ANTİ-TERROR ƏMƏLİYYATI İLƏ ERMƏNİ TÖR-TÖKÜNTÜLƏRİ TORPAQLARIMIZDAN TƏMİZLƏNMƏLİDİR

Ana Vətən Partiyası

“Çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar niyyəti hələ də özünü göstərməkdədir. Eyni zamanda, Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşən Rusiyanın sülhməramlı qüvvələrinin də məsuliyyəti zonasında olan yerlərdə bu cür təxribatlar davam edir”. Bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Deputat qeyd edib ki, artıq separatçılara qarşı konkret və qəti addımlar atılmalıdır:

“Bu təxribat nəticəsində 2 övladımız şəhid oldu. Allah onlara rəhmət eləsin, yerləri cənnət olsun. Şəhidlərin ailələrinə, yaxınlarına və bütün xalqımıza başsağlığı verirəm. Bu hadisə artıq xalqımızın səbr kasasını doldurdu. Dəfələrlə ölkə Prezidenti, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi səviyyəsində verilən bəyanatlara, açıqlamalara baxmayaraq, hələ də ermənilərin bu cür vandallığı davam edir. Ona görə də, artıq konkret, qəti addımlar atılmalıdır. Düşünürəm ki, Rusiyanın sülhməramlı qüvvələri, necə ki, bu, Xarici İşlər Nazirliyinin bəyanatında özünü ifadə edib, Ermənistanın silahlı qüvvələrinin tör-töküntülərini dərhal, qeyd-şərtsiz, müzakirə aparılmadan oradan çıxarılmasını təmin etməlidir”.

Deputat, həmçinin qeyd edib ki, anti-terror əməliyyatı ilə erməni separatçıları və işğalçıları torpaqlarımızdan təmizlənməlidir:

“Digər tərəfdən, Azərbaycanın Laçın şəhəri ilə Ermənistanın sərhədində nəzarət-buraxılış məntəqəsi yaradılmalıdır. Orada həm Gömrük Komitəsinin əməkdaşları, həm Sərhəd Qoşunlarının əsgərləri tərəfindən sərhədimizi keçməyə cəhd edən istənilən şəxslər, avtomobillər yoxlamadan keçirildikdən sonra buraxılmalıdır. Əgər bunlar olmazsa, o zaman, düşünürəm ki, artıq sosial şəbəkələrdə də, telekanallarda da dünəndən bu günə qədər ən müxtəlif səviyyədə aparılan müzakirələr də bunu önə çəkir ki, Azərbaycanın qəhrəman Silahlı Qüvvələri hərəkətə keçməli və anti-terror əməliyyatı ilə erməni separatçılarını və işğalçılarını torpaqlarımızdan təmizləməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir