Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq konfransda verdiyi bəyanatlar və irəli sürdüyü fikirlər regionun gələcəyi ilə bağlı inkişafı müəyyən edən siyasi hadisədir

Siyasət

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilmişdir. Azərbaycanın bütün məsələlərə strateji baxışı, yanaşması, iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı və təsəvvürü var. Azərbaycan bu ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaqdır.Bu uğurlar Azərbaycanın dünyada artan nüfuzunun və imicinin birbaşa göstəricisidir. Azərbaycanın beynəlxalq miqyasda qazandığı uğurların kökündə ilk növbədə ölkəmizin etibarlı siyasi və iqtisadi tərəfdaş olması, qətiyyətli və prinsipial mövqe tutması, sülhə və əmin-amanlığa layiqli töhfələr verməsidir.
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransın son illərin akademik xarakter daşıyan ən mühüm siyasi intellektual hadisəsi kimi hələ uzun müddət dünyanın aparıcı beyin mərkəzlərinin, analitik resursların tədqiqat predmetinə çevriləcəyinə şübhə edilmir. Çünki Prezident İlham Əliyevin dünyanın aparıcı beyin mərkəzlərinin rəhbər və təmsilçilərinin suallarına cavabları, mahiyyət etibarilə özü haqqında danışır, həmçinin bu və ya digər mövzunun, istiqamətin daha dərindən təhlil edilməsinə yer qoymur. Cavablar zatən dərin və hərtərəflidir.Prezident İlham Əliyevin cavabları ən müxtəlif istiqamətləri əhatə etsə də, mahiyyət etibarilə vahid və konseptual bir siyasi platformanın tərkib hissəsi kimi nəzərə çarpırdı və özündə ən müxtəlif siyasi nəzəriyyələrin, tarixin, mövcud geosiyasi reallıqların ciddi və hərtərfli təhlili nəticəsində ortaya çıxan baxış bucağını əks etdirirdi. Kəsəsi, dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçilərinin, analitiklərinin suallarını regional və qlobal prosesləri çoxsaylı “institutların” süzgəcindən keçirən vahid BEYİN MƏRKƏZİ cavablandırırdı…
Azərbaycan Prezidenti İlham Əliyev konfrans zamanı çox ciddi məsələlərə toxunaraq, əgər Ermənistanın Cənubi Qafqazın ümumi təhlükəsizliyinə töhfə verməsə, kənarda qalsa,hər şeydən çox özlərinin ziyan çəkəcəyini bildirdi. Azərbaycan Vətən müharibəsində qalib gələn və hazırda şərtləri diktə edən tərəfdir. Odur ki, Ermənistan hakimiyyəti Azərbaycanın tələblərinə daha diqqətli yanaşmalı, mövcud problemlərin aradan qaldırılması, o cümlədən, nəqliyyat infrastrukturunun bərpası kimi aktual məsələlərə töhfə verməyə çalışmalıdır. Çünki, müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. İnformasiya təxribatları bu gün də davam edir. Azərbaycan təkcə döyüş meydanında və diplomatik masada qalib deyil, eyni zamanda informasiya və media müstəvisində də qalibdir və hələ də aktiv mübarizə aparır. Postmüharibə dövründə göstərilən səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır.
Prezident İlham Əliyev konfransda quruculuq işlərində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edərək, özünün baxışını, sülhsevər siyasətini,Cənubi Qafqazın bütövlükdə sülh və əməkdaşlıq məkanına çevrilməsi istiqamətində fəaliyyət planı və yol xəritəsini ortaya qoydu.Bu fəaliyyət planının ən vacib tərkib hissəsi kimi Azərbaycan sülh prosesinə sadiqliyi, o cümlədən beynəlxalq hüququn prinsiplərinə əməl olunması mövqeyini yenidən bəyan etdi. Azərbaycan Prezidenti İlham Əliyevin toxunduğu məsələlər mövcud reallıqdan və gələcək planlardan xəbər verir. Eyni zamanda İlham Əliyev bildirdi ki, ”Azərbaycanın gələcək inkişafı ilə bağlı planlar genişdir və onların həyata keçirilməsi üçün bütün imkanlar mövcuddur. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Dövlət başçısı İlham Əliyev konfransda bir daha bu çağırışı etdi ki, biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik.Artıq sülh sazişini imzalamağın vaxtı gəlib. Belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik. Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Bu, özü gözəl bir bünövrə olar”. Ölkə başçısı istər postmüharibə dövründə görülən işlərdən, istər sülh müqaviləsi haqqında, istərsə də mavi yanacağa artan tələbatın ödənilməsində Azərbaycanın görəcəyi işlər barədə konseptual yanaşmanı, eyni zamanda, bir sıra prioritetləri də açıqlamışdır.
