Azərbaycan dünyada etibarlı tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edilr

Cəmiyyət

Bu gün Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı dövlətə çevrilməsi, dünyadakı mövqeyi onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində iştiraka gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir.

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü, gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb. Bu illər ərzində Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, enerji təhlükəsizliyi kimi məsələləri aktual saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna yardım göstərib.

Forumu əhəmiyyətli edən məqamlardan biri də Prezident İlham Əliyevin ənənəvi olaraq bu forumlarda iştirakı və iştirakçılarn çoxsaylı suallarını cavablandırmasından ibarətdir. Bu, Azərbaycan həqiqətlərinin çatdırılması, hadisələrə ölkəmizin baxışlarını bəyan etmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Forumda çıxış edən ölkə başçısı bu dəfə də bir sıra mühüm məsələlərə toxundu. Ölkəmizdə COP29 tədbirinin keçirilməsi, əldə olunan nailiyyətlər, eləcə də bir sıra dairələrin bu mühüm tədbiri baykot etməklə bağlı apardıqları fəaliyyət haqqında geniş məlumat verildi və Azərbaycana qarşı kampaniyanın iki mərkəzdən idarə olunduğu bildirildi. Prezident açıq şəkildə bəyan etdi ki, onlardan biri – ABŞ-ın Dövlət Departamenti idi. “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politico”, “Newsveek” və “Assoşieyted Press” kimi yalan xəbər mənbələri, sadəcə, ABŞ Dövlət Departamentinin təlimatlarını icra edirdilər. Digəri isə Fransa prezidentinin ofisi, Makron, onların “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər mətbuatı idi.

Ölkə başçısı çıxışında Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri, Xocalı soyqırımını, dini mədəni abidələrimizin dağıdılması faktlarını da bir daha diqqətə çatdıraraq hazırda da Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının qaldığını bildirdi.

Çıxışda mühüm məsələlərdən biri də Ermənistanın yeni müharibəyə hazırlaşdığı ilə bağlı oldu. Fransa və digərlərinin Ermənistanı sürətli şəkildə silahlandırmasının, Avropa Sülh Fondu vasitəsilə bu ölkəyə silahlanmaq üçün milyonlarla dollar vəsait ayrılmasının, şərti sərhəddə fəaliyyət göstərən və əslində Avropa İttifaqını kəşfiyyat missiyası rolunu oynayan qrupun fəaliyyətinin yeni müharibəyə sürüklədiyini qeyd edən ölkə başçısı bunun arxasında konkret Fransa Prezidenti Makronun dayandığını bildirdi.

Bir sözlə, forumda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı həm ölkəmizdə, həm də beynəlxalq arenada proseslərə qiymət verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı Azərbaycanın müstəqil siyasəti, regionda sülh və sabitliyin təmin olunmasına verdiyi töhfələr, beynəlxalq münasibətlər sistemindəki rolu və dünyada mövcud olan qlobal çağırışlara münasibəti xüsusi vurğulandı.

Bundan əlavə, tədbirdə müxtəlif ölkələrin prezidentləri, xarici işlər nazirləri, digər yüksək səviyyəli dövlət xadimləri və ekspertlərin iştirakı Forumun nüfuzunu artıran amillərdəndir. Liderlər və ekspertlər təkcə problemləri müzakirə etməklə yanaşı, eyni zamanda gələcək üçün strateji yanaşmalar və konkret təkliflərdə irəli sürürlər.

Beləliklə, XII Qlobal Bakı Forumu yalnız müzakirə məkanı deyil, həm də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi, dünya siyasətinin formalaşmasına təsir göstərən mühüm platforma kimi dəyərləndirilməlidir. Forumun nəticələri təkcə iştirakçı ölkələr deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün də əhəmiyyətli olacaq.

Elvin Ağayev,

YAP Salyan rayon təşkilatının gənc fəalı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir