
Bakı.Trend:
Noyabrın 25-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti
Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının
ədliyyə naziri Fərid Əhmədovu qəbul edib.
Trend xəbər
verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Fərid Əhmədov ilk növbədə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını
BƏƏ dövlət başçısına çatdırıb. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da
öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan dövlət
başçısına çatdırmağı xahiş edib.
<!—->
<!––>
Əbu-Dabidə baş tutan qəbul zamanı Azərbaycan və BƏƏ
prezidentlərinin təşəbbüsləri sayəsində iki ölkə arasında
münasibətlərin bütün istiqamətlər üzrə strateji tərəfdaşlıq
səviyyəsində olduğu diqqətə çatdırılıb.
Ölkə başçılarının əldə etdiyi razılıqlar əsasında iki ölkənin
ədliyyə nazirlikləri arasında imzalanmış mülki və ticarət işləri
üzrə, eləcə də cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və
ekstradisiya haqqında müqavilələr çərçivəsində əməkdaşlığın həyata
keçirildiyi vurğulanıb. Ədliyyə sahəsində sıx əməkdaşlığın ölkələr
arasında əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verdiyi
qeyd edilib.
Söhbət zamanı iki ölkə arasında hüquqi, eləcə də ədliyyə
sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanların
olduğu diqqətə çatdırılıb.
