İyunun 26-da yaranmasının 106-cı ildönümünü böyük fərəh və sevinc hissi ilə qeyd edəcəyimiz şanlı Azərbaycan Ordusu hər birimizin qürur yeridir. Ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması ilə əlamətdar olmuşdur.
Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması bu mənada mühüm əhəmiyyət daşımışdır. Ulu Öndərin rəhbərliyi ilə gənclərimiz müxtəlif respublikalarda hərbi təhsil almış, ixtisaslı hərbçi kadrlar kimi formalaşaraq vətənə qayıtmışlar. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun peşəkar komandan heyətini təşkil etmişdir. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il mayın 28-də imzaladığı Fərmanla 26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması ordu quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə malik hadisə oldu.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Dövlət başçımız tərəfindən bu istiqamətdə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 2003-cü ildən bəri keçən dövr ərzində Azərbaycan Ordusunun modernləşdirilməsi, döyüş qabiliyyətinin daha da yüksəldilməsi, maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, eləcə də hərbçilərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ordu quruculuğu məsələsinə hər zaman diqqət göstərmiş, bununla əlaqədar demişdir: “Elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.”
Ordu quruculuğu sahəsindəki bu əzmkar fəaliyyət əlbəttə öz bəhrəsini vermiş və biz hələ 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun gücünü, qələbə əzmini bütün dünyaya göstərmiş, həmin vaxt artıq Qarabağ Zəfərimizin yaxınlaşdığını hiss etmişdik. Həmin döyüşlərdə 25 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın 2 min hektarı, o cümlədən bir sıra strateji yüksəkliklər azad edildi. 2018-ci il may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmən üzərində tarixi qələbə və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər isə Azərbaycan ordusunun müvəffəqiyyət zirvəsini təşkil edir. Düşmənin kapitulyasiya aktına imza atmağa məcbur olması ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Ötən ilin sentyabrında isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində erməni hərbi birləşmələrini diz çökdürdü. Cəmi 23 saat davam edən antiterror əməliyyatı Azərbaycanın gücünü düşmənə, eləcə də onların havadarlarına bir daha göstərdi və beləliklə, ölkəmizin suverenliyi tam bərpa edildi. Oktyabrın 15-də ölkə başçısı Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Tarixi Zəfərdən sonra bizim ordu quruculuğu sahəsində fəaliyyətimiz daha da intensivləşmişdir. Qələbəni qoruyub saxlamaq zərurəti, erməni faşizminin təzahürlərinin hələ də zaman-zaman özünü göstərməsi, müasir dünyada baş verən hadisələr, dövlətlərin hərbi büdcələrini artırmaları, hərbi ittifaqlara qoşulmaq meyillərin güclənməsi, hərb sənayesinə diqqətin artırılması sübut edir ki, ölkələrin müstəqilliyini qorumları üçün yüksək texnologiyalara malik olan orduya ehtiyacları var. İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılması, cənab Prezidentin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissələrinin yaradılması, Silahlı Qüvvələrin büdcə vəsaitinin artırılması, hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universitetinin yaradılması, ordunun ən müasir hərbi-texniki vasitələrlə təmin edilməsi, hərbçilərimizin mütəmadi olaraq beynəlxalq hərbi təlimlərdə iştirakı ordumuzun gücünə güc qatmışdır.
Bəli, Ordumuzun inkişafı dövlətimizin inkişafı deməkdir. Cənab Prezidentin hər zaman vurğuladığı kimi Azərbaycan güclü dövlətdir, çünki onun güclü ordusu var. Xalqımız əmin olsun ki, Silahlı Qüvvələrimiz əldə etdiyi Zəfəri daim qoruyub saxlayacaq, dövlətimizin ərazi bütövlüyünü hər zaman təmin edəcəkdir. Bizim əsas gücümüz və qüdrətimiz Ali Baş Komandanın vahid rəhbərliyi altında formalaşan dövlət-xalq-ordu birliyindədir, bu birlikdən güc alan hərbçilərimiz istənilən mübarizədə zəfər qazanmaq əzmindədirlər.
Abdulla Əliyev,
Salyan rayon Sarvan kənd tam orta məktəbinin hərbi rəhbəri,
Vətən müharibəsi iştirakçısı, YAP fəalı