Son vaxtların siyasi prosesləri göstərdi ki, Azərbaycan Qafqazda sağlam siyasi və iqtisadi mühitin yaranmasının bilavasitə təminatçısıdır. Ermənistanın Azərbaycanın torpaqlarını otuz ilə yaxın işğal altında saxlaması Cənubi Qafqazda sülhə ən böyük mane olmaqla, regionun vacib mövqeyindən səmərəli istifadəni məhdudlaşdırmışdı. Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bölgədə yeni mərhələnin, yeni geostrateji vəziyyətin yaranmasının da təməlini qoymuş oldu. Ölkəmiz münaqişənin sülh yolu ilə həllinə dair bütün təşəbbüsləri dəstəkləmiş, problemin ölkəmizin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli istiqmətində lazımi iradə ortaya qoymuşdur. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanıb ki, bu da Azərbaycan dövlətinin gücünü göstərir. Bu gün bütün dünya müharibədən qalib çıxan Azərbaycanın bölgədə söz sahibi olduğunu, vədi ilə əməlinə daim sahib çıxdığını yaxşı başa düşür. Hazırda Qarabağ və Şərqi Zəngəzurda sürətlə aparılan genişmiqyaslı bərpa quruculuq işləri də bunu deməyə əsas verir. Beynəlxalq aləm də birmənalı şəkildə Azərbaycanın öz sərhədlərinin ədalətli şəkildə müəyyənləşdirilməsi, özgə torpağına göz dikməməsi mövqeyində olduğunu dərk edir. Ona görə də Azərbaycan sülh sazişini beynəlxalq hüquqda nəzərdə tutulan maraqları çərçivəsində imzalanmasına maraqlıdır. Azərbaycan dövləti sülh danışıqlarına hər zaman sadiq olmuşdur. Ölkəmiz istər ən ağır siyasi və iqtisadi durumunda, torpaqları işğal altında olduğu dönəmdə, istərsə də regionun ən inkişaf etmiş dövlətinə çevrildiyi və ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda sülhün, əməkdaşlığın və inteqrasiyanın tərəfdaşı olub. Amma bütün bu layihələrin birtərəfli icrası mümkünsüzdür. Ermənistan da Cənubi Qafqazın ümumi gələcəyi naminə illərdir Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasətinə son qoymalı, onun planlaşdırılması prosesinə qoşulmalıdır.Azərbaycanın dünya miqyasında aparıcı söz sahiblərindən birinə çevrilməsini sübut edən əsas amillərdən biri kimi ölkəmizin Ermənistan üzərində əldə etdiyi diplomatik qələbəni göstərmək olar. Artıq beynəlxalq səviyyədə böyük və ya kiçikliyindən asılı olmayaraq demək olar ki, əksər dövlətləri Ermənistanı işğalçı ölkə kimi tanımaqdadır.Əlbəttə ki, bütün bunlar Azərbaycanın artan gücü, beynəlxalq miqyasda öz mövqeyini qəbul etdirmək bacarığı sayəsində mümkün olmuşdur. Azərbaycan dövlətinin öz torpaqlarını işğaldan azad etməsi ilə region yeni mərhələyə daxil olub və ölkəmiz indi gələcəyə fokuslanıb, əməkdaşlıq və inkişaf naminə yeni səhifə açmağa hazırdır. Bu gün işğaldan azad olunmuş ərazilərdə ölkə və beynəlxalq əhəmiyyətli layihələr, bərpa və quruculuq işləri davam etdirilir.Həmin ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi ilə erməni vəhşiliyi dünyaya real vəziyyətdə, maddi sübut şəkilində təqdim olunur.Şübhəsiz ki, təkzibedilməz vandalizm, dağıntılar, vəhşiliklər, işğalın çoxsaylı nəticələri və Azərbaycanın bu fonda yaratdığı reallıq Cənubi Qafqazda əməkdaşlıq istiqamətində gələcək addımlarının müəyyənləşdirilməsində mühüm rol oynayacaq.
Azərbaycanın ölkə miqyasında, eləcə də dünya miqyasında əldə etdiyi böyük uğurlar Prezident cənab İlham Əliyevin müəyyənləşdirdirdiyi və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış siyasət və yorulmaz fəaliyyəti nəticəsində mümkün olmuşdur. Həyata keçirilən uğurlu xarici siyasət və ölkə başçısının qətiyyəti, diplomatik məharəti nəticəsində Azərbaycanın yaratdığı yeni reallıqlar artıq qonşu ölkələr, dünyanın böyük dövlətləri, eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilib. Bu gün Azərbaycan dövlətinin həyata keçirməkdə olduğu uğurlu siyasət ölkəmizin dünya səviyyəsində əhəmiyyətini artırmaqda və həlledici söz sahiblərindən biri kimi mövqelərini gücləndirməkdədir.
Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq konfransda verdiyi bəyanatlar və irəli sürdüyü fikirlər regionun gələcəyi ilə bağlı inkişafı müəyyən edən siyasi hadisədir.

Malik Mustafayev
Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru, Yeni Azərbaycan Partiyasının üzvü

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir