Hər bir xalqın varlığını və müstəqil düşüncəsini yaşadan ən böyük güc onun dilidir. Dil – sadəcə ünsiyyət vasitəsi deyil, bir xalqın yaddaşı, ruhu, dünyagörüşü və tarixidir. Məhz ana dili vasitəsilə nəsillər bir-biri ilə bağlanır, mədəniyyət bir dövrdən digərinə ötürülür. Azərbaycan xalqı üçün də ana dili milli kimliyin təməlidir. Azərbaycan dili bu gün təkcə ölkəmizdə deyil, dünyanın müxtəlif regionlarında səslənir, öyrənilir və yaşadılır. Lakin bu nailiyyətlər öz-özünə baş verməyib. Tarixi proseslər sübut edir ki, dilin yaşaması üçün güclü siyasi iradə, mütəşəkkil cəmiyyət və strateji düşüncə tələb olunur. Ana dilimizin qorunması və inkişafı istiqamətində bu cür dövlətçilik nümunəsini məhz Ümummilli Lider Heydər Əliyev yaratmışdır. Onun əsasını qoyduğu dil siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilir, yeni mərhələyə qədəm qoyur.Prezident İlham Əliyev ana dilinə münasibətdə olduqca həssas və ardıcıl mövqe sərgiləyir. Onun rəhbərliyi ilə Azərbaycan dili yalnız konstitusion statusunu qoruyub saxlamır, həm də dövlət idarəçiliyində, təhsildə, elmdə, mətbuatda və rəqəmsal mediada öz mövqeyini daha da möhkəmləndirir. Prezidentin fikrincə: “Azərbaycan dili bizim milli sərvətimiz, qürur mənbəyimizdir. Bu dildə düşünmək, yazmaq, yaratmaq, bu dili yaşatmaq hər bir azərbaycanlının borcudur.”. Bu fikirlər sadəcə bir bəyanat deyil – konkret dövlət proqramları, hüquqi sənədlər və praktiki tədbirlərlə möhkəmləndirilmiş fəaliyyət xəttidir. Prezident İlham Əliyevin fərman və sərəncamları ilə son illərdə Azərbaycan dilinin orfoqrafiya qaydaları yenilənmiş, təhsil sistemində dil fənni üzrə tədris gücləndirilmiş, KİV-də dil normalarına nəzarət artırılmış, eyni zamanda dilimizin informasiya texnologiyaları sahəsinə inteqrasiyası sürətləndirilmişdir. Bütün bu addımların arxasında dayanan əsas ideya ölkə başçısının formalaşdırdığı və həyata keçirdiyi “milli dil strategiyası”dır. Bu strategiya həm ənənəyə, həm də müasirliyə əsaslanır: bir tərəfdən dilin tarixi-mədəni zənginliyi qorunur, digər tərəfdən isə o, müasir texnologiyalar və kommunikasiya vasitələri ilə uyğunlaşdırılır.Azərbaycan dilinin nüfuzunun artması həm də beynəlxalq müstəvidə müşahidə olunur. Xaricdə fəaliyyət göstərən Azərbaycan məktəblərində, mədəniyyət mərkəzlərində və diaspor təşkilatlarında bu dil öyrədilir, tədqiq olunur və təbliğ edilir. Bu da dövlətin milli maraqlarının beynəlxalq səviyyədə ifadəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.Azərbaycan əlifbasının latın qrafikasına keçidi də ana dilimizin müasir çağırışlara uyğunlaşdırılması yolunda mühüm addım idi. Bu islahat Ülu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlasa da, onun davamlı və effektiv şəkildə icrası Prezident İlham Əliyevin dövründə mümkün olmuşdur. Yeni əlifba sisteminin tam oturuşması, təhsil və informasiya sahəsində tətbiqi, texnoloji inteqrasiyası Prezidentin bu sahəyə göstərdiyi xüsusi diqqətin nəticəsidir. Prezident İlham Əliyev bu istiqamətdə çıxışlarının birində xüsusi vurğulayır:“Dövlət dili olan Azərbaycan dili bizim dövlət müstəqilliyimizin təməl sütunlarından biridir. Biz bu dildə danışmaqla müstəqilliyimizi qoruyuruq.” Bu yanaşma, sadəcə dilə hörmət yox, həm də onu milli təhlükəsizlik və dövlət quruculuğunun vacib elementi kimi dəyərləndirmək deməkdir.Əlbəttə, Azərbaycan dilinin qorunması yalnız dövlətin vəzifəsi deyil. Hər bir vətəndaş, xüsusilə gənclər bu sahədə məsuliyyət daşıyır. Ana dilində təmiz və düzgün danışmaq, ədəbi norma və üslub qaydalarına riayət etmək, dilin saflığını pozan hallara qarşı çıxmaq – bunlar hər bir azərbaycanlının milli borcudur. Biz bu dili nəsillərdən miras almışıq və onu gələcək nəsillərə daha zəngin və saf formada ötürməliyik.Bir sözlə, Ana dili – xalqın səsi, yaddaşı və varlığının ən möhkəm dayağıdır. Onu qorumaq sadəcə bir vəzifə deyil, həm də milli şüurun ifadəsidir. Dilimizi yaşatmaqla özümüzü yaşadırıq – çünki ana dili itirilən xalq zamanla tarixdən də silinir.Aygün Ələkbərova,Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi, YAP fəalı
