad olunmuş torpaqlar geri qaytarılmışdır. Azad olunmuş Ağdamın yenidən qurulması və bərpası Azərbaycan dövlətinin prioritet siyasətinə çevrilmiş, şəhərin dağıntılardan xilas edilərək tarixi və mədəni şöhrətini bərpa etmək məqsədi qoyulmuşdur.
Ağdamın azad olunması ilə başlayan bərpa və quruculuq prosesi şəhərin tarixi şöhrətini yenidən canlandırmaqla yanaşı, onun gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər yalnız işğaldan azad olunmuş torpaqları geri qaytarmaqla kifayətlənməmiş, həm də şəhərin sosial, iqtisadi və mədəni həyatını yenidən qurmaq üçün genişmiqyaslı strategiyanın həyata keçirilməsinə imkan yaratmışdır. Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan isə bu strateji məqsədi rəsmi şəkildə təsbit edir və şəhərin uzunmüddətli inkişaf yol xəritəsini müəyyən edir. Bu plan çərçivəsində yalnız fiziki bərpa yox, həm də sosial rifah, təhsil, mədəniyyət və iqtisadiyyatın hərtərəfli inkişafı nəzərdə tutulub.
Qısa müddət ərzində Ağdamda mühüm infrastruktur layihələri reallaşdırılmışdır. 19 sentyabr 2024-cü il tarixində Eyvazxanbəyli kəndində təməlqoyma mərasimi keçirilmiş, Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq baş tutmuşdur. Ağdam Sənaye Parkında yeni zavodların açılışı şəhərin iqtisadi dirçəlişinin əyani göstəricisi olmuşdur. Eyni gün şəhərdə İmarət Kompleksinin bərpadan sonra açılışı və “Aghdam City Hotel”in istifadəyə verilməsi ilə şəhərin mədəni və turizm potensialı da gücləndirilmişdir. “İmarət” stadionunun təməlqoyma mərasimi və Xıdırlı kəndində görülən bərpa işləri yerli əhalinin sosial həyatının yaxşılaşdırılması məqsədinə xidmət edir. Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlər isə bölgənin nəqliyyat əlaqələrinin bərpası və inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
2025-ci ilin əvvəlində şəhərdə mədəniyyət və sosial obyektlərin bərpası davam etdirilmişdir. 18 fevral 2025-ci il tarixində “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanışlıq, Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışı, Ağdam Muğam Mərkəzində görülən tikinti işləri və “Ağdam Residence” yaşayış kompleksində yaradılan şərait şəhərin həm mədəni, həm də yaşayış infrastrukturunun yenilənməsinə xidmət edir. Eyni zamanda şəhərdə 2-ci yaşayış kompleksində aparılan işlər, 1 nömrəli körpələr evi-uşaq bağçası və tam orta məktəbdə tikinti işləri gənc nəslin müasir şəraitdə təhsil almasına, həmçinin ailələrin rahat və təhlükəsiz yaşam mühitinə malik olmalarına imkan yaradır.
27 mart 2025-ci ildə Sarıcalı kəndinin birinci mərhələsinin açılışı ilə Ağdam rayonunun kəndlərində bərpa işləri davam etdirilmiş, kənd infrastrukturu, sosial obyektlər və yol kommunikasiya xətləri yenilənmişdir. Bu tədbirlər kəndlərdə iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə və rayonun ümumi sosial-iqtisadi inkişafına xidmət edir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri zamanı həyata keçirilən bütün bu layihələrlə tanış olması dövlətin bu şəhərin inkişafına verdiyi prioriteti bir daha təsdiqləyir. Ağdam Muğam Mərkəzi, İmarət Kompleksi və digər mədəniyyət obyektləri şəhərin mədəni həyatını zənginləşdirir, turizm potensialını artırır və bölgənin mədəni irsinin qorunmasına xidmət edir. Yeni yaşayış kompleksləri, sənaye parkları, hotellər, stadion və təhsil obyektləri isə şəhərin sosial-iqtisadi infrastrukturunu gücləndirir, eyni zamanda regionda davamlı inkişafın təməlini qoyur.
Bütün bu layihələr birgə olaraq göstərir ki, Ağdam yalnız dağıntılardan xilas olmaqla kifayətlənmir, həm də Zəfərin gücü ilə tarixi şöhrətini yenidən bərpa edir. Şəhərin yenidən qurulması, mədəniyyət, təhsil və iqtisadi infrastrukturun müasir standartlar üzrə inkişaf etdirilməsi onu gələcəyə aparan regional mərkəzə çevirir. Ağdam bu gün keçmişin yaralarını sarayır, intibah dövrünə qədəm qoyur və Azərbaycanın güclü, müasir və inkişaf etmiş şəhərlərindən biri kimi yenidən doğulur.
Günel Zeynalova,
Salyan rayonu Kürqaraqaşlı kənd tam orta məktəbin direktoru, YAP fəalı
