Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycan çox böyük tranzit imkanlarına malikdir. Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yollar məhz Azərbaycandan keçdiyi üçün ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticarət yollarının çoxunun birləşdiyi əlverişli logistik mərkəzə çevrilir. Azərbaycanın bütün Avrasiya regionu üçün strateji əhəmiyyətli logistik mərkəzə çevrilməsində ölkəmizin əlverişli coğrafi mövqeyi, burada zəruri nəqliyyat infrastrukturlarının mövcud olması, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da mühüm rol oynayır. Bu gün Avropa ilə Asiya arasında illik ticarət dövriyyəsi 1 trilyon dollara yaxındır. Həmin ticarət yüklərini öz ölkələri vasitəsilə ötürmək uğrunda dövlətlər bir-biri ilə ciddi rəqabət aparır. Hal-hazırda ticarət yüklərinin Xəzərin şərqindən qərbinə və ya əksinə daşınması üçün ölkəmizdə hər cür imkan var. Bununla yanaşı, gəmilərin yan ala biləcəyi hər cür imkanlara sahib Ələt Beynəlxalq Ticarət Limanı da fəaliyyət göstərir. Prezident cənab İlham Əliyevin uzaqgörənliyi sayəsində ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub nəqliyyat dəhlizinin qovşağına çevrilib. Azərbaycanda logistik nəqliyyat mərkəzinin yaradılması məqsədilə bərələr, tankerlər, quru yük gəmiləri, təyyarələr alınıb. Ticarət təyinatlı nəqliyyat marşrutlarının Azərbaycandan keçməsi ölkəmizə həm siyasi, həm də iqtisadi dividentlər gətirir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq layihələrinin həyata keçirilməsi çərçivəsində çox fəal əməkdaşlıq edir. Məsələn, 2018-ci ildə Şərq-Qərb marşrutu üzrə ölkəmizin ərazisindən keçməklə, ümumi çəkisi 9 milyon tondan çox olan tranzit yüklər daşınıb. Qeyri-neft məhsullarının tranzitində daha güclü artım müşahidə olunub. Bu artım 49 faizə bərabərdir. Şimal-Cənub marşrutu üzrə yüklərin tranzitinin həcmində 8 dəfə artım qeydə alınıb. Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycan ön sıralarda yer alır.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi yeni reallıqlar yaratmışdır. Gələcəkdə Zəngəzur dəhlizi ilə daha çox yük göndərmək mümkün olacaq. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə keçirməklə yükləri tez bir zamanda Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq. Bir sözlə, Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək. Ermənistanın hər bir vəchlə buna müqavimət göstərməsi isə faydasızdır. Azərbaycan bu məsələni regionda söz sahibi olan ölkələrlə çoxdan həll edib. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq, Avropa ilə Asiyanın daha sıx birləşməsinə təkan verəcək. Elə bu səbəbdən sözügedən dəhlizin açılması ilə bağlı Azərbaycanın mövqeyi Avropada, Çində də dəstəklənir. Ümumiyyətlə, Çin və Qərb dünyasında qəbul edilir ki, Zəngəzur dəhlizi bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrini, Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanı əlaqələndirən yeni körpüdür. Bütün bunlar Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrdə nə dərəcədə vacib rol oynadığını əyani şəkildə təcəssüm etdirir.
Artıq müasir dünyada hər bir ölkənin coğrafi, geostrateji mövqeyi onun siyasi, hərbi və iqtisadi siyasətinin xarakterini şərtləndirən və prioritetlərini müəyyənləşdirən ən önəmli faktorlar kimi çıxış edir. Azərbaycan Respublikası Xəzər və Qara dəniz arasında əlverişli geostrateji mövqedə yerləşən, özünün inkişafı ilə Cənub Qafqaz regionunun liderinə çevrilən bir ölkədir. Təbii ki, Avropa və Asiya arasında strateji məkan olan Cənubi Qafqazın aparıcı ölkəsi kimi Azərbaycan qitələrarası inteqrasiyada, ticarət proseslərinin həyata keçirilməsində tranzit ölkə kimi xüsusi maraq kəsb edir.
Prezident cənab İlham Əliyev Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışında da qeyd etmişdir: “Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub”.
Bəli, bu gün Azərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolunu oynamaq üçün əlverişli geosiyasi mövqe ilə yanaşı, zəngin yeraltı və yerüstü ehtiyatlara, yüksək insan potensialına, rəngarəng təbii-iqlim imkanlarına malikdir. Bütün bunları artıq bütün dünya alimləri, aparıcı şirkətlər də açıq şəkildə etiraf edir, eləcə də inkişaf etmiş ölkələr tərəfindən Azərbaycan dünyanın ən mühüm və böyük yol ayrıcı kimi qəbul olunur. Bu baxımdan da, yol ayrıcının yaratdığı imkanlardan səmərəli istifadəni təmin etməklə tranzit xidmətlərini büdcənin əsas gəlir mənbələrindən birinə çevirmək qarşıda duran başlıca vəzifələrdən biridir.
Əli Məmmədov,
Salyan bələdiyyəsinin üzvü, YAP fəalı
