Azərbaycan Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir

Baş səhifə

“Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü ona üzv olan ölkələrin iqtisadiyyatının inkişafı, təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, vacib problemlərin həlli, birgə fəaliyyətin tənzimlənməsi baxımından böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin Zirvə toplantısına qonaq qismində ikinci dəfə qatılması isə dövlətimizin dünyada artan nüfuzunun və ona göstərilən böyük etimadın ifadəsi olmaqla bərabər, ölkəmizə bəslənilən ümid və onun gələcəyinə olan inamdır.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda təşkilatın tam hüquqlu üzv kimi ölkələrinin sayı 10-a çatıb. Bunlar Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran və Belarusdur. Əfqanıstan, Monqolustan müşahidəçi üzvlər, Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı isə dialoq tərəfdaşlarıdır. Üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması təşkilatın əsas məqsədidir.

Azərbaycan bu təşkilatda dialoq tərəfdaşı statusuna sahib olmasına baxmayaraq, onun fəaliyyətində yaxından iştirak edir. Bu qurumla ölkəmiz arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb: “Terrorizm, ekstremizm və separatçılıq ilə mübarizəyə, regional təhlükəsizlik və sabitliyin qorunmasına böyük önəm verən dövlətimiz hər sahədə təşkilatla əlaqələrini ildən-ilə möhkəmləndirmək əzmindədir. 16 ölkənin dövlət və hökumət başçılarının qatıldığı Zirvə görüşünün “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr edilməsi bu günümüz üçün vacib və bəşəriyyəti düşündürən başlıca məsələdir.

Ölkəmiz hazırda ŞƏT-in regional təhlükəsizlik məsələləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin həyata keçirilməsi istiqamətində təşkilatla faydalı əməkdaşlıq edir. Bu mötəbər təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir və onu da qeyd edək ki, ölkəmizin ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır.

Tolerantlıq beşiyi kimi tanınan Azərbaycan dünyanın əksər ölkələri kimi, ŞƏT üzvləri ilə humanitar sahələrdə də fəal əməkdaşlıq əlaqələri qurub. Son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində ölkəmiz mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır. Cənab Prezidentin də qeyd etdiyi kimi, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.

Bir sözlə, Prezident cənab İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatında iştirakı və keçirilən səmərəli görüşlər zamanı bir çox məsələlərin gündəmə gətirilməsi, mövcud problemlərin həllinin araşdırılması, əməkdaşlığın möhkəmləndirilməsinə səylərin göstərilməsi və uğurların əldə edilməsi Azərbaycanın qələbəsidir və dövlətimizin getdikcə artan nüfuzunun parlaq göstəricisidir.

Könül Qəfərova,

Salyan Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir