Azərbayan bərabərlik və dostluq prinsiplərinə hər zaman sadiq etibarlı tərəfdaşdır

Cəmiyyət

Bu gün Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin uğurla yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası nəticəsində Azərbaycan etibarlı strateji tərəfdaş kimi dünyada enerji təhlükəsizliyinin təmin olunmasında böyük önəm daşıyan ölkəyə çevrilmişdir. 

Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi mühüm və genişmiqyaslı layihələrin reallaşmasında əsas amillər sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı və oradan səsləndirdiyi fikirlər Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal üzvü olmaqla, öz təbii sərvətlərinin sahibi kimi əməkdaşlıq əlaqələrini dövlət maraqları əsasında reallaşdırdığını bir daha nümayiş etdirdi. Söz və əmələ əsaslanan fəaliyyət nəticəsində strateji hədəflər müəyyənləşdirilib. Bu gün Azərbaycanın özünün enerji ehtiyatlarından çox səmərəli istifadə edərək milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin iştirakçısı olması fikirlərimizi əsaslandırır.

Prezident İlham Əliyev “Enerji və bağlantı” mövzusunda keçirilən dəyirmi masada bir daha bu kimi məqamlara xüsusi diqqəti yönəldərək bildirdi ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.

“Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq”, – deyən Prezident bildirib ki, bu, bizim hədəfimizdir: “Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq. Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir. Digər bir məqam isə qazıntı yanacağı və onun müəyyən demonizasiyası ilə bağlıdır”.

Azərbaycanın enerji sektorunda qazandığı uğurlar bu reallığı təsdiqləyir ki, Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə gələcəyimiz üçün möhkəm təməl yaratdı. Dövlət başçısı İlham Əliyev qarşıdakı dövrün hədəflərini açıqlayarkən bildirir ki, bizim planlarımıza görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri yaradılmalıdır. Qeyd etdiyimiz rəqəm tam realdır. Bu, artıq imzalanmış kontraktlar əsasında olacaq: “Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. Biz iqlim dəyişikliyi məsələlərinə də öz töhfəmizi vermiş olacağıq, xüsusilə nəzərə alsaq ki, Azərbaycan bu il COP29-a – dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcəkdir. Ona görə bərpaolunan enerji növləri ilə bağlı bizim hədəflərimiz aydındır. Onu da bildirməliyəm ki, bütün bu layihələr xarici investorlar tərəfindən icra edilir və ediləcək.”

Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və dinamik xarici siyasət nəticəsində beynəlxalq aləmdə güclü iqtisadiyyata, müstəqil siyasətə malik Azərbaycan neft, qaz, elektirik enerjisi, neft – kimya məhsullarını dünyaya ixrac edir. Dünyada sülhsevər ölkə kimi tanınan müstəqil Azərbaycanın yürütdüyü xarici siyasəti nəticəsində beynəlxalq aləmdə tərəfdaşlarının sayı çoxalır.

Son olaraq qeyd edək ki, artıq dünyada iqtisadi və siyasi cəhətdən sabit Azərbaycanla iqtisadi əlaqələrə bütün Avropa maraqlıdır. Bütün siyasi gedişləri dərindən qiymətəndirən, atılan hər bir addımı zərgər dəqiqliyi ilə hesablayan Cənab Prezident İlham Əliyev Azərbayacanın iqtisadi rifahını əsas prioritet hesab edir və buna da, artıq nail olunub. Qarabağda aparılan geniş miqyaslı quruculuq işləri dövlətimizin iqtisadi gücünün göstəricilərindən biridir. Eyni zamanda dünyanın öndə gələn şirkətlərinin Azərbaycana investisya yatırmaqda maraqlı olmaları da, siyasi sabitliyimizin cəlb etmə gücünü yansıdır. İstənilən halda Avropa Azərbaycanla daha çox əməkdaşlıq etməkdə maraqlıdır. Çünki Azərbayan bərabərlik və dostluq prinsiplərinə hər zaman sadiq etibarlı tərəfdaşdır.

Elmar Əbilov,

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi,

YAP fəalı

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir