Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib

Baş səhifə


Azərbaycan dövlətinin müstəqilliyini bərpa etməsindən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri ölkənin milli maraqlarına cavab verən, sabitlik və təhlükəsizliyi təmin edən xarici siyasət strategiyasının yaradılması idi. Bu strateji xəttin əsasını dahi dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev formalaşdırdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı həm daxili sabitliyin bərpası, həm də Azərbaycanı beynəlxalq arenada tanıdan, ölkənin milli maraqlarını təmin edən xarici siyasət kursunun müəyyən olunması baxımından tarixi dönüş nöqtəsi oldu. O, dövlətin müstəqilliyini möhkəmləndirən, Azərbaycanı beynəlxalq əməkdaşlıq üçün açıq, etibarlı tərəfdaş kimi tanıdan konsepsiyanın müəllifi oldu.
Heydər Əliyevin yaratdığı bu strateji xəttin mərkəzində balanslaşdırılmış diplomatiya, bütün ölkələrlə qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanan münasibətlər, regional təhlükəsizliyin təşviqi və milli maraqların qətiyyətlə müdafiəsi dayanırdı. Ulu Öndərin siyasi irsinin əsas mahiyyəti ondan ibarət idi ki, Azərbaycan heç bir qütbdən asılı olmayan, müstəqil qərarlar verən, dünyada etibarlı tərəfdaş kimi qəbul edilən dövlətə çevrilsin. Bu gün ölkənin xarici siyasətinin möhkəm təməllərinin məhz həmin dövrdə qoyulması yeni mərhələdə əldə edilən uğurların ideya və siyasi başlanğıcıdır.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu siyasət daha da sistemləşdirilərək müasir dövrün reallıqlarına uyğun şəkildə inkişaf etdirilib. Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il Slovakiya səfəri zamanı mətbuata verdiyi bəyanatında səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki, Azərbaycanın xarici siyasəti həm tarixi irsə söykənir, həm də yeni çağırışları qabaqlayan dinamik, çevik və praqmatik yanaşma üzərində qurulub. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan çoxdan öz prioritetlərini müəyyən edib və bu prinsiplər onilliklərdir dəyişməz qalır.
Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri regional sabitliyin möhkəmləndirilməsi, beynəlxalq hüquqa hörmət və qarşılıqlı faydalı əməkdaşlıqdır. Bu gün Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin əsas təminatçısı, bölgədə yeni geosiyasi nizam yaradan aparıcı dövlətdir. Müstəqillik illərində ilk dəfə olaraq regionda real ədalət və tarixi həqiqət bərpa olunub, Azərbaycan öz suverenliyini tam təmin edib. Prezident İlham Əliyevin Slovakiyada verdiyi mesajlar göstərdi ki, ölkəmiz bundan sonra da sülh və əməkdaşlıq gündəliyini dəstəkləyəcək, regionda dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasına töhfə verəcək.
Azərbaycanın xarici siyasətinin strateji sütunlarından biri enerji diplomatiyasıdır. Ulu Öndərin əsasını qoyduğu bu xətt, İlham Əliyevin rəhbərliyi ilə daha geniş miqyas alıb və ölkəmizi Avropanın enerji təhlükəsizliyinin aparıcı iştirakçısına çevirib. Bu gün Cənub Qaz Dəhlizi, Qara dəniz yaşıl enerji dəhlizi və yeni alternativ enerji layihələri Azərbaycanın qlobal enerji xəritəsindəki rolunu artırır. Enerji resurslarının şaxələndirilməsi və ixrac marşrutlarının genişləndirilməsi həm ölkənin iqtisadi müstəqilliyini gücləndirir, həm də siyasi mövqeyini daha sarsılmaz edir.
Azərbaycanın xarici siyasət prioritetləri eyni zamanda beynəlxalq təşkilatlarla aktiv əməkdaşlığı, qlobal ədalət və dialoqu təşviq edən təşəbbüsləri əhatə edir. Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmiz dünyada ədalət, suverenlik və humanitar həmrəyliyi müdafiə edən aparıcı aktorlardan birinə çevrildi. Azərbaycan həm regional, həm də qlobal müstəvidə etibarlı tərəfdaş kimi formalaşıb, bu da onun çoxşaxəli diplomatiyasının uğurudur.
İqtisadi diplomatiyanın gücləndirilməsi də Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin genişləndirilməsi, yeni logistika layihələri, Avropa ölkələri ilə strateji tərəfdaşlıq platformaları ölkəmizin iqtisadi rolunu artırıb. Slovakiyayla aparılan müzakirələr də Azərbaycanın Avropa ilə siyasi, iqtisadi və enerji əməkdaşlığını daha dərinləşdirmək əzmində olduğunu göstərir.
Bir sözlə, Azərbaycanın xarici siyasət prioritetləri Ulu Öndər Heydər Əliyevin uzaqgörən nəzəriyyəsi əsasında formalaşıb və Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və praqmatik yanaşması ilə yeni inkişaf mərhələsinə yüksəlib. Bu gün Azərbaycan müstəqil, prinsipial və çoxşaxəli xarici siyasət aparan, qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınan dövlətdir. Slovakiya səfəri zamanı səsləndirilən mesajlar bir daha göstərir ki, Azərbaycan bu istiqamətdə ardıcıl və qətiyyətli siyasətini davam etdirəcək, milli maraqları daim ən yüksək səviyyədə qoruyacaq.

İxtiyar Əhmədov,
DSMF-nin 2 saylı Şirvan-Salyan regional filialının mütəxəssisi, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir