Azərbaycan-Qazaxıstan tərəfdaşlığı gələcəyə yönəlmiş əməkdaşlıq modelidir

Baş səhifə


Azərbaycan və Qazaxıstan münasibətləri bu gün təkcə siyasi və iqtisadi müstəvidə deyil, həm də enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə çoxşaxəli tərəfdaşlığın nümunəsinə çevrilib. İki qardaş ölkə qarşılıqlı etimad və strateji baxış əsasında qurulan bu əməkdaşlığı dayanıqlı gələcəyə doğru ardıcıl şəkildə inkişaf etdirir.
Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibəsində də bu münasibətlərin yeni istiqamətləri və perspektivləri geniş şəkildə əksini tapıb. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan ilə Qazaxıstan arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq yalnız iqtisadi deyil, eyni zamanda strateji xarakter daşıyır və regionun ümumi inkişafına mühüm töhfə verir.
Neft-qaz sektorunda SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında imzalanmış baş saziş bu sahədə qarşılıqlı maraqların və uzunmüddətli əməkdaşlığın bariz göstəricisidir. Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti, həmçinin 2024-cü ildə imzalanmış tariflərin aşağı salınması və həcmlərin mərhələli şəkildə artırılması barədə sazişlər Orta Dəhlizin potensialını daha da genişləndirir. Aktau və Ələt limanları arasında daşımaların səmərəliliyinin artırılması məqsədilə həyata keçirilən infrastruktur layihələri bu istiqamətdə yeni imkanlar açır və Avropa ilə Asiya arasında enerji və logistika əlaqələrinin strateji körpüsünə çevrilir.
Sənaye əməkdaşlığının mühüm sahələrindən biri olan gəmiqayırma da bu qarşılıqlı fəaliyyətin vacib istiqamətinə çevrilib. Gəmiqayırma üzrə tərəfdaşlıq həm Xəzər hövzəsində nəqliyyat imkanlarının artırılmasına, həm də regionda müasir texnoloji potensialın formalaşmasına xidmət edir.
Eyni zamanda, yaşıl energetika sahəsində birgə təşəbbüslər Azərbaycan-Qazaxıstan münasibətlərinin gələcəyə yönəlmiş prioritetlərini aydın şəkildə göstərir. Prezident İlham Əliyevin müsahibəsində vurğulandığı kimi, bərpaolunan enerji mənbələrinin təşviqi və ekoloji dayanıqlığın təmin olunması sahəsində əməkdaşlıq artıq ikitərəfli gündəliyin əsas tərkib hissəsinə çevrilib. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsinə, alternativ enerji layihələrinin reallaşdırılmasına dair mühüm sazişlər və memorandumlar imzalanıb. Bu təşəbbüslər regionun enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, ölkələrimizin davamlı inkişafa və ekoloji cəhətdən təmiz texnologiyalara keçidə birgə sadiqliyini nümayiş etdirir.
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq isə Azərbaycan-Qazaxıstan münasibətlərinin strateji və mənəvi dayağıdır. 2009-cu ildə Naxçıvanda əsası qoyulan bu təşkilat türk xalqları arasında birliyin, qarşılıqlı hörmətin və qardaşlığın simvoluna çevrilib. Son illərdə TDT-nin inkişafı, onun nüfuzunun və təsir dairəsinin genişlənməsi məhz üzv ölkələrin siyasi iradəsi və birgə səyləri sayəsində mümkün olub. Keçən il Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə Görüşü, bu il isə Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü türk birliyinin daha da güclənməsinə, siyasi, iqtisadi və hərbi sahələrdə koordinasiyanın artmasına xidmət edib. Hər iki toplantı Türk dünyasının qlobal arenada artan nüfuzunun və həmrəyliyinin parlaq təzahürüdür.
TDT çərçivəsində mədəniyyət, elm və təhsil istiqamətində əməkdaşlıq da sistemli və ardıcıl xarakter daşıyır. Beynəlxalq Türk Akademiyasının fəaliyyəti, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) kimi qurumların birgə təşəbbüsləri türk xalqları arasında elmi və mədəni inteqrasiyanı möhkəmləndirir. Bu çərçivədə keçirilən festivallar, sərgilər, konfranslar və ədəbi tədbirlər xalqlarımızın ortaq dəyərlərini təbliğ edir və qarşılıqlı mədəni zənginləşməni təmin edir.
Tarixi baxımdan da bu birliyin dərin kökləri var. Prezident İlham Əliyev müsahibəsində 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın əhəmiyyətini xatırladaraq qeyd edib ki, həmin forum türk elminin və mədəniyyətinin inkişafında mühüm mərhələ olub. Gələn il bu möhtəşəm hadisənin 100 illiyi tamam olur və TDT çərçivəsində təntənəli şəkildə qeyd olunması planlaşdırılır. Bu, həm tarixi irsə hörmətin, həm də gələcəyə yönəlmiş birliyin təcəssümüdür.
Mədəni sahədə əməkdaşlığın artması xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi bu dostluğun bariz nümunələrindəndir. Bu tədbirlər yaradıcılıq əlaqələrinin genişlənməsinə, xalqlarımız arasında mədəni və mənəvi bağların daha da möhkəmlənməsinə xidmət edir. Qazax ədəbiyyatının görkəmli nümayəndəsi Kemel Tokayevin “Gecə açılan atəş” adlı əsərinin Azərbaycan dilinə tərcüməsi və nəşri, həmçinin onun 100 illiyi ilə yanaşı, Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunmuş beynəlxalq konfransların təşkili bu qarşılıqlı mədəni yaxınlığın daha bir təzahürüdür.
Bütün bu faktlar göstərir ki, Azərbaycan və Qazaxıstan əlaqələri artıq klassik diplomatik münasibətləri aşaraq, siyasi, iqtisadi, mədəni və mənəvi birliyə əsaslanan qardaşlıq modelinə çevrilib. Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsində səsləndirdiyi fikirlər bu strateji istiqamətin mahiyyətini dolğun şəkildə ifadə edir — Azərbaycan və Qazaxıstan təkcə ortaq tarix və dəyərləri bölüşən iki dövlət deyil, həm də sabitlik, inkişaf və türk birliyinin gələcəyi naminə birlikdə addımlayan iki qardaş xalqdır.

Elvin Ağayev,
YAP Salyan rayon təşkilatının gənc fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir