AZƏRBAYCAN-İSRAİL TƏRƏFDAŞLIĞI YENİ MÜSTƏVİYƏ QƏDƏM QOYUR

Cəmiyyət

 

Bu ölkədə səfirliyimizin açılması münasibətlərimizi daha da möhkəmləndirəcək

Azərbaycanın İsrail dövlətində (Təl Əviv şəhərində) səfirliyi ötən ilin noyabr ayında təsis edilib. Azərbaycanın İsraildəki ilk səfiri təyin olunmuş Muxtar Məmmədov etimadnaməsini martın 2-də İsrail Xarici İşlər Nazirliyinə, martın 26-da isə İsrail Prezidenti İsaak Hersoqa təqdim edib. Azərbaycanın İsraildəki səfirliyinin sabah açılması gözlənilir.

Möhkəm Azərbaycan-İsrail tərəfdaşlığı siyasi-iqtisadı, hərbi əməkdaşlıq kimi məsələlərdə yalnız qarşılıqlı maraqlara deyil, eyni zamanda uzun illərdən bəri davam edən dostluğa söykənir. Bunun nəticəsidir ki, iki ölkə arasındakı əməkdaşlıq əlaqələri də gündən-günə möhkəmlənir Azərbaycanın İsraildə səfirlik açması bu baxımdan mühüm siyasi hadisədir.

Dostluğumuzun təməli dərin tarixi əlaqələrə söykənir

Milli Məclisin deputatı Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fəzaıl Ağamalı bildirib ki, dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biri də İsrail olub. Etiraf etmək lazımdır ki, bu əməkdaşlığı möhkəmləndirən mühüm amillərdən biri də azərbaycanlılarla yəhudilər arasında mövcud olan dərin tarixi əlaqələrdir.

“Azərbaycan və İsrail xalqları bir-birilərinə hər zaman nümunə ola biləcək münasibət sərgiləyiblər. Həm də uzun illər ərzində bu əlaqələri qoruyub saxlamağı və inkişaf etdirməyi bacarıblar. Yəhudilərə qarşı ayrı-ayrı ölkələrdə müşahidə edilən diskriminasiyalar ölkəmizdə heç vaxt özünü göstərməyib. Təsadüfi deyil ki, Azərbaycanın gözəl guşələrindən biri olan Qubada Qırmızı qəsəbədə yəhudilər Azərbaycan xalqının tərkib hissəsi kimi firavan yaşayır və dövlətimizin imkanlarından yüksək səviyyədə bəhrələnirlər, İsraillə Azərbaycan münasibətlərinin inkişaf etməsində, təbii ki, səfirliklərin açılması mühüm əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki İsrailin Azərbaycanda fəaliyyət göstərən səfirliyi dostluq əlaqələrimizin möhkəmləndirilməsinə ciddi töhfələr verib və verməyə davam edir” – deyə deputat qeyd edib.

 

F.Ağamalı deyib ki, Azərbaycanın da İsraildə səfirlik açması zamanın tələbi idi. “Bu məsələ aktual olduğu üçün Milli Məclisdə dəfələrlə müzakirə edilmişdi. Lakin müəyyən amillərdən dolayı, xüsusilə də fars-molla rejiminin Azərbaycana qarşı düşmənçilik münasibətini gücləndirməmək və İranla əlaqələrimizi pozmamaq üçün ehtiyat tədbirlərimiz və sair bu kimi amillər səfirliyin açılmasını təxirə salırdı. Buna baxmayaraq, Azərbaycan-İsrail əlaqələri müxtəlif platformalarda inkişaf etdirilirdi. Azərbaycanın 44 günlük müharibədə erməni faşistləri üzərində qələbəsindən sonra isə İran düşmən mövqeyini açıq şəkildə ifadə etməyə başladı. Hayastana hər cür yardımını göstərdi. Eyni zamanda müxtəlif vaxtlarda ölkəmizə qarşı təxribatlar törətməkdən, təhdidlər yağdırmaqdan çəkinmədi. Beləliklə, işğala məruz qalmış torpaqlarını azad etmiş, bölgədə yeni reallıqlar yaratmış bir dovlət kimi Azərbaycan nəhayət ki, dost ölkə olaraq İsraildə səfirlik açmağa qəti qərar verdi. Bu iki ölkə arasındakı münasibətlərin ən yüksək səviyyədə davam etdirilməsi üçün vacibdir”.

“Azerbaijan-news.az” saytı

Nəzrin Qardaşxanova

28 mart 2023-cü il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir