2025-ci ilin iyul ayı Azərbaycan–Özbəkistan münasibətlərində mühüm siyasi hadisə ilə yadda qaldı. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri qardaş ölkələr arasında əlaqələrin strateji səviyyəyə çatdığını bir daha təsdiqlədi. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və verilən bəyanatlar iki ölkənin həm siyasi, həm də iqtisadi platformada nə qədər yaxın əməkdaşlıq etdiyini açıq şəkildə nümayiş etdirdi.
Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında baş tutan təkbətək və geniş tərkibdə görüşlərdən sonra mətbuata birgə bəyanat təqdim olundu. Prezident İlham Əliyevin bu bəyanatı təkcə səfərin yekunu yox, həm də Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətini və perspektivlərini dolğun şəkildə ifadə edən mühüm çıxış kimi yadda qaldı.
Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin nə qədər dərin məzmunlu və gələcəyə hesablanmış olduğunu bir daha nümayiş etdirdi. Bu bəyanat sadəcə protokol xarakterli çıxış deyildi. Burada həm qardaşlığın dərin kökləri, həm də konkret əməkdaşlıq istiqamətləri çox açıq və səmimi şəkildə ifadə olundu. Prezident İlham Əliyev öz çıxışında Özbəkistan Prezidentinin Azərbaycana etdiyi dövlət səfərinin əhəmiyyətini vurğulamaqla yanaşı, bu səfərin iki ölkə üçün strateji nəticələr doğuracağını xüsusi qeyd etdi.
Dövlət başçısı bəyanatında ilk növbədə, Özbəkistanın Qarabağın bərpası prosesində oynadığı rola toxundu. Onun sözlərinə görə Qarabağın bərpasına yardım edən ilk ölkə məhz Özbəkistan olub və bu təşəbbüs Prezident Şavkat Mirziyoyevin şəxsi iradəsinin nəticəsidir. Prezident İlham Əliyev səmimi minnətdarlıqla qeyd etdi ki, bu humanist və vaxtında atılmış addım yalnız qardaşlıq jesti deyil, həm də real nəticələr verən bölgənin inkişafına yönəlmiş mühüm təşəbbüsdür. Şuşada tikilən və Mirzə Uluqbəyin adını daşıyan məktəb bu niyyətin və birgə fəaliyyətin bariz nümunəsidir. Bu təhsil ocağı artıq oraya qayıdan ailələrin övladları üçün bilik. ümid və sabahın simvoluna çevrilib.
Prezident İlham Əliyev Xankəndidə yaradılan tikiş fabrikindən də danışaraq qeyd etdi ki, bu layihə təkcə iqtisadi baxımdan deyil. həm də sosial cəhətdən böyük əhəmiyyət daşıyır. Bu fabrikdə artıq 200-dən çox insan işləyir və müəssisənin genişləndirilməsi gözlənilir. Belə təşəbbüslər Prezidentin də vurğuladığı kimi, sabitliyin və sosial rifahın möhkəmləndirilməsi baxımından olduqca vacibdir.
Bəyanatda iqtisadi əməkdaşlıq da xüsusi yer tutdu. Dövlət başçısı Azərbaycanın və Özbəkistanın 500 milyon dollarlıq birgə İnvestisiya Fondunun artıq fəaliyyətə başladığını və ondan çox layihə üzrə qərar mərhələsinə gəlib çatıldığını bildirdi. Bu fond vasitəsilə energetika kənd təsərrüfatı turizm və tikinti sahələrində birgə layihələr icra ediləcək. Prezident İlham Əliyev bunun hələ başlanğıc olduğunu və əməkdaşlıq həcminin gələcəkdə dəfələrlə artacağını əminliklə qeyd etdi. Özbəkistanın kənd təsərrüfatı sahəsindəki xüsusilə pambıqçılıq və ipəkçilik üzrə təcrübəsinin Azərbaycan üçün böyük maraq doğurduğu və bu istiqamətdə birgə müəssisələrin yaradılmasının planlaşdırıldığı da bəyanatda əksini tapdı.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər məqam nəqliyyat sahəsində əməkdaşlıqla bağlı idi. O, Orta Dəhliz layihəsinin praktiki mərhələyə keçdiyini və bu çərçivədə Azərbaycan və Özbəkistanın fəaliyyətlərini koordinasiya etdiyini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, bu əməkdaşlıq yalnız iki ölkə üçün deyil, region üçün də strateji əhəmiyyət kəsb edir. Bu infrastruktur təşəbbüsü ticarət tranzit və iqtisadi inkişaf baxımından mühüm rol oynayacaq.
Prezidentin bəyanatında mədəniyyət və humanitar əlaqələrin simvolu kimi Bakıda salınacaq Özbəkistan Parkına da xüsusi yer ayrıldı. Bu park yalnız yaşıllıq zonasından ibarət deyil, o həm də iki xalqın bir-birinə olan ehtiramını əks etdirən unikal bir mədəniyyət mərkəzi olacaq. Parkın memarlıq üslubu Özbəkistanın tarixi və milli motivlərini əks etdirəcək, burada özbək sənətinə aid guşələr mədəniyyət pavilyonları və istirahət zonaları yaradılacaq. Bu park iki ölkə xalqlarının yaxınlığını gündəlik həyatın bir parçasına çevirmək baxımından xüsusi dəyər daşıyacaq.
Bəyanatın ən yaddaqalan hissələrindən biri isə Prezidentin Azərbaycan və Özbəkistan münasibətlərini xarakterizə edən fikri oldu: “Biz dost, qardaş olacağıq və birlikdə çalışacağıq”. Bu cümlə sadəcə diplomatik ifadə deyil, hər iki ölkənin siyasi iradəsinin xalqlarının bir-birinə olan sevgisinin və gələcəyə yönəlik ortaq niyyətlərinin ən sadə və ən güclü ifadəsidir.
Beləliklə, Prezident İlham Əliyevin bəyanatı göstərdi ki, Azərbaycan və Özbəkistan münasibətləri artıq yeni bir mərhələdədir. Bu münasibətlər yalnız bəyannamələr və görüşlərlə məhdudlaşmır, real layihələrlə sosial təşəbbüslərlə və dərin etimada əsaslanan əməkdaşlıqla zənginləşir. Bu, təkcə bu günün yox, gələcək nəsillərin də faydalanacağı strateji tərəfdaşlıq modelidir.
Sübhan Xəlilov,
Salyan rayon Çuxanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru, YAP fəalı
