
Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal
İnkişaf Agentliyinin “Technion” Texnologiya İnstitutu ilə birgə
təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni
dalğası üçün qeydiyyat davam edir.
Bu tədris dalğasında Mərkəz ilk dəfə olaraq xüsusi imkan təqdim
edir. Belə ki, proqramı uğurla başa vuranlar arasında ən yüksək
nəticə göstərən 5 məzun ölkə xaricində fəaliyyət göstərən qabaqcıl
şirkətlərdə 1 aylıq təcrübə proqramına iştirak şansıqazanaraq öz
bacarıqlarını real iş mühitində sınayacaq.
Təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dili
bilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycan
vətəndaşları müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlər
növbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinə
cəlb olunacaqlar. İsrailli mütəxəssislərin keçirəcəyi imtahanda
namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrə
bilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Daha
sonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər
təlimlərdə tam təqaüdlü formada iştirak hüququ əldə edəcək. Hər bir
mərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər sonrakı
mərhələdə iştirak hüququ qazanacaqlar.
Proqrama qəbul olanlara dərslər “Technion” Texnologiya
İnstitutunun akademik heyəti tərəfindən onların tədris
metodologiyasına əsasən keçiləcək, nəzəri və praktiki biliklər
öyrədiləcək. Təlimlər 6 ay müddətində saat 09:00-dan 16:00-a qədər
dərslər,16:00-dan 21:00-dək praktiki məşğələlər şəklində davam
edəcək.
<!—->
<!––>
Proqram çərçivəsində “Red Team” (hücum) və “Blue Team” (müdafiə)
olmaqla 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır. Komandalar
tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını
inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə “Technion”
Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.
Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq
qeydiyyatdan keçə bilərlər: https://bit.ly/AKM-7ci-dalga
Qeydiyyat 1 dekabr 2025-ci il tarixinə qədər davam edir.
Qeyd edək ki, bu günə qədər Azərbaycan Kibertəhlükəsizlik
Mərkəzinin təlim proqramından 300-ə yaxın nəfər məzun olub, hazırda
isə 60 nəfər bu sahədə təhsilini davam etdirir. Mərkəz tərəfindən
eyni zamanda məzunların məşğulluq imkanlarının artırılması ilə
bağlı da təşəbbüslər həyata keçirilir. Hazırda ən son iki dalğa
üzrə məzunların işlə təmin olma göstəricisi 80 %-dir. Mərkəzdə
ixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, ali təhsil müəssisələrində
tədrisin həyata keçirilməsi, kibermaarifləndirmə,
kibertəhlükəsizlik mütəxəssisləri üçün ixtisasartırma təlimləri,
kibertəhlükəsizlik üzrə tədqiqat və araşdırma,yerli
kibertəhlükəsizlik məhsullarının hazırlanmasına dəstəyin
göstərilməsi istiqamətində də tədbirlər həyata keçirilir.
