İtaliya Azərbaycan arasında siyasi-iqtisadi və mədəni əlaqələr uzun illərdir ki, davam edir. Azərbaycan və İtaliya arasında münasibətlərin artan xətt üzrə inkişaf etdiyi günün reallığıdır. Əminliklə demək olar ki, hər iki ölkə Avrasiyanın enerji xəritəsinin hazırlanmasında müstəsna rol oynayır. Avropa İttifaqının vacib dövlətlərindən olan İtaliya ilə əlaqələrin iqtisadi inkişafı təbii ki, siyasi dialoqun nəticəsidir.
İtaliya-Azərbaycan əlaqələrindən danışarkən ilk növbədə enerji layihələri nəzərdə tutulur. Ələlxüsus indiki halda İtaliyanın Avropa İttifaqının vacib dövlətlərindən biri olması gələcəkdə Xəzərdən və Xəzər vasitəsi ilə enerji resurslarının Aİ-yə nəqli məsələlərində Romanın dəstəkləyici qüvvə kimi çıxış etməsi imkanını genişləndirir. Bu gün beynəlxalq müstəvidə davam edən enerji böhranı, xüsusilə Avropanın qaz böhranından çıxarılmasında Bakı və Romanın əməkdaşlığı qoca qitəyə nəfəs verməklə bir neçə dövlətin enerji böhranından xilas olmasına gətirəcək.
Qeyd edim ki, İtaliya Azərbaycan enerji əlaqələrinin inkişafı 2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalanmaqla başladı. Bu, Cənub Qaz Dəhlizi layihəsi üçün əsas məsələ oldu. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. Daha sonra 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TAP kəmərinin tikintisi ilə bağlı razılıq əldə edildi. Yeri gəlmişkən, bu layihənin reallaşması da heç də asanlıqla baş verməyib. İtaliyada müəyyən qüvvələr TAP layihəsinə qarşı uzun müddət idi ki, mübarizə apararaq guya ekoloji vəziyyətdən narahatlıqlarını dilə gətirirdi. Lakin Azərbaycanın apardığı uğurlu iqtisadi diplomatiya öz bəhrəsini verdi. Nəticədə TANAP və TAP kimi Azərbaycan milli maraqlarına cavab verən qlobal layihələrin reallaşmasına nail olduq. Aərbaycan artıq Avrasiyanın enerji xəritəsinin dəyişməsində, Rusiya Ukryana müharibəsi fonunda Avropanın enerji diversifikasiyasında mühüm rol oynayır.
Qeyd edim ki, “Trans-Adriatik” boru kəməri İtaliyaya nəql olunacaq qaz həcmləri (ildə təqribən 10 milyard kubmetr) bu ölkənin “mavi yanacağa” olan tələbatının təxminən 12 faizini təmin edəcək. Cənubi-Şərqi Avropada, TAP-la qazın nəql ediləcəyi Yunanıstan və Bolqarıstanda illik qaz tələbatı müvafiq olaraq 20 və 30 faiz ödənəcək. Bazar şərtlərindən asılı olaraq, TAP sistemdəki kiçik dəyişikliklərlə kəmərin ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmaq mümkündür. Göründüyü kimi Azərbaycan prezidenti cənab İlham Əliyevin uğurlu enerji siyasəti nəticəsində Cənubi Avropa ilə Cənubi Qafqaz aarsında enerji körpüsü yaradılıb. Bu, körpü region xalqlarının rifahına və təhlükəsizliyinin təmininə xidmət edir.
Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri ilə arasında ən iri ticarət tərəfdaşıdır ki, bu bölgədə İtaliyanın apardığı ticarətin 90%-dən çoxu Azərbaycanın payına düşür.
Hazırda iki ölkə arasında enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur.TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10%-ni qarşılayır. Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin artırılması ilə bağlı Avropa İttifaqı ilə əldə olunan razılaşmanın reallaşdırılması nəticəsində TAP vasitəsilə İtaliyanın qaza olan tələbatının ödənilməsinin iki dəfəyə qədər artacağı gözlənilir.
Cənab Prezident İlham Əliyevin İtaliyaya səfəri, imzalanan Birgə Bəyannamə iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsinin göstəricisidir. Artıq Azərbaycan Avropanın əsas enerji tərəfdaşıdır.
Nicat İsmayılov
YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə
ərazi partiya təşkilatının sədri
